AZ EN RU

Əmək pensiyalarının minimum məbləğinin artırılması muxtar respublika üzrə 4 min 600 pensiyaçıya şamil ediləcəkdir

    Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və digər ödənişlərin minimum məbləğlərinin artırılması istiqamətində görülən tədbirlər dövlətin əsas prioritetlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında”  5 yanvar 2023-cü il tarixli Sərəncamı  da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən tədbirlərin davamıdır. Sərəncama əsasən əmək pensiyasının minimum məbləğinin artırılaraq 280 manat müəyyən olunması nəzərdə tutulur.
    Sərəncama uyğun olaraq əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyalarının məbləği 280 manata çatdırılacaqdır. Beləliklə, minimum əmək pensiyasının məbləği 16,7 faiz artırılır ki, bu da bir neçə ildir, minimum pensiyanın yüksək məbləğdə artırılmasının göstəricisidir. Minimum pensiyanın artırılması muxtar respublika üzrə, ümumilikdə, 4 min 600 əmək pensiyaçısına şamil ediləcəkdir. 
    Ölkə başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq işlər həyata keçiriləcəkdir və əmək pensiyalarının minimum məbləğinin artırılaraq pensiyaçılara ödənilməsi təmin ediləcəkdir.

 Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 06.01.2023 19:34