AZ EN RU

Dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi qeyd edilib

    Oktyabrın 24-də – Hüseyn Cavid Poeziya Günündə görkəmli Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə dahi ədibin və Cavidlər ailəsinin uyuduğu Naxçıvan şəhərindəki məqbərəni ziyarət edib, məzarlar üstünə tər güllər düzüblər.
    Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, bu gün Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmış, mənzum faciələri və tarixi dramları ilə dramaturgiyamızda yeni mərhələnin təməlini qoymuş Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 140 il ötür.

    Vurğulanıb ki, zaman və məkana sığmayan sənətkar “vətən xaini”, “xalq düşməni” damğası ilə 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunaraq uzaq Maqadan şəhərinə sürgün edmiş, 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat etmişdir. Böyük şairə 6 mart 1956-cı ildə bəraət verilmişdir.

    Qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” Qərar qəbul edilməsi sənətkara münasibətin köklü şəkildə dəyişməsinin istinad nöqtəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə oldu. Bu qərardan sonra ümummilli lider çox böyük cəsarət tələb edən bir addım atdı: Cavidin cənazəsi 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirildi. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsi idi. 
    Bundan sonra Cavidin əsərləri kütləvi tirajlarla nəşr edilmiş, yubiley tədbirləri təşkil edilmiş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitabxanalar verilmişdir.
    1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. O vaxt ümummilli lider Naxçıvanda Ali Məclisin Sədri işləyərkən yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmişdir.
    Görkəmli dövlət xadimi Heydər Əliyevi Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğı həmişə düşündürürdü. 1995-ci il iyunun 10-da ulu öndər Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin qəbirüstü məqbərəsinin, ev-muzeylərinin və abidəsinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuşdur.
    Vurğulanmışdır ki, ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün ümummilli liderin iştirakı ilə Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olmuşdur. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yubileylə bağlı 2007-ci il 15 may, 2012-ci il 20 fevral və 2022-ci il 27 sentyabr tarixli sərəncamlarla təsdiq etdiyi “Tədbirlər Planı”na əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, muxtar respublikanın ali, orta ixtisas və ümumtəhsil məktəblərində interaktiv dərslər keçilmiş, elmi konfrans və simpoziumlar təşkil edilmiş, Naxçıvan Dövlət Milli Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Xəyyam” və “Topal Teymur” əsərləri tamaşaya hazırlanmış, “Naxçıvan” jurnalının bir nömrəsi Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuşdur. Ali Məclis Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamla təsdiq etdiyi “Tədbirlər Planı”nda hər il görkəmli şair və dramaturqun anadan olduğu günün – 24 oktyabrın muxtar respublikamızda “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilməsi də öz əksini tapmışdır.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin “Hüseyn Cavidin dramaturgiyası”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Hüseyn Cavidin dil və düşüncə dünyası” mövzularında çıxışları olub. Bildirilib ki, böyük şair-dramaturqun ədəbi irsi ədəbiyyat tariximizdə daim yüksək qiymətləndirilmişdir. Ədibin pyesləri uzun illər Azərbaycanda teatrların inkişafına, qüdrətli aktyor nəslinin yetişməsinə güclü təsir göstərmişdir.
    Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Teatrında tamaşaya qoyulmuş dahi ədibin “Topal Teymur” tarixi dramı təqdim edilib. Rejissoru Xalq artisti Kamran Quliyev, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov olan beşpərdəli tamaşanın əsas ideyası ədalətsizliyə, müharibə və əsarətə qarşı kəskin etirazdan ibarətdir. 
    Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.10.2022 19:27