AZ EN RU

Ekoloji maarifləndirmə tədbirləri davam etdirilir

    Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilməkdədir. 
    Ötən ay ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 45 yoxlama-reyd keçirilmiş, qanun pozuntusu qeydə alınmamışdır. Təbiətin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə maarifləndirmə, məlumatlandırma tədbirlərinə xüsusi önəm verilmişdir. Ordubad rayonunun Dırnıs və ətraf kəndlərin nümayəndələrinin iştirakı ilə ekoloji-hüquqi maarifləndirici tədbir keçirilmişdir. Keçirilən maarifləndirmə tədbirlərində ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır. 
    Ay ərzində Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 23-dən çox yaşayış məntəqəsi ərazisində monitorinqlər aparılmış, su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması və mərkəzi avtomobil yollarının kənarlarında yerləşən yaşıllıq zolaqlarındakı mövcud vəziyyət öyrənilmişdir. Monitorinqlər zamanı bir sıra çatışmazlıqlar da qeydə alınmış, müvafiq tədbirlər görülmüşdür. 
    Sədərək Rayon Su Monitorinq Laboratoriyasında yanvar ayı ərzində Araz çayının  və Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülərək analiz aparılmışdır. Analizlərin nəticəsinə əsasən sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi qeydə alınmamışdır.
    Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarlarındakı meyvə və üzüm bağlarına 6 ton üzvi gübrə, Əshabi-Kəhf Ziyarətgahının ətrafında və Uzunoba Su Anbarının yuxarı hissəsindəki meyvə bağlarına 300 kiloqram mineral gübrə verilmişdir. Yanvar ayının əvvəllərindən başlayaraq yağan yağıntı ərazilərdə qar örtüyünün artmasına səbəb olmuşdur ki, bu da biotexniki tədbirlərin keçirilməsinə zərurət yaratmışdır. Hesabat ayında, ümumilikdə, biotexniki tədbirlər zamanı ərazilərə 1800 kiloqram daşduz, 120 kip qaba yem və 1100 kiloqramdan çox meyvə-tərəvəz qalığı dağıdılmışdır. 
    Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində də davam etdirilmişdir. Hesabat ayında Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə kameral və ümumi xarakterli işlər yerinə yetirilmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə hami ixtisas tələbələrinin və ekologiya könüllülərinin iştirakı ilə Qoruqlar və Milli Parklar gününə həsr edilmiş tədbir keçirilmişdir. Ordubad Dövlət Təbiət yasaqlığı ərazisində keçirilən tədbir zamanı əvvəlcə iştirakçılara ətraflı məlumat verilmiş, sonra gənclər xüsusi binokl vasitəsilə mühafizə olunan təbiət ərazilərində məskunlaşmış bezoar dağ keçiləri və muflonları müşahidə etmişlər. 28 yanvar 2022-ci il tarixdə hami ixtisas tələbələrinin Naxçıvan şəhərində aparılan mühəndis geoloji kəşfiyyat işləri ilə tanış olması da təmin edilmişdir. Burada aparılan buruq qazma və mühəndis geoloji kəşfiyyat işləri haqqında onlara ətraflı məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır. Bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.02.2022 19:18