AZ EN RU

Əməkdar həkimin 70 illik yubileyi qeyd edilib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Uşaq nevroloji şöbəsinin müdiri Yazgül Rzayevanın 70 illik yubileyi qeyd olunub. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, 15 mart 1952-ci ildə Naxçıvan şəhərində  anadan olan Yazgül Rzayeva 1975-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirmiş və 1976-cı ildən Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim-nevropatoloq kimi fəaliyyətə başlamışdır. 1991-ci ildən həmin xəstəxananın Nevrologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və hazırda həmin vəzifədə fəaliyyətini davam etdirməkdədir.    
    O həm də ictimai fəaliyyəti ilə fərqlənmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Yazgül Rzayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatı, Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavinidir. 
    Qeyd olunub ki, Yazgül Rzayeva həkimlik peşəsi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 2001-ci ildən Naxçıvan Dövlət Universitetində baş müəllim kimi fəaliyyət göstərməklə həkim kadrların hazırlanmasına öz töhfəsini verməkdədir. 
    Əhalinin sağlamlığı keşiyində dayanan tibb işçiləri kimi Yazgül Rzayevanın da əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülmüş və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 mart tarixli Sərəncamı ilə “Tərəqqi”  medalı ilə təltif edilmişdir. 
    Emin Məmmədov Yazgül Rzayevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.   
     Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov muxtar respublikada səhiyyəyə göstərilən diqqət və qayğıdan söz açaraq vurğulayıb ki, ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlət başçısı cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına stimul verib. Qəbul olunmuş Dövlət proqramlarının icrası insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə, əhəmiyyətli dərəcədə yaxşılaşmasına müsbət təsirini göstərib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilməli olan məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılıb. Səhiyyə müəssisələri üçün yeni və müasir binaların tikintisi, onların maddi-texniki bazalarının gücləndirilməsinə ciddi önəm verilir.
    Bildirilib ki, xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə böyük ehtiram göstərilib. Belə həkimlərdən biri də Yazgül Rzayevadır. O, pediatriya sahəsində, xüsusən də uşaq nevrologiyasının inkişafı və tərəqqisində xüsusi xidmətlər göstərmişdir. 
    Nazir çıxışında yubilyarı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb, göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
    Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov bildirib ki, muxtar respublikada səhiyyənin inkişafında mühüm xidmətlər göstərmiş həkimlər sırasında Yazgül Rzayevanın adı layiqli yerlərdən birini tutur. Yüzlərlə körpəyə sağlamlıq bəxş edən, gördüyü bu nəcib işdən hədsiz zövq alan Yazgül həkim özünün biliyi, təcrübəsi, peşəkarlığı və şəxsi keyfiyyətləri ilə tanınır.
    Tədbirdə illərdir, çiyin-çiyinə çalışan iş yoldaşları və gənc həkimlər yubilyar həmkara təbriklərini çatdırıblar.
    Sonda Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Yazgül Rzayeva göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 15.03.2022 20:12