AZ EN RU

Çoxəsrlik tariximizin şanlı səhifəsi...

44 günlük Vətən müharibəsi öz nəticələrinə, geopolitik vəziyyətin əsaslı xeyrimizə dəyişilməsinə görə Azərbaycan dövlətçiliyində ən şərəfli və tarixi bir hadisə oldu. Böyük Qələbənin əhəmiyyətindən danışarkən ilk növbədə onu qeyd etməliyik ki, Kürəkçay müqaviləsindən keçən son 200 illik tariximizdə Prezident İlham Əliyev yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və xalqa qaytarılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, dəmir iradəsi, yeritdiyi güclü daxili və xarici siyasət, Prezident kimi fəaliyyəti dövründə qəbul etdiyi qərarlar, atdığı addımlar, sərgilədiyi diplomatik gedişlər qazandığımız qələbənin baş tutmasında ən önəmli amil olub. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diplomatik uğurları, siyasi müstəqilliyi, şəxsi qəhrəmanlığı, mətinliyi, yüksək intellektual  səviyyəsi ilə ordunun müasir silah və texnikayla təchizi, peşəkar zabit heyətinin formalaşdırılması, ən yeni texnologiyalardan uğurla istifadə olunması ordumuzun beynəlxalq səviyyədə reytinqinin sürətlə artmasına, güclü hərbi birləşmələr arasında seçilməsinə gətirib çıxardı. Şəxsi heyətin keçirilən təlimlərdə yüksək səviyyədə iştirakı, maddi-texniki təchizatın ilbəil yenilənməsi döyüş mövqeyində inanılmaz qələbələrin açarı oldu.    Bütün bunlarla yanaşı müharibəmizi təhlil edən beynəlxalq analtik və mütəxəssislərin fikrinə görə qələbənin qısa müddətdə əldə olunmasında şəxsi heyətin döyüş ruhu, Vətən sevgisi başlıca rol oynayıb. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin, eləcə də hər bir azərbaycanlının bütöv birliyi sayəsində Azərbaycan xalqı zəfər qazandı.

Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən, döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, məhv edildi, düşmənin 4 milyard dollara yaxın silah-sursatı sıradan çıxarıldı. Müharibədəki ağır məğlubiyyət erməni hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.

Ancaq bu da danılmaz faktdır ki, ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Müzəffər Ali Baş Komandan müharibədən sonra çıxışlarında hər zaman qeyd edirdi ki, qələbəni son onillikdə yetişmiş gənc nəsil qazandı. Həqiqətən də, ən müasir silah-sursat, döyüş texnikasını idarə edənlərdə vətənpərvərlik duyğusu, yurd sevgisi və bu ali hisslər uğrunda ölümün gözünə dik baxa bilmək cəsarəti yoxsa, onlar dəmir parçasından başqa bir şey deyil. Dünya düzəninin dəyişdiyi, baxışların sürətlə liberallaşdığı və nəhayət qloballaşan dünyada böyüyən və yetişən gənc nəslin düzgün tərbiyəsi, Vətənə məhəbbət hisslərinin formalaşdırılması kompleks dövlət siyasətinin tərkib hissəsidir. Düzgün yanaşma və real nümunələrlə buna nail olmaq mümkündür. Gənclər siyasətinin düzgün icrası, lazımi addımların vaxtında atılması sayəsində ölkəmizdə yüksək hazırlıqlı, intellektli və milli ruhda tərbiyə olunmuş gənclər nəsil yetişib.  Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu. Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır.

Ən əsası isə xalqımızın qürur, fərəh, fəxr mənbəyi olan şanlı Qələbəmizdən danışarkən Vətən müharibəsində şəhid olan, yaralanan və bu döyüşlərdə mətinliklə iştirak edərək sağ-salamat ailələrinə dönən hərbçilərin əzmkarlığını, cəsarətini və şəxsi rəşadətini də xüsusi olaraq qeyd etməliyik ki, bizlərə, eləcə də gələcək nəsillərə bəxş edilən bu Şanlı Qələbənin, Zəfər Gününün, qürurverici yeni tarixin, qürur mənbəyinin, şan-şöhrətin dəyəri və əhəmiyyəti heç vaxt unudulmasın.

Şəhidlərimizin və qazilərimizin  Vətən müharibəsindəki  qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısının müvafiq sərəncamı ilə sentyabrın 27-si şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir. Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Zəfər” ordeninə layiq görülüblər. Həmçinin Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda  tikilən Vətən müharibəsi memorial kompleksi, Zəfər muzeyi, Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlıda sonsuz iftixar və qürur  ünvanıdır.

Son günlərdə Azərbaycan yenə ikiüzlü dünyanın çoxüzlü oyunları və oyunbazlıqları ilə qarşılaşdı, çətin sınaqdan növbəti dəfə üzüağ çıxdı. Qonşu adına ləkə olan Ermənistanın, məkrli qonşularımızın növbəti qanlı əməlləri, fitnəkarlıq və təxribatları ilə üzləşdik. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə–Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilanda törətdiyi genişmiqyaslı təxribat əməllərinə Silahlı Qüvvələrimiz tərəfindən “Qisas” antiterror əməliyyatında olduğu kimi anında və yerindəcə cavab verildi. Təxribatların qarşısını alarkən şəhidlər versək də, onların qanı yerdə qalmadı və heç zaman qalmayacaq. Namərd düşmən layiq olduğu cavabı aldı. Həm də bu dəfə düşmənə elə bir zərbə vuruldu ki, bundan sonra çətin özünə gələ, çətin özünü toparlaya bilə. Düşmən həm canlı qüvvə, həm də silah-sursat, hərbi texnika sarıdan böyük itkiyə məruz qoyuldu, ordumuzun mövqelərini hədəfə alan Ermənistanın hərbi nöqtələri, ölkəmizin sərhədlərində hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələr nəzarətə götürüldü. 

Qələbədən sonra Prezident İlham Əliyevin həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Şuşada, Cıdır düzündə 28 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-enmə zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşa olunması və keçmiş məcburi köçkünlərin bir qisminin doğma yurdlarına qaytarılması böyük qayıdışın başlanğıcıdır.

Prezident İlham Əliyevin çıxışlarının birində dediyi kimi: “Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Mirməcid Seyidov 

Azərbaycan Vətən Müharibəsi Veteranları və

Şəhid Ailələrinin Naxçıvan MR Təşkilatının sədri

Nəşr edilib : 27.09.2022 12:36