AZ EN RU

Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılmasının 40 illiyi qeyd olunub

     Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin 40 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Kərimov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublikada tarix-mədəniyyət abidələrinin qorunması, onların bərpası və konservasiyası son illər ərzində geniş vüsət almış, tariximizin və mədəniyyətimizin saxlanc yeri olan yeni muzeylər istifadəyə verilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. Belə muzeylərdən biri də bu il fəaliyyətə başlamasından 40 il ötən Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyidir. 
    Vurğulanıb ki, iki ekspozisiya zalı və 50 eksponatla fəaliyyətə başlayan Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin fondunda hazırda rayonun tarixini, tarix-mədəniyyət abidələrini, fauna və florasını, rayon sakinlərinin həyat tərzini, eləcə də xalqımızın milli mədəniyyətini və incəsənətini əks etdirən 1825 eksponat vardır. Onların 600-dən çoxu muzeyin ekspozisiyasında sərgilənməkdədir.
    Qeyd edilib ki, muzey fondlarının zənginləşdirilməsində muzey əməkdaşları ilə yanaşı, muxtar respublika sakinləri də yaxından iştirak edirlər. Ötən dövrdə muzeylərimizə vətəndaşlar tərəfindən qədim əlyazma və kitablar, rəsm əsərləri, xalqımızın məişət və təsərrüfat həyatında geniş istifadə olunan müxtəlif təyinatlı əşyalar hədiyyə edilmişdir. Bu gün muzeyə təqdim olunan yeni eksponatlar muzeyin fondunun və ekspozisiyasının daha da zənginləşməsinə imkan verəcəkdir.
    Həsən Kərimov tariximizə, mədəniyyətimizə, maddi-mədəni irsimizə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə muxtar respublikanın mədəniyyət ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.
    Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova çıxışında qeyd edib ki, 40 illiyinə toplaşdığımız Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması rayonun mədəni həyatında əhəmiyyətli bir hadisədir. Bu gün ümummilli liderin əsasını qoyduğu dövlət mədəniyyət siyasəti Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Silsilə tədbirlərin davamı olaraq hazırda Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa olunur. 
    Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülər Əhmədova çıxış edərək bildirib ki, bu mədəniyyət müəssisəsində müxtəlif tədbirlər keçirilir, müntəzəm təşkil olunan açıq dərslər zamanı şagirdlər Naxçıvanın qədim və zəngin tarixi, ulu babalarımızdan bizə miras qalan maddi mədəniyyət nümunələri ilə bağlı ətraflı məlumatlandırılır.
    Çıxışlardan sonra muzeyin ekspozisiyasına və yeni hədiyyə olunan eksponatların sərgisinə baxış olub. Qeyd edək ki, muzeyə təqdim olunan 22 yeni eksponat qədim məişət əşyaları və dekorativ-tətbiqi sənət  nümunələrindən ibarət olmaqla zəngin tariximizin və milli mədəniyyətimizin tədqiqi və təbliği baxımından əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.04.2022 19:06