AZ EN RU

“Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada informasiya təhlükəsizliyinə həsr olunmuş ilk vebinar reallaşdırılıb

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nazirliyin və struktur bölmələrinin aidiyyəti əməkdaşlarına “Proqramlaşdırma, irihəcmli verilənlər, maşın öyrənməsi və süni intellekt kimi sahələrdə biliklərin inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi üzrə maariflənmənin artırılması və kiber təhlükəsizlik risklərindən qorunma üsulları” mövzusunda vebinar keçirilib.
    Tədbiri giriş sözü ilə açan rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rabitə və yeni texnologiyalar sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə onlayn kurslar təşkil olunur, təlimlər keçirilir, müvafiq peşə ixtisasına malik olmayan əməkdaşların ixtisasartırma kurslarına cəlbi təşkil olunur. Nazir tədbirin mahiyyəti və əhəmiyyətindən bəhs edib.

    “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, “İNSECO” İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı kiber təhlükəsizliyin bu günün texnologiya dünyasında hər kəs üçün zəruri olduğunu vurğulayıb və bu səbəbdən veb-saytların və ya tətbiqlərin tərtibi zamanı kiber hücumlardan qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin vebinarda, serverlərin quraşdırılması və istifadəsi zamanı təhlükəsizlik qaydalarının gözlənilməsi, verilənlər bazasının etibarlı mühafizəsi, kompüter şəbəkələrinə, şəbəkə resurslarına icazəsiz girişlərin, onlardan qeyri-qanuni sui-istifadənin və bu kimi digər halların qarşısının alınması, məlumatların qorunmasında istifadəçinin mümkün kiberhücumlardan necə mühafizə olunması barədə ətraflı məlumat verib. 
    Sonda nazirliyin proqramçılarını maraqlandıran suallar cavablandırılıb.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə fevral ayı ərzində “Microsoft” korporasiyası və “HUAWEİ Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təlimlər keçirilib. Bu vebinar da həmin istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi davamıdır.

  Naxçıvan Muxtar Respublikası
 Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.03.2022 19:31