AZ EN RU

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib.
    Xidmətin baş inspektoru Elnur Zellabdinov bildirib ki, davamlı və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən uğurlu siyasət, nəticə etibarilə, miqrantların Naxçıvan Muxtar Respublikasına olan marağını və müxtəlif məqsədlərlə səfəretmə niyyətini daha da artırıb. Diqqətə çatdırılıb ki, bu gün diyarımıza səfər edən əcnəbilərin sırasında daha uzunmüddətli niyyətlərlə yaşamaq istəyənlər də vardır. 
    Elnur Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət məsələsinə də toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Vurğulanıb ki, muxtar respublikada əcnəbilərin hüquq və azadlıqlarına, onların qanuni mənafelərinin etibarlı təminatına xüsusi diqqət və həssaslıqla yanaşma miqrasiya sahəsində aparılan dövlət siyasətinin əsas tərkib hissəsidir. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mütəmadi olaraq səmərəli və effektiv mübarizə tədbirləri həyata keçirilir, yarana biləcək problemlərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində operativ addımlar atılır.
    Sonra xidmət tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
    Tədbir qarşılıqlı diskussiya şəraitində davam etdirilib, əcnəbilərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyinə ekskursiyası təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Dövlət 
Miqrasiya Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 11.03.2022 19:09