AZ EN RU

Elmi-praktik konfrans olub

    Naxçıvan Müəllimlər İnstitutunun Ali riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müxtəlif ixtisaslar üzrə müəllimləri üçün “Fəal interaktiv təlimin tətbiqində İKT-dən istifadə imkanları” mövzusunda elmi-praktik konfrans keçirilib.
    Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov tədris prosesində təlimin keyfiyyətinin artırılması məqsədilə tətbiq olunan fəal interaktiv metodlardan istifadə zamanı İKT və digər vasitələrin əhəmiyyətindən danışıb. 
    Sonra Ali riyaziyyat və informatika kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanovun “Bəzi təlim üsullarında İKT-nin rolu”, kafedranın müəllimi Fidan Əzizovanın “Təlim strategiyalarında Web 2.0 alətlərindən istifadə”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllimi İlhamə Quliyevanın “İbtidai siniflərdə fənlərin tədrisində İKT-nin imkanlarından istifadə” və Şərur şəhər Çəmənli kənd tam orta məktəbinin müəllimi Leyla Qurbanovanın “Azərbaycan dili dərsində söz assosiasiyaları metodundan istifadə” mövzularında çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, ibtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı, ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin kompüterlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynayır. 
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 16.03.2022 20:14