AZ EN RU

Culfa rayonunun rabitə xətlərində təmir-bərpa işləri həyata keçirilir

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikanın informasiya-kommunikasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, yüksəkkeyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər görülür. 
    Həyata keçirilən tədbirlərin davamı olaraq Culfa şəhərinin Heydər Əliyev prospektində, Şah İsmayıl Xətai, Məmməd Əsgərov, Məhərrəm Əsgəroğlu, Əfzələddin Xəqani və Şəhidlər küçələrində rabitə xətt təsərrüfatında əsaslı təmir işləri aparılıb, inşa edilən kabel-kanalizasiya qurğuları vasitəsilə hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunub, taxta rabitə dirəkləri dəmir dirəklərlə, müxtəlif tutumlu yararsız kabellər yeni kabellərlə dəyişdirilib. Bu məqsədlə 2000 metrdən artıq hava və yeraltı kabellər çəkilib, 21 abonent qutusu əlavə edilməklə digər təmir-bərpa işləri həyata keçirilib.
    Həmçinin internet verilişində qırılmaların qarşısının alınması və həmin ərazidə yeni stasionar telefon xətlərinin çəkilişi məqsədilə yeni kabellər əlavə edilməklə montaj tutumları artırılıb. İstismarda olan kabellər iritutumlu kabellərlə dəyişdirilib. Yeni çəkilmiş kabellərin montaj tutumunun artırılması üçün paylayıcı şkaflarda zəruri texniki tədbirlər görülüb.
    Rayonun digər yaşayış məntəqələrində də rabitə xətlərində, eləcə də abunə qurğularında təmir-bərpa işləri həyata keçirilir.
    Görülən kompleks tədbirlər rayon sakinlərinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunmasına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.12.2022 20:22