AZ EN RU

Doğru yolun bu günü

2023-cü il “Heydər Əliyev İli”dir 

    Təzadlarla dolu olan yaşadığımız həyatda insan ömrü çox qısadır. Ulu Dədə Qorqud deyirdi: “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya”. Məsələ bu qısa zaman kəsiyinə sığışan ömrü necə yaşamaqdadır ki, cəmiyyət üçün faydalı işlər görə biləsən. Bu ömrü kamil insanlar öz yaxşı əməlləri ilə, necə deyərlər, hətta uzada bilirlər. Həmin əməllərin fövqündə  dayanan isə Ulu Tanrının bizə bəxş etdiyi ömrü doğruluqla başa vurmaq, həyatda doğru yol tutmaqdır. Bu yolu seçənlər, bu yolda çətinlikləri dəf etməyi bacaranlar mənzil başına çatıb arxaya dönəndə qət etdiyi yolun doğruluğunu, bir qədər obrazlı desək, şirinliyini görürlər. Cəmiyyət qarşısında alnıaçıq, üzüağ olduqları üçün ürəkdolusu nəfəs alırlar.

    Hər bir insan üçün milli mənsubiyyətini onun qürur mənbəyi sayan, azərbaycanlı olmağı ilə fəxr edən Ulu Öndərimiz Heydər Əliyev doğru yolu, haqq-ədalət yolunu tutan insanlara böyük dəyər verirdi. Çünki görkəmli dövlət xadimi özü də bu yolun yolçusu idi. Mənsub olduğu xalqın layiqli səviyyədə yaşamasını təmin etmək, təmsil olunduğu dövlətin iqtisadi qüdrətinin yüksəldilməsinə nail olmaq, dünya dövlətləri içərisində söz sahibinə çevirmək Onun tutduğu yolun qarşısında duran başlıca vəzifələr idi. Ulu Öndər hər birimizə təlqin edirdi ki, harada yaşayırsan-yaşa, Vətəndən, ana torpaqdan şirin şey yoxdur. Deyirdi ki, siz düşünməyin Azərbaycan sizə nə etməlidir? Düşünün ki, siz Azərbaycana nə etməlisiniz. Şərt odur ki, insan milləti, Vətəni, torpağı üçün nə edir. Çünki xalqımızın dahi oğlu Ulu Yaradanın Ona verdiyi ömrü belə yaşamışdı. Bu yolda qarşılaşdığı təhdidlər, qadağalar, keşməkeşlər dahi şəxsiyyəti yolundan döndərə bilmədi. Çünki doğma, canı və varlığı qədər sevdiyi Azərbaycan Onun qibləgahi idi. Bütün şüurlu ömrünü Vətənin inkişafına və tərəqqisinə həsr edən, respublikamızın ağır və çətin dövründə xalqın dərdinə şərik olan, vətəndaşlıq borcunu yerinə yetirən, azadlığımız uğrunda mübarizə aparan Ümummilli Liderimiz deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam”. Gücünü və iradəsini müdrik və qədirbilən xalqından alan, həyatın mənasını çox və ya az yaşamaqda deyil, həyatda öz yerini tutmaqda, mövqeyini müəyyən etməkdə, ləyaqət göstərməkdə, başqaları üçün nümunə olmaqda görən dahi şəxsiyyət bugünkü müasir və müstəqil Azərbaycanı qurmaq üçün qısa zaman kəsiyində fövqəlbəşər işlər gördü; gecəli-gündüzlü çalışdı, xalqının maddi-rifah halını, Azərbaycanı  görmək istədiyi səviyyəyə yüksəldərək doğma yurdumuzu dünyaya tanıtdırdı. Məqsəd bir idi – “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamında deyildiyi kimi: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir...”
    İctimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə demokratiyanın  inkişaf edə bilməsini, onun hüdudlarının genişliyini dəfələrlə bəyan edən, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq mümkünlüyünü vurğulayan Ümummilli Lider qətiyyətlə deyirdi ki, nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın; Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Demokratik, müstəqil Azərbaycan dövlətinin bərqərar olmasını xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi sayan Ulu Öndər ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsində, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, onun əbədiliyinin və dönməzliyinin təmin olunmasında hər birimizin məsuliyyət daşımasını vurğulayır, Azərbaycanın müstəqillik kimi bir sərvətini xalqımız üçün böyük nailiyyət hesab edir, həyatının ən çətin anlarında, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalandığını deyirdi. Xalqımızın bugünkü birliyinin təməlində də Azərbaycanın müstəqilliyi, Vətənimizin suverənliyi, torpaqlarımızın bütövlüyü uğrunda var qüvvəsi ilə çalışan, heç bir terrordan, heç bir hədə-qorxudan çəkinməyən Ulu Öndərimizin mübarizələrlə dolu həyat təcrübəsi dayanır. Təbii ki, belə zəngin həyat təcrübəsi keçilən uzun bir yolda qazanılıb. Bu yolda Ulu Öndərin böyük ehtiram göstərdiyi milli-mənəvi dəyərlərimiz ən qiymətli qaynaqlar olub. Öz dəyərini bu gün də saxlayan bu sərvətlər min illərin sınağından çıxıb. Xalqımızın milli təfəkkür süzgəcindən keçən belə sərvətlərlə bağlı Ulu Öndər deyirdi: “... Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənlərimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim ocaqlarımızın mənəviyyatını təşkil edən amillərdir”. 
    Dahi şəxsiyyət bu dəyərlərin qorunmasına böyük önəm verməyi, bunun hər bir azərbaycanlının ana vəzifəsinə çevrilməsini tövsiyə edirdi: “Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”. Ulu Öndər çox doğru olaraq qeyd edirdi ki, bizim  milli dəyələrimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz, –  deyən dahi şəxsiyyət həmişə vurğulayırdı ki, öz milli dəyərlərimizi unutmamalı, onu yaşatmalı, bu dəyərlərdən bəhrələnməli, ruhlanmalı, bu yolu tutmalıyıq. Gənclərə daim qayğı göstərən, onların dövlətçiliyimizə, müstəqilliyimizə məhəbbət ruhunda formalaşdırılmasını diqqətdə saxlayan, həyatı, bütün siyasi fəaliyyəti dövründə ancaq xalq üçün, insanlar üçün düşünən, xalq və insanlar üçün yaşayan, həyatının məqsədi Azərbaycan, Azərbaycan xalqı, Azərbaycan Respublikası, Azərbaycan vətəndaşı olan Ulu Öndər gənclərlə tez-tez görüşür, onlara tövsiyə edirdi ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək həyat yolu kimi qəbul etməlidir. Öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ancaq hər şeydən çox,  hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Çünki bizim borcumuz Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur.
    Bu gün ölkəmizdə alternativi olmayan bu doğru yol diyarımızı inkişaf və tərəqqinin yeni müstəvisinə gətirib çıxarıb. Kiçik dövlət sayılan ailədə, uşaq bağçasında, orta məktəbdə, ali təhsil müəssisələrində bu yola sadiqlik yüksək səviyyədə formalaşdırılıb, haqq-ədalət yolunun uca zirvələr fəth etməyin ən düzgün yolu olduğu artıq sübuta yetirilib. Bu gün hər bir azərbaycanlının dövlətə və dövlətçiliyə sədaqəti doğru yolda olmasının ifadəsidir. Dövlətə və dövlətçiliyə sədaqəti isə insanların həyat səviyyəsində, yaşayışında bütün çalarları ilə görmək olar. Doğru yol insanların qurub-yaratmaq əzmini günü-gündən yüksəldir, gənclərin, yeniyetmələrin doğma torpağa, xalqa, Vətənə bağlılığını, onun taleyinə cavabdehlik hisslərini gücləndirir, ən qiymətli sərvət olan müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə çağırır. 
    Bu heç kimə sirr deyil ki, bu yol müqəddəs yoldur – davam etdikcə uğurlarımız da artır. Həmişə doğru yolda olaq.  Bu yol Ulu Öndərdən gələn yoldur. 

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 25.01.2023 19:50