AZ EN RU

Əlincə qalasından səslənən Vətən sevgisi və ya dağlar qoynunda əbədiləşən şəhidlərin xatirəsi

Tarixin bütün dövrlərində mətinliyi, mübarizliyi, azadlıqsevərliyi ilə seçilən xalqımız həm də iradəsi, dəyanəti, döyüş meydanında göstərdiyi şücaəti ilə şöhrət qazanıb, adı Zəfərlə qoşalaşıb, mərdliklə, mübarizliklə bütünləşib. Yeraltı və yerüstü sərvətləri, bəşəri dəyərləri, elm-irfan ocaqları, sənət məbədgahları ilə bədnam qonşuların, habelə dünyanın bir çox siyasi güclərinin nəzərində olan diyarımız müstəqilliyi yolunda çalışıb, öz el-obasından düşmənə “pay” verməmək üçün haqq-ədalət sınağına çəkilib. Amma heç zaman sınmayıb, əməlindən dönməyib, namərdə göz açdırmayıb, dostuna arxa-dayaq, ümid, düşməninə gözdağı olub. Dönüb tarixin daşlaşmış, hər cümləsi al qanla yazılmış sətirlərinə baxsaq, görərik ki, bunlara nail olmaq xalqımıza asan başa gəlməyib. Çətinliklər, çalxantılar, xəyanətlər... bir-birinin ardınca gəlsə də, bu hadisələr bizi yormayıb, əksinə, xalqımızı qüdrət taxtına çıxarıb. Vətənin qeyrətli oğulları, el qədir-qiyməti bilən azadlıq sevdalıları, şəhadət yolunda can qoyan, ərlik göstərən yurdumuzun igidləri üçrəngli bayrağımızı azad Vətən səmasının ənginliklərinə ucaldıb. Bu fədakarlığı unutmayan, unutdurmayan xalqımız bu gün də şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəmanlarımızın adını yaşadır, yaşatdırır. Öz istiqlaliyyətinin fövqündə dayanan dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı göstərilir, onları elimizin insanları  şəhid ailələrini öz ailəsi bilir, şəhid övladlarını isə öz övladları.

44 günlük Vətən müharibəsindən sonra sağlamlığını itirmiş qazilərimizin, öz canı, qanı bahasına əbədi Zəfəri yurdumuza bəxş etmiş şəhid ailələrinin rahat və firavan həyatı üçün muxtar respublikamızda uğurlu layihələr icra edilir, qazilərin psixoloji və fiziki sağlamlığı daim diqqətdə saxlanılır, onlara mənzillər, avtomobillər hədiyyə olunur. Bir sözlə, şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı muxtar diyarımızda həyata keçirilən uğurlu dövlət siyasətinin əsasını təşkil edir.

Məlumat üçün qeyd edək ki, noyabr ayının 7-də muxtar respublikamızın bir sıra vətənpərvər gənclərinin, şəhid ailələri və qazilərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş qeyd etdiyimiz tədbirlərin davamı kimi yaddaşlara yazıldı. Həmin gün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanından start götürən yürüş iştirakçıları qələbə ovqatlı şüarlar səsləndirərək yeni yaradılan Zəfər Parkını ziyarət ediblər, ardınca Əlincə qalasına səfər olub.

Əlincə qalasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əlincəqala Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının əməkdaşı Azər Məmmədov çıxışlarında bildiriblər ki, qəhrəman oğullarımızın xatirəsini yaşatmaq məqsədilə keçirilən tədbir Əlincəqalanın əsrlərə, qərinələrə sığmayan tarixində daha bir iz buraxıb. Xalqımız hər zaman qəhrəman oğullarının adını uca tutub, onların xatirəsini əziz saxlayıb və bundan sonra da onların mənalı ömürləri, həyatları hər bir gəncə örnək olacaqdır. Şəhid valideynlərindən şəhid Emin Sadiqovun anası Gülşad Sadiqova, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov və qazi Əli Əlisoy tədbirin təşkil edilməsində əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər.

Tədbirin ardınca iştirakçılar məğrurluq və əyilməzlik simvolu olan Əlincə qalasının vüqarlı zirvəsinə qalxıb, şəhidlərimizin xatirəsinə yaradılmış “Şəhidlər Zirvəsi” nin açılışında iştirak ediblər.

Fürsətdən istifadə edərək tədbirin bir neçə iştirakçısı ilə həmsöhbət olduq. İlk həmsöhbətimiz yürüşün və “Şəhidlər Zirvəsi” layihəsinin ideya müəllifi, vətənpərvər insan, şəhid ailələrinin, eləcə də Naxçıvan ictimaiyyətinin yaxşı tanıdığı Vaqif Şahsuvarovdur. Ötən əsrin qanlı-qadalı illərinin, təlatümlü dövrlərinin şahidlərindən olan müsahibimiz deyir ki, əsl vətənpərvərlik dildə yox, əməldə olmalıdır:

Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, hamımızdan başlanır. Hər kəs sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, qəlbində yaşatmalıdır. Hər bir Azərbaycan gəncinin, vətəndaşının borcudur ki, şəhid ocaqlarını özünə mənəviyyat güşəsi bilsin, şəhid ailələrini ziyarət etsin. Bu gün bir neçə vətənpərvər insanın birgə zəhməti ilə ərsəyə gətirdiyimiz bu tədbir bütün Azərbaycan şəhidlərinin ruhuna ithaf olunub. Məqsədimiz isə bütün şəhid ailələrini bir araya gətirmək, birlik, vətənpərvərlik nümayiş etdirmək, bir sözlə, torpaqlarımızın azadlığı yolunda canını qurban verən şəhid oğullarımızı yad etməkdir. Çox şükür ki, 4 ay əvvəldən hazırladığım bu proqramın icrasına nail ola bildik. Belə layihələrin icrasını ilk dəfə “Şəhid məzarlarının ziyarəti” adı altında reallaşdırdım, ardınca “Şəhid ailələrinin ziyarəti” adı ilə davam etdirdim. Hər il bu tədbirlərin keçirilməsini qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, buna nail olacağıq. Çünki insanın əsas hədəfi Vətənə, torpağa xidmətdirsə, qəlbi, mənəviyyatı xalqdan güc alırsa, əməldə, əqidədə düzdürsə, bütün yollar əlçatan olacaq, ələlxüsus da ki, mayası vətənpərvərlikdən yoğrulan əməllər...

Növbəti həmsöhbətimiz şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov yürüşün təşkil edilməsinin əhəmiyyətindən və dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söhbət açaraq deyir ki, 44 günlük Vətən müharibəsində, eləcə də Birinci Qarabağ müharibəsində canlarını qurban verən igidlərimizin adı hər zaman uca tutulur, onların xatirəsinin əbədiləşməsi yolunda dövlətimiz böyük səy göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, Ali Baş Komandanın bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması, şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlərin görülməsi sadaladıqlarımızın əyani sübutdur. Bununla yanaşı, qazi və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Müharibədə öz sağlamlığını itirmiş insanların müasir tələblərə cavab verən fərdi ictimai yaşayış binalarında mənzillərlə təmin olunmaları, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu sahəyə olan diqqətin nəticəsidir. Bu gün xalqımız yaxşı bilir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün əməli tədbirlər görüb. Bir şəhid qardaşı kimi deyə bilərəm ki, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Çox sevindirici haldır ki, ümummilli liderimizin ideyalarının dönmədən və böyük ehtiramla həyata keçirilən Naxçıvan Muxtar Respublikasında da Ali Məclis Sədrinin xüsusi diqqəti ilə şəhid ailələrinə hər bir şərait yaradılır. İştirakçısı olduğumuz bu növ tədbirlərin keçirilməsi isə şəhid ailələrini, qaziləri bir yerə toplamaqla bərabər həm də birlik, bərabərlik məqsədi güdür. Gənclərimizin vətənpərvər ruhda tərbiyəsində də belə layihələrin icrası çox vacibdir. Son olaraq Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayıram.

Vətən müharibəsi şəhidi Raqib Hüseynovun anası Rəna Hüseynova da öz təəssüratlarını bizimlə bölüşdü: Şəhid ailələri, qazilər və bir çox vətənpərvər insanlarla qatıldığımız bu yürüşün əsas məqsədi şəhid övladlarımızın unudulmayan xatirəsini Zəfər Günü ərəfəsində yad etməkdir. Bu gün bütün Azərbaycan xalqı şəhidləri ilə öyünür, fəxr edir. Çünki şəhidlik Vətənə sevginin ən gözəl nümunəsidir, ailəyə sədaqətin, yurda bağlılığın ali və müqəddəs adıdır. İki il ötməsinə baxmayaraq, şəhidlərimizin acısına yandığımız qədər torpaqlarımızın azadlığına da qəlbən sevinirik. Övladlarımızın qanı yerdə qalmadı, – deyib təsəlli tapırıq, bütöv Azərbaycana baxıb öyünürük. Artıq Qarabağımız azaddır, xalqımız öz müstəqilliyi əbədi etmək yolunda əl-ələ verib, canla-başla çalışır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

Şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov deyir ki, xalqın birliyi, bərabərliyi ən çətin anda haqq imtahanına çəkilir. Azərbaycan xalqı elə bir xalqdır ki, bütün çətinliklərin öhdəsindən layiqincə gələrək bu gün öz müstəqilliyini yaşayır. Bu yolda öz canından keçən şəhidlərimizin xatirəsi isə dövlətimiz tərəfindən əziz tutulur, şəhid ailələrinə hər bir şərait yaradılır. İştirak etdiyimiz bu tədbirdə bir çox vətənpərvər insanlar, gənclər ətrafımızda cəm oldu, birgə Əlincə qalasının zirvəsinə qalxdıq. Bu gözəl məkandan xalqımızı təbrik etdik, şəhid oğullarımızın müqəddəs ruhuna salam göndərdik. Allah şəhidlərimizə rəhmət etsin, xalqımızın əbədi Zəfər Günü mübarək olsun.

Vətəni, onun müstəqilliyini qorumaq, Vətən boyda bir əmanətə sahib çıxmaq Azərbaycan əsgərinin taleyinə həkk olmuş şərəf rəmzidir. Bu amal uğrunda o kəslər əbədiyaşarlıq qazanar ki, son anında belə düşmənə aman verməsin, hər an Vətən desin, azadlıq desin. 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının müqəddəs ruhları bu səfər Əlincə qalasından dilə gətirdi Vətən sözünü, uca dağların fövqündə salamladı mübariz xalqımızı. Əlincə qalasından səslənən Vətən sevgisi və dağlar qoynunda əbədiləşən şəhidlərin xatirəsi isə Əlincə qalasının şərəfli tarixinə həkk olunan daha bir ehtiram nümunəsi kimi yaddaşlarda qaldı. Allah şəhidlərimizə rəhmət eləsin!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 08.11.2022 18:43