AZ EN RU

Əmək yarmarkası olub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət proqramının icrası ilə əlaqədar ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib.     
    Aprel ayında ilk əmək yarmarkası Kəngərli rayonunda təşkil olunub. Hərbi xidmətdən yeni tərxis edilmiş gənclərin də iştirakı ilə keçirilən əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 19 müəssisədən  107 boş iş yeri təqdim edilib. Nəticədə, 32 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 4 nəfərin özünüməşğulluq proqramına, 3 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb. 

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 18:12