AZ EN RU

Ekoloji maarifləndirmə tədbirləri davam etdirilir

    Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Noyabr ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 53 yoxlama-reyd keçirilmiş, heç bir inzibati xəta halı qeydə alınmamışdır. 
    Təbiətin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində ekoloji-hüquqi maarifləndirici tədbir keçirilmiş, ətraf mühitin mühafizəsi, məişət və tikinti tullantılarının idarə olunması, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır. 
    Hesabat ayında 27 müəssisə tərəfindən təbii ehtiyatlardan istifadə və ətraf mühitə atılan tullantılara, 2 müəssisə tərəfindən isə mineral xammal bazasının bərpasına ayırmalara görə nazirliyin xüsusi hesabına ekoloji ödəniş həyata keçirilmişdir. Ümumilikdə, noyabr ayı ərzində nazirliyin xüsusi hesabına təbii ehtiyatlardan istifadə və ətraf mühitə atılan tullantılara, eləcə də mineral xammal bazasının bərpasına ayırmalara görə 11069,38 manat ödəniş həyata keçirilmişdir.
    Ay ərzində Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 22-dən çox yaşayış məntəqəsi ərazisində ekoloji monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da qeydə alınmış, onların aradan qaldırılması üçün aidiyyəti təşkilatlara məlumat verilmişdir. Sədərək Rayon Su Monitorinq Laboratoriyasında hesabat ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülmüş və 138 analiz aparılmışdır. Aparılan analizlərdə nikel, dəmir norma həddi aralığında olmuş, manqan, mis, qurğuşun, sink, alüminium və tritium izotopunun radioaktivlik dozası norma həddini keçməmişdir.
    Hesabat ayında 6,5 hektar sahədə yeni meyvə bağları, 19 hektar sahədə tinglə bərpa, 80 hektar sahədə toxumla əkin işləri həyata keçirilmiş, 12100 müxtəlif meyvə, meşə tingləri, 2270 akasiya, 700 üzüm kolu, 1200 kiloqram toxum əkilmişdir. Növbəti illərdə tingə olan tələbatın ödənilməsi məqsədilə Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarında, Qoşadizə, Xətai və Quşçuluq ərazilərindəki tingçilik sahələrində torpaq hazırlığı işləri aparılmış, 150 kiloqram şumaltı gübrə verilmiş, alma, tut, badam, ərik, alça, iydə, püstə, akasiya, ardıc, palıd, sarağan toxumlarından istifadə olunmaqla, 2 hektar sahədə yeni toxmacarlıq sahəsi yaradılmışdır. Noyabr ayında  toxum bölgüsünə uyğun olaraq 320 kiloqram müxtəlif meyvə və meşə toxumları tədarük olunmuşdur. Qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsi davam etdirilmiş, 225 kubmetr odun tədarük olunaraq Naxçıvan şəhərində yerləşən hərbi hissələrə verilmişdir.
    Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilmişdir. Hesabat ayında geoloji axtarış, kəşfiyyat kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir. Şurud sahəsində Culfa rayonunun şimal-şərq hissəsində yayılmış Orta Eosen yaşlı çöküntülər arasında civə və onu müşayiət edən digər faydalı qazıntı yataqlarına əvvəlki illərdə aparılmış axtarış işlərinin ilkin çöl materiallarının araşdırılması, təhlili davam etdirilmiş, 1980-1983-cü illərdə Babək rayonunun Nehrəm yatağında dolomitlərin şüşə xammalı kimi əlavə kəşfiyyatının və əlavə tədqiqinin nəticələrinə dair rus dilində olan hesabatın tərcümə olunması başa çatdırılmış, elektronlaşdırılması davam etdirilir. 1964-cü ilə dair Culfa və Şahbuz rayonlarının Ərəfsəçay, Gömürçay çayları arasında faydalı qazıntı yataqlarının müəyyənləşdirilməsi və sahənin geoloji quruluşunun öyrənilməsi məqsədilə aparılmış axtarış işlərinin nəticələrinə dair rus dilində olan hesabatın tərcümə olunmasına başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.12.2022 19:29