AZ EN RU

Dövlət dəstəyi və təşəbbüskarlıq bir yerdə olanda…

Muxtar respublikada kənd turizmi inkişaf etdirilir

    Turizm müasir dövrdə ən geniş yayılmış məşğuliyyət sahələrindəndir. Məlum pandemiya səbəbindən son bir neçə ildə bu sahənin inkişafında bütün dünyada axsamalar olsa da, artıq mövsümə uyğun olaraq turizm hərəkətliliyinin başlandığını hər yerdə müşahidə etmək mümkündür. Naxçıvan Muxtar Respublikasında da turizmin inkişafı daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə çoxsaylı addımlar atılır.  Muxtar respublikada turizmin əhəmiyyətini və bu sahədə görülən işləri yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir...”

    Qeyd edək ki, son illərdə muxtar respublikada ən geniş yayılmış  turizm növlərindən biri də kənd turizmidir. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamından sonra muxtar respublikada kənd turizminin potensialından istifadə getdikcə daha artıq maraq dairəsinə çevrilməyə başladı. Elə bu marağın nəticəsidir ki, bu gün artıq muxtar respublikada turizmin inkişafına öz töhfəsini vermək istəyən insanlar da az deyil. Onlardan biri də Culfa rayonunun Ləkətağ kəndi sakini Dünyamalı Hacıyevdir. O, bir neçə aydır ki, kənddə Əlincə çayının keçdiyi ərazidə – çay sahilində kiçik bir istirahət kompleksi inşa edərək bura yolu düşən yerli və əcnəbi turistlərə müxtəlif xidmətlər göstərir. Elə müsahibimizlə söhbətimiz də kəndin turizm potensialı, buradakı istirahət kompleksi və gələcək perspektivlər haqqında oldu. 
    – Dünyamalı müəllim, istərdim əvvəlcə Ləkətağ kəndinin turizm baxımından əhəmiyyətini qiymətləndirəsiniz. Turistlər hansı səbəblərə görə istirahət üçün buranı seçə bilərlər?
    – Ləkətağ Culfa rayonunun ucqar dağ kəndlərindən biridir. Təmiz havası, yerləşdiyi maraqlı coğrafiyası ilə kənd bura gələn qonaqların hər birinin diqqətini özünə cəlb edir. Əlincə çayının kəndin düz ortasından axaraq keçməsi bu gözəlliyi daha da artırır. Kəndimizdə aparılan tikinti-quruculuq tədbirləri isə Ləkətağın təbii gözəlliyinə əlavə rəng qatmaqla yanaşı, bu yaşayış məntəqəsinə gediş-gəlişi də asanlaşdırıb, sakinlərin müəyyən xidmətlərdən istifadə etməsinə imkan verib. O ki qaldı turistlərin bu kəndə gəlmə səbəblərinə, qeyd eləməliyəm ki, bizim kəndə gələnlərin əksəriyyəti təmiz hava, sərinlik, təbii gözəllikləri görmək və sair baxımdan bu istiqaməti seçir. Onu da vurğulayım ki, son bir neçə ildə gələnlərin sayı xeyli artıb. Bildiyiniz kimi, bu gün artıq muxtar respublikanın daxili turizmində bir hərəkətlilik var. Xüsusilə şənbə-bazar günləri yerli sakinlərin kəndlərimizə axını daha çox olur. Elə kənddə turizm xidmətinin yaradılması ideyası da buradan qaynaqlandı. 
    – Yəni insanların istirahət məqsədilə bura üz tutduqlarını gördünüz və bu da sizi yeni xidmət sahəsi açmağa həvəsləndirdi.
    – Bəli. Görürdüm ki, istirahət məqsədilə gələnlər var, lakin onların haradasa bir oturmaq, müəyyən xidmətlərdən istifadə etmək imkanları yoxdur. Bunu da deyim ki, son bir neçə ildə kəndimizdə turizmin inkişafında əsas təkanlardan biri də, vətəndaşlara məxsus evlərin kirayə verilməsi oldu. Bütün bunlar isə mənə daha da ilham verdi ki, bu işə başlayım.
    –…Və ilk olaraq haradan başladınız?
    –  Hazırda istirahət üçün nəzərdə tutduğumuz bu obyektin ərazisinin bir hissəsi başqa bir vətəndaşa məxsus idi. Dörd yüz kvadratmetrlik həmin ərazini ondan satın aldıq, digər yerlər isə gördüyünüz kimi, nə əkin üçün, nə də fərdi yaşayış evi üçün əlverişlidir. Çünki ərazi dərə sahilində yerləşdiyi üçün buradakı torpaqdan digər məqsədlə fayda götürmək mümkün deyil. Amma mən düşünürdüm ki, bu “söntəmsiz ərazidə” açıq istirahət üçün bir məkan düzəltmək olar. Maraqlı burasıdır ki, fikrimi kimə dedimsə, heç kim buna inanmadı. Ərazi kiçik olsa da, yer seçimində qərarım qəti idi və bu fikrimi  Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə də bildirdim. Hər iki dövlət qurumu bu təşəbbüsümü yüksək qiymətləndirdi və lazımi dəstək üçün hazır olduqlarını bildirdi. Qısa bir müddətdə Sahibkarlığın İnkişafı Fondundan 40 min manat kredit götürərək işə başladım.   
    – Hazırda burada hansı işlər görülür, istərdim bu haqda oxucularımıza məlumat verərsiniz.
    – İlkin olaraq biz burada yeməklərin hazırlanması üçün mətbəx, əlavə olaraq yemək və istirahət üçün iki otaq, eyni zamanda yuxarıdan aşağıya doğru 6 ədəd üstüörtülü, ancaq ətrafı açıq söhbətgah tipində oturma məkanı düzəltdik. Bu cür məkanlar bir-birinə pilləkənlər vasitəsilə birləşdirilib. Yəni kənardan baxdıqda, bütün oturma yerləri dərə yatağının sahilində sərt maili ərazidə qurulub. Bundan əlavə, əraziyə yeni bulaq suyu çəkmişik, sanitar qovşaqlar tikmişik, hərəkət üçün səkilər salmışıq. Əlincə çayından axan suyun şırıltısı isə burada daim eşidilir. Bu da istirahət edənlərə ayrı bir zövq verir. 
    – Gəlin məsələnin bir az da mahiyyətinə varaq. Yəni oxucularımızda belə bir təəssürat yaranmasın ki, hansısa bir mənzərəli yerdə, belə deyək də, yeməkxanatipli bir məkan açdın, deməli, bu elə turizmdir. Təbii ki, qastronomiya turizmin ayrılmaz hissəsidir, ancaq konsepsiya olaraq fəaliyyətinizdə nəyi görə biləcəyik? 
    Söhbətin əvvəlində də qeyd etdiyim kimi, bizim kəndə gələnlər, əsasən, sakit, havası və suyu təmiz təbiət axtarışında olanlar, kənd məhsullarına üstünlük verənlərdir. Fikir vermişəm, bura gələnlərin əksəriyyəti almaq üçün Ləkətağ balını, pendirini, almasını və digər məhsulları soruşurlar. Bizdə hazırlanan yeməklərin də hamısı kəndimizin yerli məhsullarındandır. Həmçinin bu gün kəndimizdə xeyli sayda ailə təsərrüfatları var. Nəzərdə tutmuşuq ki, həmin təsərrüfatlarda hazırlanan məhsulların burada satışını təşkil edək ki, gələn qonaqlar bu məhsullardan alıb apara bilsinlər. Bundan əlavə, yay fəslində insanların sərinləşdirici qidalara ehtiyacını nəzərə alıb təzə dondurma satışı da təşkil ediləcək. Fərqli olsun deyə, Maraş dondurması üzərində dayandıq. Bunun üçün Türkiyənin Kahramanmaraş şəhərindən dondurma ustası da dəvət etmişik və burada fəaliyyət göstərəcək. Dondurmada istifadə olunan süd hər gün kənddən aldığımız yerli süd olacaq. Eyni zamanda nəzərdə tutmuşuq ki, türkiyəli usta kənddəki gənclərdən bir neçəsinə bu işi öyrətsin ki, sonra gedəndə bizim özümüzün dondurmaçılarımız olsun. İstirahətə gələnlər üçün at və ya fayton gəzintilərini təşkil etmək də planımızda var və bu sahədə hazırlıqlar gedir.
    – Yəni məqsəd insanların mənalı istirahətini təşkil etməyə maksimum səy göstərməkdir.
    – Bəli, əsas odur ki, insanların istirahəti üçün lazımi şərait olsun. Şükürlər olsun ki, bu gün dövlətimiz tərəfindən bütün sahələrə qayğı göstərilir, kəndlərimiz abadlaşdırılır, təbiətimiz qorunur, gözəlləşir, təmizliyə çox ciddi əməl olunur.  Belə olan tərzdə niyə istirahət üçün kəndlərimizi seçməyək?  
    – Əlbəttə, niyə də seçməyək, daxili turizmin inkişafı elə bu cür kiçik addımlardan başlayır. Dövlətin bu sahəyə dəstəyi göz qabağındadır, amma sizin kimi insanların da təşəbbüsləri burada böyük rol oynayır. 
    – Mən hər zaman muxtar respublikamızda turizmin inkişafı ilə bağlı atılan addımları yaxından izləyirəm. Sizin də bildiyiniz kimi, hörmətli Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” da mövcuddur. Çalışırıq ki, dövlətimizin də qayğısı ilə başladığımız bu layihə ilə turizmin inkişafında bizim də payımız olsun. Qəzetiniz vasitəsilə də bizə hərtərəfli dəstək göstərən dövlətimizə, aidiyyəti qurumlara  minnətdarlığımı bildirirəm. 
    – Biz də sizə işlərinizdə uğurlar arzu edirik. 
    Yazının əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tuizmin inkişafı ilə bağlı bir sitatını qeyd etmişdik. Həmin sitatda sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillər kimi səciyyələndirilmişdir. Həqiqətən də sabitlik, inkişaf, dövlət qayğısı olan yerdə istənilən nəticəyə gəlmək mümkündür. Yetər ki, təşəbbüskarlıq və aydın məqsəd olsun.  Elə Ləkətağ kənd sakini Dünyamalı Hacıyevin fəaliyyətində olduğu kimi.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 02.06.2022 20:06