AZ EN RU

Əbədiyaşar Cavid və onun insanlıq üçün yazılmış “İblis” əsəri

Hüseyn Cavid... Cavid onun təxəllüsü idi, mənası “əbədi” deməkdir. Dünyasını dəyişməsi üzərindən neçə illər ötüb, amma o, yenə yaşayır və yaşayacaq, axı əbədiyaşarlıq etalonuna yiyələnib. Ölümə gedən yolu da görürdü, sonun gəldiyini də. İstəsəydi, müəyyən nəsnələrdən keçib daha artıq yaşamağı da üstün tutardı, fəqət bu yaşamaq özünün də dediyi kimi, “Ölmək yaşamaqdır, sərsəm yaşayış ömrə yamaqdır” olardı. Onun üçün “dürüst, namuslu yaşa, paltarın, ayaqqabın yamaqlı olsun, amma adın yox” anlayışı əsas idi. Sevimli tələbəsi, məslək və əqidə dostu Mikayıl Müşfiqi ayaqqabısını yamadarkən görməsi, Müşfiqin utanması və Cavid əfəndinin “Utanma, əsas odur ki, adın yamaqlı olmasın!” – deməsi də bunu təsdiq edirdi. Belə bir həyat dərsi verən, insanları düşündürən böyük şəxsiyyət. Bəzən də o, zərif, incə ruhlu bir insan kimi qarşımıza çıxırdı. Gözəl bir qız tələbəsi bir dəfə ona demişdi: “Müəllim, xahiş edirəm, mənə pis qiymət yazmayasınız”. Cavid əfəndi isə “Qızım, Tanrı səni yaradanda “beş” verib, mənim nə ixtiyarım var, Yaradanın qiymətini korlayam”, – deyərək ona “əla” qiymət yazmışdı. Onun öz pəncərəsi var idi, oradan dünyaya baxırdı. Amma hamının gördüyünü yox, görə bilmədiklərini o sezirdi, duyurdu.

Hüseyn Cavid iddia edilənlərin əksinə olaraq  birmənalı şəkildə romantik adlandırmaq da düz deyil. Cavid  idealist idi. İdealizmin tərifini verərkən və hətta bu anlayışı izah edərkən sanki Cavid şəxsiyyəti qarşımızda dayanıb. Nə idi idealizm? Varlığın təməlində düşüncənin olduğunu müdafiə edən cərəyana idealizm deyilir. Yəni idealizm həyatda mövcud olan hər şeyin təməlində fikrin, düşüncənin dayandığını qəbul edir. Tarixin ən əski cərəyanlarından olan idealizmə görə, bəşəriyyətdəki nizam-intizam əsla öz yolundan çıxmaz, sadəcə olaraq fikir və düşüncəyə mane olmasın, onun yolu daim açıq saxlanılsın. Bu cərəyanın tərəfdarı olan idealistlər insanlığın, dünyanın düşüncə üfüqləri ilə gözəlləşəcəyini, bunun da yolunu göstərməklə ortaya qoyurdular. Beləliklə, Cavid qafiyə qoşan deyildi, o, şair idi, amma şairlikdən daha çox idealist filosof idi. O, xoşbəxt həyat fəlsəfəsinin koordinatlarını ortaya qoymuşdu. Dahi Nizami “Xoşbəxtlər ölkəsi” fikrini ortaya qoymuş, ondan yüzilliklər sonra digər bir dahi Cavid əfəndi isə həmin ölkənin “sərhədlərini”, bu “ölkəyə” necə nail olmağın yollarını göstərir, həm də bunu təkcə mənsub olduğu millət və xalq üçün deyil, bütün insanlıq naminə yerinə yetirirdi. Cavidin “pəncərəsi” bax bu qədər geniş və ölçüsüz idi, axı o, maddiyyatla özünü məhdudlaşdırmamışdı, idealist idi; fikrin isə sərhədi olmur, o ölçüsüz, sərhədsiz və dünyalar qədər ucsuz-bucaqsızdır. 

    Bəs filosof Cavidin fəlsəfi dünyagörüşünün əsas qayəsi nə idi?! Bax bu qayə, amal onun “İblis” əsərində özünə “həyat” qazanmışdı. “İblis” əsərinə keçid almadan onu deyək ki, bəzi nəsnələr köhnəldikcə qiymətlənir, daha çox qədir-qiymət qazanır. Cavid əfəndinin fəlsəfi fikir dünyasının “xəzinələri” də məhz bu cürdür. Onun üzərindən qərinələr, illər keçdikcə daha da yaxşı anlaşılır, qədir-qiymətə minir. Bir anlıq dayanaq və böyük şəxsiyyətin bu fikirlərinə diqqət yetirək: 

  Kəssə hər kim tökülən qan izini,

  Qurtaran dahi odur yer üzünü. 

Dahiliyin tərifini ən gözəl şəkildə ifadə edən iki misra. Kim dahi olmaq istəyir, o, gərək tökülən qanların qarşısını kəsə, dünyanın sülh və əmin-amanlığı üçün çalışa. Bax dahi Cavid məhz “İblis” əsərində dünyanın bu tərəfini bizim diqqətimizə çatdırmaq istəyirdi. 

Dünyada müharibəyə qarşı yazılmış şedevr əsərlərdən olan “İblis” faciəsinin dərin qatlarına endikcə çox-çox mətləblərdən hali oluruq. Əsər Birinci Dünya müharibəsinin qurtardığı bir dövrdə qələmə alınmışdır. Burada İblisə uymuş bəşəriyyətin acı vəziyyəti və dağılmış insan taleləri diqqətə çatdırılır. “İblis” faciəsinin əvvəlində bizi İblis və Mələk obrazları qarşılayır. Bəşəriyyətdə hökm sürən ağır vəziyyətin səbəbini insanda görən İblis dünyada qanın sellər kimi axdığını, insanların isə evlər yıxdığını qeyd edir. Mələk isə üzünü Uca Yaradana tutaraq insanların İblisə uyduğundan, heç kimsədə mürvət qalmadığından şikayətlənir. Mələyin fikrincə, bunun kökündə siyasətin İblis ilə həmrəng olması dayanır.

Mövzusu müharibədən götürülən, amma real müharibə səhnələrinin təqdim edilmədiyi “İblis” faciəsində Arif obrazının timsalında isə insanın İblisə uymaqla özünü faciəyə sürükləyə biləcəyini müşahidə edə bilirik. Əsərin əvvəlində Arif dünyanın yaradılmasındakı ilahi məqsədi axtarır... Bütün insanlıq dünyanın yaranması haqqındakı ilahi məqsədi Arif kimi axtarmalı deyilmi?!. Dünyadakı ağır vəziyyət Arifi narahat etməkdədir. İnsanların xəlq edilməsində hikmət olduğuna inanan Arif İblisin yaradılmasındakı hikməti isə anlamaqda çətinlik çəkir.

“İblis” faciəsində insanın müharibə ucbatından böyük fəlakətlər qarşısında qalmasının bir daha şahidi oluruq. Dahi Cavid bu anda insanlara üz tutaraq onları düşündürməyə sövq edir:

     Bir fəzilətsə öldürüb-ölmək, 

     Canavar bizdən əşfər olsa gərək... 

Bəs İblisə uymuş insanların müharibə törətməsinə səbəb nədir? Buna da faciədə aydınlıq gətirilir. Birinci səbəb kimi öz mənliyini, əqidəsini satan insanlar göstərilir ki, onlar İblisin qarşısında mütidirlər və onun hər dediklərini şəksiz edirlər. İkinci səbəbsə, bəşər övladının daş-qaş əsirinə çevrilməsi ilə əlaqədardır. Əsərin əvvəlində haqq-ədalət axtarışında olan Arif obrazı altunun, daş-qaşın əsirinə çevrilməklə, nəticədə, qatil olur. Qardaşını, sevdiyi qadını və ona yaxşılıq edən kəsləri öldürən Arif, beləliklə, İblisə uyur və onun köləsinə çevrilir.

İnsanlığı uçuruma sürükləyən İblisi, iblis xarakterli insanları və şər xisləti biz necə tanıya biləcəyik?! Buna müəllif İblisin dili ilə aydınlıq gətirir. İblis özünü tanıdır, bizim onu tanımağımız isə ağıl gücü ilə mümkündür: 

“Mən Şərqdə abid oluram, Qərbdə rahib, 

Bir qazi olub, gah edərim fitnələr icad, 

Bəzən olurum bir çoban, azadə bir insan,

Bəzən olurum zülmü fəsad aşiqi sultan”.

“İblis” faciəsinin sonunda isə böyük mütəfəkkir kimi Hüseyn Cavid İblislə iblisləşmiş insan arasında müqayisə aparır. Bütün dövrlərdə yazılmış və insanlığı düşündürən ən böyük ədəbi nümunələrdən olan bu əsərdə oxuyuruq: 

İblis nədir? 

– Cümlə xəyanətlərə bais.

Ya hər kəsə xain olan insan nədir? – İblis. 

İnsanın altun, pul hərisliyi, burnunun ucundan uzağı görə bilməməsi onu iblisləşdirir. İblisləşmiş insansa İblisdən daha təhlükəli olmaqla müharibələr törədir, insanlığı məhvə sürükləyir. İnsanların bu qədər alçala bilməsini yenə diqqətlərə çatdıran Hüseyn Cavid onlara alçalmaq əvəzinə, dahiliyə yüksəlməyi təklif edir. Böyük bir humanizm məktəbi olan Hüseyn Cavid yaradıcılığı, göründüyü kimi, insanlığı İblisə uymaqla dünyanı uçuruma sürükləmək əvəzinə, müştərək evimizi xoşbəxtlər diyarına çevirməyə dəvət edir. Bütün bunlar “İblis” əsərinin, ümumən, Hüseyn Cavid yaradıcılığının ana xəttini təşkil edir.

Anar QASIMOV

Nəşr edilib : 16.12.2022 21:46