AZ EN RU

Elmi konfrans

    AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının birgə iştirakı ilə böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.
    Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük alim Nəsirəddin Tusinin həyatı və elmi yaradıcılığına nəzər salıb. Onu elmin dühası, fitri istedada malik elm xadimi kimi xarakterizə edib. Qeyd olunub ki, elmin bütün sahələri üzrə 100-dən artıq əsər müəllifi olan Tusi dünyada fundamental əsərlər müəllifi kimi tanınır. O, elm sahəsindəki yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsidir. 
    Bölmənin Təbii Ehtiyatlar İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru  Bayram Rzayev konfransda “Bəşəri düha Nəsirəddin Tusi təlim və tərbiyə haqqında”, Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Vəfa Qafarova “Marağa rəsədxanasının əməkdaşları” və Faidə Hüseynova “Nəsirəddin Tusi və riyaziyyat”, Batabat Astrofizika Rəsədxanasının baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev isə “Şərqdə astronomiyanın inkişafında Marağa rəsədxanasının rolu” mövzularında məruzə ediblər.
    Məruzələrdə böyük alimin həyatı, fəaliyyəti, elmi irsi, əsərləri və Marağa rəsədxanası haqqında geniş məlumat verilib, görkəmli mütəfəkkirin alim və ictimai xadim kimi fəaliyyətindən də bəhs olunub, müasirlərinin onun haqqındakı fikirləri diqqətə çatdırılıb. 

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 18.02.2022 21:30