AZ EN RU

Əlincə qalasından səslənən Vətən sevgisi və ya dağlar qoynunda əbədiləşən şəhidlərin xatirəsi

    Tarixin bütün dövrlərində mətinliyi, mübarizliyi, azadlıqsevərliyi ilə seçilən xalqımız həm də iradəsi, dəyanəti, döyüş meydanında göstərdiyi şücaəti ilə şöhrət qazanıb, adı Zəfərlə qoşalaşıb, mərdliklə, mübarizliklə bütünləşib. Yeraltı və yerüstü sərvətləri, bəşəri dəyərləri, elm-irfan ocaqları, sənət məbədgahları ilə bədnam qonşuların, habelə dünyanın bir çox siyasi güclərinin nəzərində olan diyarımız müstəqilliyi yolunda çalışıb, doğma torpaqlarımızı qorumaq üçün haqq-ədalət sınağına çəkilib. Amma heç zaman sınmayıb, əməlindən dönməyib, namərdə göz açdırmayıb, dostuna arxa-dayaq, ümid, düşməninə gözdağı olub. Dönüb tarixin daşlaşmış, hər cümləsi al qanla yazılmış sətirlərinə baxsaq, görərik ki, bunlara nail olmaq xalqımıza asan başa gəlməyib. Çətinliklər, çalxantılar, xəyanətlər... bir-birinin ardınca gəlsə də, bu hadisələr bizi yormayıb, əksinə, xalqımızı qüdrət taxtına çıxarıb. Vətənin qeyrətli oğulları, el qədir-qiyməti bilən azadlıq sevdalıları, şəhadət yolunda can qoyan, ərlik göstərən yurdumuzun igidləri üçrəngli bayrağımızı azad Vətən səmasının ənginliklərinə ucaldıb. Bu fədakarlığı unutmayan, unutdurmayan xalqımız bu gün də şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəmanlarımızın adını yaşadır. Öz istiqlaliyyətinin fövqündə dayanan dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı göstərilir, elimizin insanları şəhid ailələrini öz ailəsi bilir, şəhid övladlarını isə öz övladları. 

    44 günlük Vətən müharibəsindən sonra sağlamlığını itirmiş qazilərimizin, öz canı, qanı bahasına əbədi Zəfəri yurdumuza bəxş etmiş şəhid ailələrinin rahat və firavan həyatı üçün muxtar respublikamızda uğurlu layihələr icra edilir. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı muxtar diyarımızda həyata keçirilən uğurlu dövlət siyasətinin əsasını təşkil edir. 
    8 Noyabr  – Zəfər Günü münasibətilə muxtar respublikamızın bir sıra vətənpərvər gənclərinin, şəhid ailələri və qazilərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş yürüş qeyd etdiyimiz tədbirlərin davamı kimi yaddaşlarımıza yazıldı. Həmin gün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanından start götürən yürüş iştirakçıları qələbə ovqatlı şüarlar səsləndirərək yeni yaradılan Zəfər Parkını ziyarət ediblər, ardınca Əlincə qalasına səfər olub. 
    Əlincə qalasında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əlincəqala Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının əməkdaşı Azər Məmmədov çıxışlarında bildiriblər ki, qəhrəman oğullarımızın xatirəsini yaşatmaq məqsədilə keçirilən tədbir Əlincəqalanın əsrlərə, qərinələrə sığmayan tarixində daha bir iz buraxıb. Xalqımız hər zaman qəhrəman oğullarının xatirəsini əziz tutub və bundan sonra da onların mənalı ömürləri, həyatları hər bir gəncə örnək olacaqdır. Şəhid valideynlərindən şəhid Emin Sadiqovun anası Gülşad Sadiqova, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov və qazi Əli Əlisoy minnətdarlıq ediblər. 
     Tədbirin ardınca iştirakçılar məğrurluq və əyilməzlik simvolu olan Əlincə qalasının vüqarlı zirvəsinə qalxıb, şəhidlərimizin xatirəsinə yaradılmış “Şəhidlər Zirvəsi” nin açılışında iştirak ediblər. 
    Fürsətdən istifadə edərək tədbirin bir neçə iştirakçısı ilə həmsöhbət olduq. İlk həmsöhbətimiz yürüşün və “Şəhidlər Zirvəsi” layihəsinin ideya müəllifi, vətənpərvər insan, şəhid ailələrinin, eləcə də Naxçıvan ictimaiyyətinin yaxşı tanıdığı I Qarabağ müharibəsi veteranı Vaqif Şahsuvarovdur. Ötən əsrin qanlı-qadalı illərinin, təlatümlü dövrlərinin şahidlərindən olan müsahibimiz dedi: 
    – Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən – hamımızdan başlanır. Hər kəs sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, qəlbində yaşatmalıdır. Hər bir Azərbaycan gəncinin, vətəndaşının borcudur ki, şəhid ocaqlarını özünə mənəviyyat guşəsi bilsin, şəhid ailələrini ziyarət etsin. Bütün Azərbaycan şəhidlərinin ruhuna ithaf olunmuş bu tədbirin məqsədi bütün şəhid ailələrini bir araya gətirmək, birlik, vətənpərvərlik nümayiş etdirmək, bir sözlə, torpaqlarımızın azadlığı yolunda canını qurban verən şəhid oğullarımızı yad etməkdir. Belə layihələrin icrasını ilk dəfə “Şəhid məzarlarının ziyarəti” adı altında reallaşdırdıq, ardınca “Şəhid ailələrinin ziyarəti” adı ilə davam etdirdik. Hər il bu tədbirlərin keçirilməsini qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, buna nail olacağıq. Çünki əsas hədəfimiz Vətənə, torpağa xidmətdir.
    Növbəti həmsöhbətimiz şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söhbət açaraq dedi ki, 44 günlük Vətən müharibəsində, eləcə də Birinci Qarabağ müharibəsində canlarını qurban verən igidlərimizin adı hər zaman uca tutulur, onların xatirəsinin əbədiləşməsi yolunda dövlətimiz böyük səy göstərir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, Ali Baş Komandanın bu istiqamətdə müvafiq fərman və sərəncamlar imzalaması, şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlərin görülməsi sadaladıqlarımızın əyani sübutudur. Bununla yanaşı, qazi və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bir şəhid qardaşı kimi deyə bilərəm ki, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinə göstərilən qayğı xüsusi olaraq təqdirəlayiqdir. Çox sevindirici haldır ki, ümummilli liderimizin ideyalarının dönmədən və böyük ehtiramla həyata keçirdiyi Naxçıvan Muxtar Respublikasında da Ali Məclis Sədrinin xüsusi diqqəti ilə şəhid ailələrinə hər bir şərait yaradılır. İştirakçısı olduğumuz bu növ tədbirlərin keçirilməsi həm də birlik, bərabərlik məqsədi güdür. Gənclərimizin vətənpərvər ruhda tərbiyəsində də belə layihələrin icrası çox vacibdir. Son olaraq Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayıram. 
    Vətən müharibəsi şəhidi Raqib Hüseynovun anası Rəna Hüseynova da öz təəssüratlarını bizimlə bölüşdü: Şəhid ailələri, qazilər və bir çox vətənpərvər insanlarla qatıldığımız bu yürüşün əsas məqsədi şəhid övladlarımızın unudulmayan xatirəsini Zəfər Günü münasibətilə yad etməkdir. Bu gün bütün Azərbaycan xalqı şəhidləri ilə öyünür, fəxr edir. Çünki şəhidlik Vətənə sevginin ən gözəl nümunəsidir, ailəyə sədaqətin, yurda bağlılığın ali və müqəddəs adıdır. İki il ötməsinə baxmayaraq, şəhidlərimizin acısına yansaq da, torpaqlarımızın azadlığına da qəlbən sevincimiz hədsizdir. Övladlarımızın qanı yerdə qalmadı, – deyib təsəlli tapırıq, bütöv Azərbaycana baxıb öyünürük. Artıq Qarabağımız azaddır, xalqımız öz müstəqilliyi əbədi etmək yolunda əl-ələ verib, canla-başla çalışır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. 
    Şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov dedi: – Azərbaycan xalqı elə bir xalqdır ki, bütün çətinliklərin öhdəsindən layiqincə gələrək bu gün öz müstəqilliyini yaşayır. Bu yolda öz canından keçən şəhidlərimizin xatirəsi isə dövlətimiz tərəfindən əziz tutulur, şəhid ailələrinə hər bir şərait yaradılır. İştirak etdiyimiz bu tədbirdə bir çox vətənpərvər insanlar, gənclər ətrafımızda cəm oldu, birgə Əlincə qalasının zirvəsinə qalxdıq. Bu gözəl məkandan xalqımızı Tarixi Qələbə münasibətilə təbrik etdik, şəhid oğullarımızın müqəddəs ruhunu bir daha yad etdik. Yaşasın qalib Azərbaycan!
    Vətəni, onun müstəqilliyini qorumaq, Vətən boyda bir əmanətə sahib çıxmaq Azərbaycan əsgərinin taleyinə həkk olmuş şərəf rəmzidir. Bu amal uğrunda o kəslər əbədiyaşarlıq qazanar ki, son anında belə düşmənə aman verməsin, hər an Vətən desin, azadlıq desin. 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının müqəddəs ruhları bu səfər Əlincə qalasından dilə gətirdi Vətən sözünü, uca dağların fövqündə salamladı mübariz xalqımızı. Əlincə qalasından səslənən Vətən sevgisi və dağlar qoynunda əbədiləşən şəhidlərin xatirəsi isə Əlincə qalasının şərəfli tarixinə həkk olunan daha bir ehtiram nümunəsi kimi yaddaşlarda qaldı. Allah şəhidlərimizə rəhmət eləsin!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 10.11.2022 20:46