AZ EN RU

Əhalinin sağlamlığı diqqətdə saxlanılır - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılıb.
    Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, COVID-19 virusuna qarşı Sinovac və Pfizer vaksinləri gətirilib.
    Tibb işçilərinin peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib. Ay ərzində 5 həkim Türkiyə Respublikasına, 1 həkim Bakı şəhərinə təkmilləşmə kursu, 1 həkim, 1 həkim-rezident və 18 orta tibb işçisi Naxçıvan şəhərində iş yerində təcrübə keçməsi üçün göndərilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə 28 məktəb tibb bacısı, 26 tibbi statist Naxçıvan Tibb Kollecində nəzəri və praktik kurs keçib. Süni tənəffüs aparatı ilə işləyən 42 tibb işçisinə 2 həkim anestezioloq-reanimatoloq və süni tənəffüs aparatı üzrə texnikin iştirakı ilə Ordubad, Culfa, Şərur Rayon Mərkəzi xəstəxanalarında “Süni tənəffüs aparatları və reanimasiya tədbirləri” mövzusunda praktik məşğələ keçirilib. Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsinin 14 və Tibb Kollecinin 39 tələbəsi tibb müəssisələrinə hamiliyə verilib.

    Hesabat ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini uğurla davam etdiriblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasının yaratdığı həkim briqadası Culfa rayonunda keçirdiyi humanitar aksiya çərçivəsində 61 uşaqda sünnət əməliyyatı aparıb. Eyni zamanda xəstəxananın göz həkimləri rayonlarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən 134 xəstənin göz dibinin müayinəsini həyata keçirib, lazımi məsləhət və təyinatlar verilib. 
    Bakı şəhərindən dəvət olunmuş LOR həkimi tərəfindən Muxtar Respublika Xəstəxanasında 6, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən isə 35 nəfərdə müayinə və cərrahiyyə əməliyyatları aparılıb. Bakı şəhərindən dəvət olunmuş həkimlər tərəfindən Diaqnostika Müalicə Mərkəzində 64 nəfərdə müxtəlif cərrahi əməliyyatlar yerinə yetirilib.
    Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin həkimləri tərəfindən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin təhsil işçilərindən 76 qadında süd vəzinin profilaktik müayinəsi aparılıb, 4 nəfərdə patologiya aşkar olunaraq onlar mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər müvafiq təşkilat nümayəndələrinin iştirakı ilə Naxçıvan şəhərində 16 və 12 nömrəli tam orta məktəblərdə yoxlamalar və Ordubad rayonunda seminar keçirilib.
    Ay ərzində Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən tibb müəssisələrinin sanitar-gigiyenik vəziyyəti yoxlanılılıb, nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib. Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzi və rayon şöbələri tərəfindən 60 istehsal obyektində aparılan monitorinqlər zamanı 18 sahibkara şifahi xəbərdarlıq edilib. 8 və 15 nömrəli tam orta məktəblərdə su çiçəyi xəstəliyinə qarşı profilaktik məqsədlə epidemioloji müayinələr aparılıb. 22 gözəllik salonunun sanitar-gigiyenik vəziyyəti yoxlanılaraq aşkar olunan nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib. Mərkəzdə “Sterilizasiya işinin düzgün təşkili” mövzusunda kursa şəhər və rayon tibb müəssisələrinin sterilizasiya tibb bacıları cəlb olunub.
    COVID-19 xəstəliyinə qarşı profilaktika tədbiri olaraq fevral ayında 2051 nəfərə I, 3586 nəfərə II, 11096 nəfərə III, 192 nəfərə IV tur vaksinasiya edilib. Bununla yanaşı, qanla işləyən tibb işçilərindən 738 nəfərə I, 47 nəfərə II, 2 nəfərə III doza hepatitə qarşı vaksin vurulub. Ay ərzində mövsümi qripə qarşı risk qruplarından 1501 nəfərdə vaksinasiya aparılıb.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən ötən ay muxtar respublika üzrə 8 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 6 nəfər Naxçıvan Muxtar Respublikası Əlillərin Bərpa Mərkəzinə reabilitasiya müalicəsinə, 6 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

 Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2022 19:33