AZ EN RU

Daxili Qoşunlar ictimai sabitliyin təminatçısıdır

12 mart Daxili Qoşunlar Günüdür

    Martın 12-də Daxili İşlər Nazir­liyi Daxili Qoşunlarının yaranmasından 30 il ötür. Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının “Daxili Qoşunlar Günü” kimi qeyd olunur.

    1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyətinin ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların hərbi hissələri ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə qoşulmuş, şəxsi heyət döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir.

    Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunların xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyindən danışan ulu öndərimiz demişdir: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.

    Ulu öndərimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir”, – deyən dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir.

    1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası yaradılmışdır. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, hərbi hissə abad və müasir şəhərciyə çevrilmişdir. Ordu qurucu­luğu sahəsində aparılan məqsədyönlü islahatlar və mühüm əhəmiyyətə malik Dövlət proqramlarının reallaşdırılması nəticəsində hərbi hissə yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşaraq, fəaliyyətini qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi əsasında quran hərbi hissə Naxçıvan Muxtar Respublikasında daxili sabit­liyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunub qorunmasında fəal iştirak edərək yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir... Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşırıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir”.

    Bu gün şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Hərtərəfli diqqət və qayğı sayəsində, hərbi qulluqçuların maddi və sosial rifah halının artırılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Məhz bu tədbirlərin bariz nümunəsidir ki, 2021-ci ildə zabit-gizir ailələrinin istifadəsindəki təmirə ehtiyacı olan 38 mənzildən ibarət 5 mərtəbəli yaşayış binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir standartlar səviyyəsində qurulan yaşayış binasının istifadəyə verilməsi hərbi qulluqçulara və onların ailə üzvlərinə olan diqqət və qayğının real təzahürüdür. Aparılan islahatlar, döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminat və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir. 
    Peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, nümunəvi nizam-intizama nail olunması və muxtar respublikada dayanıqlı olan ictimai sabitliyin qorunması bu gün “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının qarşısında duran əsas vəzifələrdir. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq metodik təlim toplantıları, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir. 
    Bu gün “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan güclü hərbi birləşməyə çevrilmişdir. Naxçıvan Qarnizonu Qoşunlarının “2021-ci tədris ilinə uzlaşma planına” uyğun keçirilən təlimlərdə yüksək peşəkarlıq fəaliyyəti, həmçinin Türkiyə Respublikası Silahlı Qüvvələri ilə birlikdə keçirilən “Sarsılmaz Qardaşlıq – 2021” döyüş atışlı birgə taktiki təlimi bunu bir daha təsdiq etdi. Həmin təlimlərdə fəal iştirak edən “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirdi.  
    Tariximizə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində qazanılan möhtəşəm qələbə illərdir, həyata keçirilən ideoloji işin, misilsiz yurd sevgisinin və yüksək vətənpərvərliyin məntiqi nəticəsi idi. “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, ərazi bütövlüyümüzün bərpa olunmasında xüsusi rol oynamışdır.
    Ümummilli liderimizin ideyalarına sadiq qalan Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanacaq, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını etibarlı qoruyacaqdır. Ölkə başçısının da dediyi kimi: “Daxili Qoşunlar inkişafdadır. Daxili Qoşunların təminatı yüksək səviyyədə həll edilir. Ən müasir texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da cəmiyyətdə çox böyük funksiyaları vardır. Hər an, hər zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində olmalıdırlar və belə də olacaqdır”.

Daxili Qoşunların “Naxçıvan” 
Əlahiddə Əməliyyat Briqadası

Nəşr edilib : 11.03.2022 19:56