AZ EN RU

Əmək yarmarkası keçirilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabr ayında növbəti əmək yarmarkası Kəngərli rayonunda təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində əmək yarmarkalarının təşkili diqqət mərkəzində saxlanılır. Əmək bazarına çıxışının dəstəklənməsi üçün yarmarkalarda işaxtaran vətəndaşlara vakant iş yerləri təklif olunur və müvafiq hallarda göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə bu tədbirlər vasitəsilə peşə hazırlığına cəlb edilirlər. Əmək yarmarkalarında, həmçinin vətəndaşların ödənişli ictimai iş yerlərinə, özünüməşğulluq proqramına cəlb olunması üçün də qeydiyyatı aparılır.     
    Növbəti əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 17 müəssisədən 107 boş iş yeri təqdim edilib. Nəticədə, 29 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Naxçıvan Muxtar Respublikası 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.10.2022 19:33