AZ EN RU

“Dünənin, bu günün və gələcəyin partiyası” mövzusunda yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr edilmiş “Dünənin, bu günün və gələcəyin partiyası” mövzusunda yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
    Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini – Aparatın rəhbəri Anar İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının 30 illik keçdiyi şərəfli yola qısaca nəzər salıb, görülən işlər barədə danışıb. Qeyd edilib ki, Azərbaycanın siyasi sistemində mühüm yer tutan Yeni Azərbaycan Partiyası müasir dövlət quruculuğunda, müasir Azərbaycanın inkişafında müstəsna xidmətləri olan təşkilatdır. Bu 30 il ərzində yeni nəsil yetişmiş, yeni Azərbaycan vətəndaşı formalaşmış, məhz bu gənclik öz potensialından səmərəli istifadə edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində mühüm rol oynamışdır. Yeni Azərbaycan Partiyasının bütün sahələrdə həyata keçirdiyi tədbirlər milli birlik, Azərbaycançılıq ideyalarına əsaslanmış, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etmişdir. 
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir. Gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün onlar bütün sahələrdə ön cərgələrdə uğurla fəaliyyət göstərir, ölkəmizi dünyada uğurla təmsil edirlər. Qazanılan nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclərin də rolu danılmazdır. Bu gün partiya sırasında gənclərin çoxluğu diqqətçəkəndir. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsində bütün kateqoriyalar üzrə gənclər uğurla iştirak ediblər. Bundan sonra da belə müsabiqələrin təşkili davamlı olacaq.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva qeyd edib ki, muxtar respublikamızda gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar öz potensiallarını üzə çıxara bilir və müvəffəqiyyət əldə edirlər. Bu tədbir çərçivəsində rəsm müsabiqəsi də təşkil edilib. Müsabiqəyə gənc rəssamların müxtəlif mövzularda əsərləri təqdim edilib. Belə tədbirlərin təşkili həm gənclərin qabiliyyət və bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır, həm də onların gələcək fəaliyyətləri üçün böyük stimuldur. 
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov qeyd edib ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası gəncliyin partiyasıdır. Gənclər partiyanın vahid amalı ətrafında sıx birləşərək onun ümumi inkişafına layiqli töhfələrini verirlər. 
    Çıxışçılar müsabiqə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. 
    Sonra “Azərbaycanın ürəyidir Naxçıvan” filmi izlənilib, yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bildirək ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən oktyabr-noyabr aylarını əhatə edən yaradıcılıq müsabiqəsinə 16-35 yaş arası gənclər tərəfindən 40 yaradıcılıq işi təqdim olunub ki, onların 14-nü qəzet məqaləsi, 24-nü rəsm əsəri, 2-ni isə teleradio materialı təşkil edib. Qaliblərə diplom və pul mükafatları, digər iştirakçılara təşəkkürnamələr təqdim olunub. 
    Sonda yaradıcılıq işlərindən “Könlüm Naxçıvanın uğur formulu – Qurucu rəhbərlə tərəqqiyə qovuşmuş muxtar diyar” məqaləsindən bir hissə səsləndirilib, müsabiqəyə təqdim edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 14.11.2022 19:58