AZ EN RU

Əhalinin sosial rifah halı yaxşılaşdırılır

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyaçılarına, o cümlədən sığortaolunanlara göstərilən xidmətlərin operativ şəkildə həyata keçirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər görülür. Bu tədbirlərin davamı kimi  fond fevral ayı ərzində əmək pensiyalarının, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci ilin birinci rübü üzrə verilən maddi yardımın və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb, 18 milyon 188 min manat vəsait pensiya və müavinətlərin ödənilməsinə xərclənib.

    Hesabat dövründə ölkə başçısının müvafiq Sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsi cari ilin yanvar ayının 1-dən etibarən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 3,4 faiz indeksləşdirilərək artırılıb. Sərəncamın icrası nəticəsində muxtar respublika üzrə 40 min pensiyaçının pensiyasında artım qeydə alınıb. Bundan əlavə, Sərəncama uyğun olaraq əmək pensiyaçılarına birinci rüb üzrə 50 manat məbləğində maddi yardımın ödənilməsi təmin edilib.
    Ötən ay müvafiq qurum tərəfindən məcburi dövlət sosial sığortahaqqı üzrə 10 milyon 109 min 600 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb ki, bu da nəzərdə tutulan məbləğdən 9,6 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 55,6 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb. Hesabat ayında 2 hüquqi və 214 fiziki şəxs məcburi dövlət sosial sığortaödəyicisi kimi uçota alınıb.
    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya hüququ yaranan 160 vətəndaşa əmək pensiyası təyin edilib. Bunlardan 120-si yaşa, 14-ü sağlamlıq imkanları məhdudluğa görə, 26-sı isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Pensiya təyin olunan vətəndaşların 108-i kişi, 52-si isə qadındır. Bundan başqa, fərdi uçot sistemində işlər davam etdirilib və yeni əmək fəaliyyətinə başlayan 326 sığortaolunana şəxsi hesab açılıb.
    Ötən ay deputatların, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində müvafiq işlər görülüb, sığortaedənlər tərəfindən 256 min 800 manat vəsait fondun xüsusi hesabına köçürülüb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun 
mətbuat xidməti     

Nəşr edilib : 10.03.2022 20:34