AZ EN RU

Daha bir beynəlxalq turnir keçirilib

    Naxçıvan Şahmat Mərkəzində təşkil olunan “Dördüncü bazar günü” beynəlxalq usta norma yarışı başa çatıb.
    Azərbaycan, Gürcüstan, İran və Türkiyə ilə yanaşı, Naxçıvan şahmatçılarının da mübarizə apardığı yarışda 10 zəka sahibi iştirak edib. Qrossmeyster, FIDE ustası və beynəlxalq ustaların mübarizə apardığı yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
    Yarışın yekun nəticəsinə əsasən 7 xal toplayan Bakı şəhər təmsilçisi, ustalığa namizəd Ümid Aslanov (2226) qalib adını qazanıb. FIDE ustası Şiroğlan Talıbov (2318) 9 turdan 5,5 xal toplayaraq ikinci olub. Gürcüstan təmsilçisi, beynəlxalq qrossmeyster Valerian Qaprindaşvili (2358) isə 5 xalla yarışı üçüncü pillədə başa vurub.    
    Xatırladaq ki, Sloveniyanın Terme Kates şəhərində şahmat üzrə Avropa fərdi çempionatı start götürüb. 300-dən çox zəka sahibinin mübarizə apardığı qitə birinciliyində Azərbaycan 15 şahmatçı ilə təmsil olunur. İştirakçılar arasında Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının məşqçi-müəllimi, beynəlxalq usta Toğrul Həsənzadə (2297) də mübarizə aparır. Şahmatçımız ilk turda ukraynalı qrossmeyster Vladimir Baklanla (2591) üz-üzə gəlib. Görüş “sülh”lə başa çatıb. Şahmatçımız növbəti turda belçikalı qrossmeyster Daniel Bardha (2540) ilə qarşılaşacaq. 
    Qeyd edək ki, çempionat İsveçrə sistemi ilə 11 turdan ibarət olacaq. Yekunda ən yaxşı reytinqə malik 23 oyunçu üçün müntəzəm mükafatlarla yanaşı, ən yaxşı qadın oyunçular, ən yaxşı gənc oyunçular, ən yaxşı yaşlı oyunçular və digər kateqoriyalar üzrə xüsusi mükafatlar veriləcək. Eyni zamanda bu çempionat FIDE dünya kubokunun seçmə mərhələsidir. Qaydalara əsasən 20 oyunçu mundiala vəsiqə qazanacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.03.2022 20:28