AZ EN RU

Dövlət qayğısı idmançıları yeni qələbələrə ruhlandırır

    Ötən ay muxtar respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə ixtisaslı kadr bazasının genişləndirilməsi, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki fəallığını artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib, idmançıların ölkə və beynəlxalq arenaya çıxışı istiqamətində görülən işlər davam etdirilib.
    Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrindən birində gənclərin zabit və əsgərlərlə görüşü təşkil olunub. Ənənəvi görüşlərdən fərqli olaraq bu dəfə gənclər üçün hərbçilər tərəfindən təlim-tapşırıqlar nümayiş etdirilib, silah və texnikalarla tanışlıq olub. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti arasında “Vətəni tanı!” və “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib. Kitab müzakirələri çərçivəsində gənclərlə keçirilən növbəti görüşdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından danışılıb, 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan olunması ilə əlaqədar könüllü gənclərin iştirakı ilə “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Tarixə ekskursiya” layihəsi çərçivəsində isə Şərur rayonunun tarixi-mədəni məkanlarına ekskursiyalar təşkil olunub. Bununla yanaşı, muxtar respublikanın şəhər və rayonlarında intellektual oyunlar, vətənpərvərlik motivli filmlərin nümayişi, kitab müzakirələri və müsabiqələr keçirilib.
    Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 16 yaşadək yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib, aidiyyəti üzrə tapşırıqlar verilib. Azərbaycan Boks Federasiyanın prezidenti Sahil Babayev muxtar respublikaya səfəri çərçivəsində İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri və Naxçıvan Boks Federasiyasının sədri ilə bərabər, burada boksçuların məşq prosesini izləyib, məşqçi və idmançılar üçün yaradılan şəraitlə tanış olub. Sonda boks idman növünün gələcək inkişaf perspektivləri və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb. “Level-1” beynəlxalq məşqçilik kurslarını uğurla bitirən fiziki tərbiyə müəllimləri və tələbələrə fəaliyyət sertifikatının təqdim olunması, eləcə də Naxçıvanda ilk badminton klubunun yaradılması ilə bağlı tədbir keçirilib. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun başçılığı ilə Naxçıvana gələn nümayəndə heyəti klubun təqdimatında və məşqçi-idmançı bazasının yaradılması prosedurunda iştirak edib. Gənclərdən ibarət komandalar arasında 3x3 basketbol üzrə ilk muxtar respublika səviyyəli yarış, yaşı 18-dək olan sağlamlıq imkanları məhdud şəxslər arasında üzgüçülük, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında oxçuluq, gənclərdən ibarət komandalar arasında peyntbol üzrə muxtar respublika birincilikləri, Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika turniri, həmçinin muxtar respublikanın şəhər və rayonlarında şəhidlərimizin xatirə turnirləri, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə birinciliklər, yoldaşlıq görüşləri keçirilib.
    Ötən ay Naxçıvan Güləş Federasiyasının yetirməsi Vüsal Əliyev Rumıniyanın Konstansa şəhərində keçirilən çimərlik güləşi üzrə 17 yaşadək idmançıların dünya çempionatında qızıl medal qazanaraq milli komandamızın tarixi uğurunda pay sahibi olub. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Azərbaycan I Divizionunda daha 3 görüş keçirib və həmin oyunlardan maksimum xal toplamaqla turnir cədvəlinin vahid liderinə çevrilib. Atletimiz Əmrah Nağıyev “Tbilisi Marafonu – 2022”-də fərqlənərək 10 kilometr məsafəyə qaçışda yarışın medalçılarından biri olub. Bədii gimnastika üzrə baş məşqçi Humay Qafarova isə “Ay işığı” komandasının heyətində gimnastika hamı üçün növü üzrə Tbilisi gimnastradasında, eləcə də eyni növ üzrə Bakıda keçirilən festivalda qalib olub. Bu yarışmada iştirak edən 7 azyaşlı bədii gimnastımız müvafiq yaş kateqoriyasında birinci yerə layiq görülüb. Kikboksinqçilərimiz Hövsan Olimpiya İdman Kompleksində keçirilən “Zəfər turniri” və Göygöl rayonunda şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş açıq birincilikdə 3-ü qızıl, 4-ü gümüş və 2-si bürünc olmaqla, ümumilikdə, 8 medal qazanıb, güləşçimiz Nihad Ələkbərov isə Bakıda iştirak etdiyi açıq birincilikdə ikinci olub. 
    İdman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar çərçivəsində Kikboksinq, Hava və Ekstremal İdman Növləri, Atıcılıq, Paralimpiya federasiyalarının təmsilçiləri müvafiq olaraq Naxçıvan Biznes Mərkəzi, Dövlət Tarix Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.10.2022 20:06