AZ EN RU

Dövlət qayğısı gəncləri yeni uğurlara aparır

    Ötən ay ərzində bədən tərbiyəsi və idmanın inkişafı, könüllülərlə işin təşkili, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki fəallığını artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib; bu ilin ötən dövründə fərqlənən istedadlı gənclərin əməyi qiymətləndirilib. 

    Beynəlxalq Gənclər Günü ilə bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq “Nə? Harada? Nə zaman?” intellektual oyunu, Heydər Əliyev Su Anbarı ətrafında təmizlik aksiyası, vətənpərvərlik janrında “Yarımçıq xatirələr” tammetrajlı bədii filmin nümayişi, sağlamlıq imkanları məhdud gənclər arasında rəsm müsabiqəsi, “Naxçıvan” və “Culfa” komandaları arasında çimərlik voleybolu üzrə yoldaşlıq görüşü, 2006-2008-ci illər təvəllüdlü idmançılar arasında 25 metr məsafə üzrə üzgüçülük yarışı, həmçinin muxtar respublikanın şəhər və rayonlarında Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub. Əlamətdar günlə bağlı tədbirlər avqustun 12-də  keçirilən bayram tədbiri ilə yekunlaşıb. Tədbirə dəvət olunan Vətən müharibəsi iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edilib, müxtəlif sahələrdə uğurlu fəaliyyəti ilə fərqlənən, eyni zamanda Beynəlxalq Gənclər Günü ilə əlaqədar keçirilən yarışlarda yer tutan gənclər mükafatlandırılıblar. Nazirliyin əməkdaşları Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyənin İstanbul şəhərində keçirilən təcrübə mübadiləsinə cəlb olunublar. Sənan Bədəlov Türk Dövlətləri Təşkilatının 1-ci Gənclər Könüllülük Təlim Proqramında, Fizuli Məhəmməd isə Türk Dövlətləri Təşkilatının Katibliyi üzv və müşahidəçi dövlətlərin 1-ci Çoxtərəfli Gənclik Mübadilə Proqramında iştirak edib. 
    Ötən ay Ağbulaq İstirahət Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü gənclər və Yeni Azərbaycan Partiyası fəallarının “Yay məktəbi”nin növbəti iki mərhələsi reallaşıb. İştirakçılar üçün öyrədici, maarifləndirici və motivasiya xarakterli təlimlər, intellektual yarışmalar, film nümayişləri, diskussiyalar, əyləncəli idman oyunları, bədii qiraət gecələri təşkil olunub, düşərgədə fəal və uğurlu fəaliyyəti ilə seçilən gənclərə sertifikat təqdim edilib. “Yay məktəbi”ndə iştirak edən gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov gənclərlə görüşərək onların fikir və təkliflərini dinləyib, qayğıları ilə maraqlanıblar. Gənclər üçün “Milli-mənəvi dəyərlər: müasirlik və ənənə” mövsuzunda və yol hərəkəti qaydalarının təbliğinə aid maarifləndirici tədbirlər təşkil edilib, “Tarixə ekskursiya” layihəsi çərçivəsində Ordubad rayonunda yerləşən muzeylər ziyarət olunub, ekskursiyalarda verilən məlumatlarla bağlı hazırlanan suallar əsasında intellektual yarış keçirilib.
    Hesabat ayında nazirliyin idman federasiyaları ilə birgə fəaliyyət planına uyğun olaraq muxtar respublikada daha bir texniki-taktiki seminar və kurs reallaşıb. Bakı “Güvən” İdman Klubunun direktoru, “Təhsil” Respublika İdman Mərkəzinin məşqçi-müəllimi, idman ustası Vüqar Əliyev Naxçıvan cüdoçuları ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb. Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq (qol güləşi), 16 yaşdan yuxarı həvəskar idmançılar arasında üzgüçülük, böyüklər arasında çimərlik voleybolu üzrə muxtar respublika birincilikləri, Vətən müharibəsi şəhidi Məmmədov Araz Qəhrəman oğlunun xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər (2007-2009-cu illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib. Təmsilçimiz “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Azərbaycan I Divizionunun yeni mövsümünə uğurla başlayaraq ilk iki turda “Qarabağ-2” (5-1) və “İmişli” (0-3) klublarını məğlub edib. 
    Ötən ay idmançılarımız ölkə və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış ediblər. Paralimpiyaçımız Fuad Qəribov Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində komanda hesabında qalib olan Azərbaycan millisinin heyətində yer alıb. Karateçilərimiz Bakı İdman Sarayında 6-13 yaşlı uşaqlar arasında “Olimpiya ümidləri-2022” beynəlxalq turnirini 9-u qızıl, 4-ü gümüş, 4-ü bürünc, Fövqəladə Hallar Nazir­liyinin Bakı şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzində “full contact” karate növləri üzrə açıq birincilikdə isə 10 qızıl, 9 gümüş və 7 bürünc medal əldə ediblər. Abşeron Olimpiya İdman Kompleksində uşu üzrə Bakı açıq çempionatında idmançılarımız 1 qızıl və 1 gümüş medal qazanıblar. 
    İdman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar çərçivəsində Atletika, Basketbol, Futbol və Voleybol federasiyalarının təmsilçiləri müvafiq olaraq Milli Dəyərlər Muzeyi, Yusif Küseyir oğlu türbəsi, Duz Muzeyi və Nəbatat bağını ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 07.09.2022 19:18