AZ EN RU

Dünya və qitə birinciliyinin mükafatçısı – idman ənənələrimizə sadiq qalan Sadiq

    Döyüş növləri hər zaman ölkəmizdə sevilən idman növlərindən olub. Bunu bəzən irsi, bəzən isə uşaq vaxtı daha çox döyüş filmlərini izləməyimizlə dəyərləndirirlər. Hər zaman bu filmlərdəki qəhrəmanlar isə bizim üçün kumir olub. Bu filmlər, hətta idman klublarına, zallarına, obyektlərinə üz tutmağımıza zəmin yaradıb. Bu yola çıxanların bəziləri yarı yolda dayansalar da, sonadək davam edənlər də çox olub. Nəticədə, qazanan Azərbaycan idmanı olub. Bu gün kikboksinq qeyri-olimpiya idman növü olsa da, beynəlxalq yarışlarda ən çox medal gözlədiyimiz və gənclər tərəfindən ən çox sevilən idman növlərindən biri kimi səciyyələndirilir. Ölkənin bütün regionlarında böyük maraq kəsb edən bu növdə qazanılan uğurların çoxalması diqqətdən yayınmır. Təbii ki, burada uşaqları cəlb edən məqam Pərviz Abdullayev, Eduard Məməmədov kimi tanınmış idmançılarımızın qazandığı çempionluqlardır. Onları özünə kumir seçən, yaşının az olmasına baxmayaraq, döyüş növlərində kifayət qədər uğur qazanan idmançılardan biri də Sadiq Kərimovdur. Öz tərzi və universallığı ilə seçilən qəhrəmanımız qazandığı nailiyyətlərlə artıq adından söz etdirməyə başlayıb.

      2008-ci ildə Naxçıvan şəhərində anadan olan Sadiq uşaq yaşlarında döyüşçü olmağı qarşısına məqsəd qoyur. Onun tez-tez döyüş filmlərinə baxması atasının diqqətini cəlb edir. Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə oxumağa başlayan Sadiq tezliklə kikboksinqə maraq göstərir. Ən kiçik yaşlarından aktivliyi ilə seçilməsi atasını onu bu idman növünə yazdırmağa vadar edir. Qısa vaxt kəsiyində onun ardıcıl məşqləri bəhrəsini verməyə başlayır. Mübarizə apardığı yarışlarda, turnirlərdə özünü rahat hiss etməsi, peşəkar döyüşçülər kimi rinqdə duruşu məşqçilərin də diqqətindən yayınmır. Gələcəkdə ölkə­nin bir nömrəli kikboksinqçisi olmağı qarşısına məqsəd qoyan qəhrəmanımız bu deyimlə sanki özündə inam formalaşdırır. 

    Turnirlərdə ardıcıl iştirak onun yarış təcrübəsini artırır. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunan kadetlərin muxtar respublika birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Həmin ili Sadiq Kərimov üçün uğurlu il hesab etmək olar. Belə ki, ölkə birinciliyində bürünc medal qazanan qəhrəmanımız, ardınca ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan kikboksinq üzrə açıq turnirdə də eyni nəticəsini göstərir. Muxtar respublika daxilində keçirilən yeniyetmə və gənclər  arasında kikboksinq üzrə şəhər birinciliyində gümüş medal, 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən kikboksinq üzrə kadetler arasında muxtar respublika birinciliyində isə qızıl medal qazanır.
    Daim döyüşməyi sevən, mübarizə aparan Sadiq Kərimov həmin il Bakı şəhərində təşkil olunan grapplinq idman növləri üzrə turnirlərdə də iştirak edir. Çıxış etdiyi 22-26 və 25-26 kiloqram çəki dərəcələrində müvafiq olaraq bir və ikinci yerlərə layiq görülür. Növbəti il isə grapplinq üzrə Bakı şəhər birinciliyində 30 kiloqram çəki dərəcəsində fəxri kürsüdə hamıdan yüksəyə qalxır.
    Təbii ki, onun yerli turnirlərdə, yarışlarda uğurlu nəticələri beynəlxalq arenaya da yolunu açmış olur. 2021-ci ildə Ukraynada təşkil olunan yeniyetmə, gənc və böyüklər arasında universal döyüş üzrə dünya kubokunda Sadiq də iştirak edir. 11-12 yaş kateqoriyasında 42 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız light versiyasında dünya kubokunu başı üzərinə qaldırır. O, klassik versiyada isə gümüş medal qazanır. Bu uğur onun idmana olan bağlılığını daha da möhkəmləndirir: “Dünya kubokunda mübarizə aparmaq və orada mükafatçılar sırasına düşmək hər bir idmançının arzusudur. Xoşbəxtəm ki, bu hissi yaşadım. Bunun üçün uzun müddət yorulmadan məşq etmişdim. Burada hər bir məşqçimin əməyi danılmazdır. Bu qələbə Naxçıvan idmanının qələbəsi idi”. 
    Həmin il Sadiq Kərimov medal kolleksiyasını xeyli zənginləşdirib. Belə ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş növü üzrə turnirdə (14-15 yaş qrupu, 45 kiloqram) qızıl medal qazanan idmançımız, ardınca Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq turnirdə də eyni uğura imza atıb. O, light və klassik versiyalarda qalib adını qazanıb.
    Universallığı ilə seçilən qəhrəmanımız, eyni zamanda sərbəst güləşlə də məşğuldur. Bu növdə isə o ən böyük qələbəni cari ildə təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yeniyetmələr arasında “Heydər Əliyev kuboku” uğurunda sərbəst güləş üzrə muxtar respublika turnirində qazanıb. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyində isə ikinci yerlə kifayətlənib.  
    2022-ci ilin ilk aylarında yarışlarda mübarizə aparan yeniyetmə idmançımız kikboksinq üzrə keçirilən Azərbaycan birinciliyində, həmçinin Bakı şəhər açıq çempionatında da qızıl medal qazanmağa müvəffəq olub. Cari ildə o, Özbəkistanda təşkil olunan dünya kubokunda da iştirak edib. 14-15 yaş kateqoriyasında idmançımız klassik versiyada Naxçıvana bürünc medal qazandırıb. Son olaraq isə Sadiq Kərimov çıxış etdiyi Avropa çempionatından da evə əliboş qayıtmayıb. Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə qitə birinciliyində idmançımız 14-15 yaş kateqoriyasında 50 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Light və klassik versiyalarda yalnız finalda məğlub olan Naxçıvan idmançısı Avropa çempionatını iki gümüş medalla başa vurub. Qısa müddət çərçivəsində medallarının əyarını qızıla dəyişən, məşqlərə ara verməyən Sadiq Kərimov diqqətini təkcə idmana yox, eyni zamanda dərslərinə də yönəldib. Məktəb müəllimləri də deyir ki, o təkcə məktəbin yox, bütün Naxçıvanın fəxridir. İdmanla yanaşı, dərslərindən də əla qiymət alan qəhrəmanımızın ən çox sevdiyi fənn isə Azərbaycan dilidir. 
    Kərimovun böyük döyüş potensialı ona universal olmaq imkanı yaradıb. Belə ki, qeyri-olimpiya idman növündə dünya və Avropa çempionatlarında uğur qazanan Sadiqin daha bir istəyi olimpiya yarışlarında iştirak etməkdir. Məhz buna görə o, gücünü daha bir idman növündə – güləşdə sınayır. Ancaq bir idmançı üçün bu elə də asan deyil. Kikboksinq, universal döyüş, eyni zamanda güləşdə uğur qazanmaq, demək olar ki, qeyri-mümkün görünür. Lakin Sadiq Kərimov bu tendensiyaya son qoymaq niyyətindədir və o bu sahədə böyük uğurlar qazanacağına inanır. Fərqli idman növləri ilə məşğul olması ona maraqlı döyüş tərzi verib. Güc və cəldliyin birləşməsi rinq və döşəkdə Sadiqə əlavə üstünlük qazandırır. O, rəqibinə istənilən məsafədə və istənilən anda hücum etmək şansına malikdir. Tək zərbə ilə kifayətlənməyən Sadiq yarışlarda rəqibləri üçün arzuolunmaz birisidir. Daim hücum etməyi sevən qəhrəmanımız müdafiədə “oturaraq” qələbə qazanmağı sevmir. Hər yarışda məşqçiləri ondan maraqlı addım atmasını gözləyirlər...
    Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançısı yaşının az olmasına baxmayaraq, həmyaşıdlarından xeyli fərqlənir. Daim öz üzərində işləməyi sevən Sadiq Kərimov qazandığı uğurlarla heç vaxt öyünmür, yalnız irəli baxır və böyük uğurların qarşıda olduğuna inanır. Simasında mülayim təbəssüm olsa da, bəzən, bir qədər sərt olan Sadiqin qarşıdakı illərdə Naxçıvan idmanı üçün böyük nailiyyətlər əldə edəcəyinə məşqçiləri kimi biz də inanırıq.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.12.2022 19:24