AZ EN RU

Dezinfeksiya tədbirlərinin növbəti mərhələsinə başlanılıb

    Naxçıvanda əhalinin sağlamlığının qorunması üçün infeksiyaların, yoluxucu xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 9-dan növbəti genişmiqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. Tibbi-profilaktik tədbirlər martın 27-dək davam etdiriləcək.
    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Gigiyena və Epidemiologiya Mərkəzinin və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə növbəti intensiv qabaqlayıcı profilaktik tədbirlərə başlanılıb. 
    Bu məqsədlə tərtib olunan qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin                 5 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərinin avtomobil yolları dərmanlanıb. Belə ki, şəhərin Heydər Əliyev prospekti, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, “İstiqlal” və digər küçələrinin avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunub.
    Şəxsi heyətin iştirakı ilə isə Heydər Əliyev Muzeyinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, “İstiqlal” küçəsində, Çənlibel məhəlləsindəki yaşayış binalarının girişi, ətrafı və zirzəmiləri, “Görüş yeri” kafesi, “Əyləncə adası” və “Sahil Parkı” istirahət mərkəzləri və digər ictimai yerlərin ətrafı dərmanlanıb. 
    Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dərmanlama tədbirləri muxtar respublikanın rayonlarında da həyata keçirilib. Qrafik əsasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının avtomobil yolları 7 xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub. Həmçinin ictimai yaşayış binalarında, ticarət mərkəzlərində, avtovağzallarda, insanların sıx toplaşdıqları digər yerlərdə dezinfeksiyaedici maddələrlə tibbi-profilaktik tədbirlər həyata keçirilib. 

Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 09.03.2022 19:09