AZ EN RU

Dağların qoynundakı yurd yerim

Estafet

    Ötən həftə sonu şəhərin səs-küyündən qaçmaq üçün kəndimizə üz tutdum. Taksiyə əyləşib gedəcəyim ünvanı söylədim. Qıvrıla-qıvrıla uzanan yollar məni uşaqlığımın keçdiyi Qarabağlar kəndinə aparırdı. Dəqiqələr bir-birini qovaladıqca yavaş-yavaş mənzilə yaxınlaşırdım. Artıq uzaqdan kəndimizin dağları görünürdü. Bu valehedici mənzərəni heyranlıqla izləyir, gözlərimi vüqarlı dağlardan çəkə bilmirdim. Sanki altı min illik yaşı olan “Kəngərli” tayfası bu dağların ətəyindən əl uzadaraq, “xoş gəldin”, – deyirdi. Dağların başını həsrət buludları almışdı. Hər biri “bir əlçim” olan bu buludlar dağların xəyal qəhrəmanları idi. Üfüqdə parlayan Günəşin baxışları arasından görünən bu xəyal qəhrəmanları dağlardan ilham alırdı. 

    Dağlar isə Elxani hökmdarı Hülakü xanın yadigarı olan və bizə XII əsr memarlıq tarixindən miras qalan Qarabağlar Türbə Kompleksindən, Orta Tunc dövrünün izlərini özündə saxlayan Qalacıq yaşayış məskənindən, Pələng qayası dağının cənub ətəklərindən süzülərək ana laylasına məxsus bir zümzümə ilə çöllərə səs salan Asnı bulağından ilhamlanırdı. Dağların bu ilhamı səmada süzən quşların cəh-cəhində eşidilir, bu səsi eşidənləri ovsunlayırdı. Suların zümzüməsindən və quşların nəğməsindən yaranan bu ahəng insanın yorğun düşmüş ruhunu oxşayırdı. 
    Artıq mənzilə çatmışdım, amma ruhumu ovsunlayan bu aləm məni ata ocağına deyil, başqa bir istiqamətə aparırdı. Atdığım hər addımda, həm kədərlənir, həm də qürurdan ürəyim dağa dönürdü. Elə bir dağa ki, bir az hüzn və bir az da həsrət qoxurdu. Artıq addımlarım yavaşlamışdı, dalğalanan bayraqlar cənnətin gül qoxusunu üzümə vururdu. Tarixi özündə yaşadan bu yerlərin həm də qoynunda tarix yazan igidlər uyuyurdu. Kəndin girəcəyində uyuyan el qeyrətli şəhidlərin məzarı artıq hamının ilk ziyarət yerinə çevrilib. Bir neçə dəqiqə yurdumun qeyrət simvoluna dönən bu məzarları sükut içində izlədikdən sonra oradan ayrıldım. Kəndin təmiz havası üzümə toxunduqca sanki dünyaya yenicə qədəm qoyan məsum bir körpəyə çevrilir, qəmdən, kədərdən uzaqlaşaraq hər qarışı tarix olan bu yerlərin cazibəsinə qapılırdım. Xəyallarım məni uzaqlara, Övliya Çələbinin yazdığı və Qarabağlar kəndinin adı keçən “Səyahətnamə” əsərinə apardı. “Səyahətnamə”də qeyd edilir ki, Qarabağların 50 min əhalisi olub. Şəhərdə 40 məscid var imiş. Onun qeydlərində Qarabağlarla bağlı ən maraqlı hissə bağbanın hədiyyəsidir. Övliya Çələbi ürəkdolusu söhbət açır: “Allaha həmd olsun, bu şəhərin ab-havasının lətafətindən əhvalımız da xoş olub, atlara süvar olmaqla bəzi rəfiqlərimizlə şəhərə tamaşa etdik... Havasının lətafətindən xoşüzlü məhbub və məhbubələrə rast gəlirdik. Yeyəcək və içəcəklərinin, meyvələrinin bənzəri heç bir diyarda yoxdur. Qara Bağlar desək, yerinə düşər. Elçi ilə bir bağı gəzərkən Yəzdan Qulu adlı bir bağban iyirmi altı cür şirəli armud gətirdi... Armudlar elə dadlı və şirəlidir ki, suyu yeyənin üzərinə, əlbəttə, nabat şərbəti kimi tökülər... Böyük bazarlarında pak və pakizə işçilərinin bişirdiyi cürbəcür Rəvan düyüsündən plovlar və hərisəsi sanki sifr kimi ləziz və xoş ətirlidir. İşçiləri olduqca təmizdir. Zira cümləsi müsəlmandır”. 

    Keçmişdə olduğu kimi, bu gün də Qarabağlar kəndi öz gözəlliyi ilə göz oxşayır. Abad yolları, sərin bulaqları, kəhrizləri, təhsil ocaqları, məscidi, tibb məntəqəsi, mədəniyyət evi ilə müasirliyi və inkişafı özündə birləşdirir bu qədim yurd yeri.
    Dünyaya göz açdığım bu kənddə əvvəl anamın laylası, faydalı məsləhət və nəsihətlərindən, əlimdə çanta məktəbə qədəm qoyduğum gündən isə müəllimlərimizdən, ədəbiyyatımızdan yurd sevgisi, Vətən məhəbbəti, adət-ənənəmizi qorumaq, yaşatmaq, milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi, dilimizi, dinimizi, keçmişimizi yaxşı bilməli olduğumuzu, onu unutmamağı öyrəndim.
    Mənim doğma kəndim elə bir sehrli aləmdir ki, buraya qədəm qoyduğun ilk andan etibarən insanda yaradıcılıq eşqi baş qaldırır. O yerdə ki yaradıcılıq eşqi, o yerdə ki sənət nəfəsi var, dünyaya, həyata sənətkar baxışı var, orada insan ürəkdolusu nəfəs alır, həqiqi yaşamın gözəlliyini hiss edir, duyur. Elə bu andaca Səməd Vurğunun yazdığı bir şeir yadıma düşür:

        Mən bu yaşıl bağların,
        Bu yarpızlı dağların
        Bəslədiyi bir canam. 
        Hisslərim, həyəcanım 
        Həp onlarla çırpınar.

    Qəribsəmiş ruhum qoynunda igidlərin uyuduğu bu torpaqla birləşəndən həsrətin dumanları artıq görünməz olmuşdu. Mən sevinclə ata ocağına doğru addımlayır, qarşılaşdığım hər insanla salamlaşır, hal-əhval tuturdum. Özümüzü dərk edəndən bəri bizə belə öyrədiblər ki, evdən çıxıb, yol gedəndə qarşınıza çıxan hər kəsə salam verin. Bu, yazılmamış bir qayda-qanundur. Ona görə də kəndə gedəndə anam məni ilk olaraq yaşlı qohumlarımızın, sonra isə qonşuların yanına hal-əhval tutmağa aparır. Qonaqpərvərlik, insanların bir-biri ilə xoş münasibəti, qayğıkeşliyi bizim kəndin camaatının gündəlik həyat tərzidir. Belə bir deyim var ki, “Qonşuluq, yaşadığımız yerin mədəniyyətini əks etdirən əhəmiyyətli bir göstəricidir”. Kəndimizdə keçmişdən bu günə qədər qorunub saxlanan gözəl münasibətlərdən biri də qonşuluqdur. Uşaqlığımın keçdiyi bu məhəllədə hər zaman qonşularımızın evini öz doğma ocağımız kimi görmüşük. Bu səbəbdən də qapısını döydüyüm bütün qonşularımız məni görən kimi öz doğma övladını görmüş kimi sevinirlər. 
    Kəndimizdə heç vaxt kasıb-varlı bölgüsü olmayıb. Sosial status anlayışı yoxdur. Tutaq ki, kiminsə imkanı bir qədər yüksəkdir. Ola bilər, amma o da kənddə digər sakinlərdən seçilmir. Bir sözlə, sadəlik öz dəyərini hələ də qoruyub saxlayır.
    Ağsaqqal və ağbirçəklərimizi ziyarət etdikdən sonra yenidən ata ocağına qayıtdım. Atam artıq həyətdə samovarı yandırmışdı. Bunu da xüsusilə vurğulayım ki, Qarabağlar kəndinə yolunuz düşərsə, mütləq kəndin dağlarında bitən kəklikotu ilə dəmlənmiş samovar çayından için. Çünki buranın kəklikotusunun ətrini heç bir yerdə dada bilməzsiniz. Yaz Günəşinin ilıq istisi altında elə həyətdə – samovar başında çay süfrəsi qurduq. Bütün ailəmizlə bir masa arxasında əyləşib, çayımızı içə-içə şirin söhbətə girişdik. Vaxt o qədər xoş idi ki, zamanın necə gəlib keçdiyini anlaya bilmədik. Artıq şəhərə qayıtmaq anı çatmışdı. Anam hər zamankı kimi yenə bizim üçün bağlama hazırlamışdı. Keçmişdən günümüzə qədər gəlib çatmış adətlərdən biri də bu idi. Qız övladını qonaq getdiyi ata evindən heç vaxt əli boş yola salmazlar. Bağlamaları da maşına yerləşdirib yola çıxdıq. Doğrusu, kənddən heç ayrılmaq istəmirdim. Amma dərsə gedəcəyim üçün qayıtmaq məcburiyyətində idim. Kənddən ayrılanda maşının arxa şüşəsindən vüqarlı dağlarımıza bir daha dönüb baxdım. Düzdür, hava qaralmışdı, amma yenə də uzaqda bu dağların döşündə hələ də mənə əl edən Kəngərli tayfasını görürdüm. Bu dəfə onlar qonaqlarını yola salırdılar. Maşının açıq qalan pəncərəsindən içəriyə dolan yaz mehi isə sanki cənnətin qoxusunu içəri doldururdu. Artıq kənddən xeyli uzaqlaşmışdıq. Amma burada rahatlıq tapan ruhum və düşüncələrim kəndimizdən heç ayrılmaq istəmirdi...

İlahə ALLAHVERDİYEVA 
Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika ixtisası üzrə III kurs
 tələbəsi 

Nəşr edilib : 21.04.2022 18:38