AZ EN RU

Dərs vəsaitinin təqdimatı olub

    Dünən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında təşkilatın üzvü, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Fortepiano kafedrasının baş müəllimi Fəridə Ağayevanın “İnstrumental pyeslər simli və nəfəsli alətlər üçün” dərs vəsaitinin təqdimatı keçirilib. 

    Tədbirdə Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov müəllifin yaradıcılığı və ərsəyə gətirdiyi dərs vəsaiti haqqında məlumat verib.  Bildirib ki, Fəridə Ağayeva 2016-cı ildən Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvüdür. Təşkilatın plenumlarında 2012-2018-ci illərdə mahnıları səslənib. 2018-ci ildə “Heydər Əliyev-95” mahnı müsabiqəsində iştirak edərək I yerə layiq görülüb. Hazırda dissertant olaraq “Azərbaycan musiqi tarixi kontekstində  Naxçıvan Bəstəkarlar Təşkilatının fəaliyyəti və rolu” mövzusu üzərində çalışır. Elmi, pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğuldur. “Musiqi aləmi” və “Uşaq mahnıları”  adlı iki kitabın müəllifidir. Dəfələrlə müsabiqələrdə iştirak edib, diplom və fəxri fərmanlarla təltif olunub. 
    Qeyd edilib ki, təqdimatı keçirilən yeni dərs vəsaiti musiqi təhsili alan tələbələr, eləcə də bu sahədə çalışan müəllim heyəti üçün maraqlı və faydalıdır. Yaşar Xəlilov müəllifi təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
    Tədbir müəllifin əsərlərindən ibarət bədii hissə ilə davam etdirilib. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 02.03.2022 19:12