AZ EN RU

Ceyran Nəbiyeva: “Şərq qapısı” mənim ilk və son iş yerim olub

“Şərq qapısı” – 100


Qəzetimizin 100 yaşını qeyd etdiyimiz bu günlərdə bir vaxtlar burada canla-başla çalışmış jurnalistləri axtarıb tapmağı özümə mənəvi borc hesab edirəm. Bugünkü müsahibim də bir vaxtlar  “Şərq qapısı” qəzetində çalışan qadın jurnalistlərimizdən biri – Ceyran Həşim qızı Nəbiyevadır (Məmmədova). O, 29 iyul 1948-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 1965-ci ildə Naxçıvan şəhər 2 nömrəli orta məktəbdə bitirən Ceyran xanım həmin il  Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinə daxil olub. 1969-cu ildə universiteti bitirib təyinatla “Şərq qapısı” qəzetinin Ədəbiyyat və incəsənət şöbəsinə tərcüməçi qəbul edilib, bununla yanaşı, kiçik ədəbi işçi vəzifəsini də icra edib. O, 1970-ci ildən ədəbi işçi, 1974-cü ildən isə qəzetdə müxbir vəzifəsinə keçirilib, fəaliyyətini 1996-cı ilə qədər davam etdirib. Onun publisistikasında əsas yeri Vətənə məhəbbət, incəsənət, gənc nəslin təlim-tərbiyəsi, təhsil, həyat həqiqətləri, qadın hüquqları, xalq yaradıcılığı, folklor nümunələri, gənc istedadların aşkarlanıb üzə çıxarılması və digər maraqlı mövzular tuturdu...

 – Ceyran xanım, jurnalist olmaq arzunuz olub?

– Əvvəla, müsahibə üçün arayıb axtardığınıza görə redaksiya heyətinə və sizə təşəkkür edirəm. Qəribə də olsa, mən Hüquq fakültəsini seçmişdim. Anamın Bakıda yaşayan qohumlarından birinin qızı Şərqşünaslıq fakültəsini bitirmişdi. O, “Məncə sən hüquqşünasdan daha çox jurnalist kimi uğur qazana bilərsən”, – dedi və səbəbini isə “Səndə yaradıcılıq həvəsi daha güclüdür” deyə əlavə etdi. Səhəri gün tərəddüd etmədən sənədlərimi qəbul komissiyasına təqdim etdim. Buna görə isə heç vaxt peşman olmadım.
– “Şərq qapısı” ilə əməkdaşlığınız necə başladı?
– Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (III kursda oxuyanda isə şöbə deyil, fakültə oldu) ikinci kursunu bitirib yay tətilində təcrübə üçün “Şərq qapısı”nın redaksiyasına getdim. O gün keçirdiyim həyəcanı heç unutmadım. Sanki müqəddəs bir məbədə qədəm qoyurdum. Qəzetin ovaxtkı redaktoru rəhmətlik Rəşid Qazıbəyovun: “Gəl qızım, sıxılma, bu gündən sən də kollektivimizin bir üzvüsən” – deməyi həyəcanımı daha da artırırdı. Doğrusu, belə səmimi qarşılanacağımı düşünməmişdim. Eşitmişdim ki, Rəşid müəllim çox tələbkar və ciddi adamdır. Bu bir kəlmə isə qəlbimdə xeyli rahatlıq yaratmışdı. Mən də ürəyimdə “Güvəninizə layiq olacağam” demişdim.
–Yaradıcılıq fəaliyyətinizlə bağlı xatirələrinizi dinləmək maraqlı olar.
– Növbəti il yenidən təcrübəyə gələrkən evinə, ailəsinə gəlirmiş kimi söz verdim, “Bu məbəd mənim ilk və son iş yerim olacaq”. Belə də oldu. Çünki redaksiyanın bütün kollektivi ovaxtkı ifadə ilə desək, “praktikant qıza” bütün şöbələrin iş xüsusiyyətini səmimiyyətlə öyrədir, yazdığım kiçik bir xəbər üçün belə, məni ürəkdən təbrik edirdilər. Naxçıvan televiziyasında yayımlanan verilişlərin, xüsusilə uşaq və gənclərin həyatından bəhs edən verilişlərin rolu, onların keyfiyyəti barədə apardığım təhlillər komissiya üzvlərinin də nəzərindən qaçmamışdı. Mənə təyinatla Naxçıvan televiziyasına işə göndərmək təklifi edildi. Mən isə üç il idi ki, seçimimi etmişdim. Elə 1969-cu ildən yaradıcılıq taleyimi “Şərq qapısı”na bağladım.
– Qəzetdə neçə il çalışmısınız? Rəsmi əməkdaşlığınız hansı şöbədən başlayıb?
– Ruhu qarşısında baş əydiyim, gözəl şair, qayğıkeş müəllim kimi hörmət bəslədiyim Hüseyn Razinin müdir olduğu “Ədəbiyyat və incəsənət” şöbəsində düz 27 il birgə çalışmışıq. Hüseyn müəllim bir təcrübəli ağsaqqal jurnalist kimi, seçdiyim peşənin müqəddəsliyini mənə başa saldı. Naxçıvandan ayrılmağımın səbəbini yaxşı bilsə də, mənə həyatın sınağına dözüb qalmağımı məsləhət gördü. Qısa söhbətdən sonra qərarıma hörmətlə yanaşdı. Həyat yoldaşımın vaxtsız vəfatından sonra o şəhərdə yaşamağın çətin olacağını anlamışdım...
– Qəzetdə hansı vəzifələrdə çalışmısınız, əməyiniz necə qiymətləndirilib?
– O illərdə redaksiyada kiçik ədəbi işçi, ədəbi işçi və böyük ədəbi işçi ştatları var idi. Mən də bu mərhələləri keçib, müxbir və böyük müxbir vəzifələrində çalışmışam. Redaksiya komsomol komitəsinin sədri olduğum üçün ictimai işlərdə fəaliyyətimə görə, iki dəfə “Muxtar Respublikanın mətbuat orqanlarında uzun illər səmərəli və qüsursuz xidmətlərinə görə” Naxçıvan MSSR Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşam. Ən böyük mükafatım isə oxucuların mənə olan inamı idi. Komsomol komitəsi və həmkarlar komitəsində işə dəvət olunsam da, sözümə sadiq qalaraq “Şərq qapısı” mənim ilk və son iş yerim olub.
– O illərdə “Şərq qapısı” mətbuat orqanı kimi hansı peşəkarlıq məziyyətləri ilə seçilirdi?
– Bəlkə də, cavabım sizə qəribə gələcək. “Şərq qapısı”, sözün həqiqi mənasında, Şərqin qapısında qərar tutmuş qədim diyarın – Naxçıvanın döyünən qəlbi idi. Onun səhifələrində qədimlik müasirliklə yanaşı, qərar tuturdu. Oxucular qəzetin hər nömrəsində günün nəbzini tutan yazılarla yanaşı tarixin maraqlı səhifələri ilə də tanış olurdular. Ən ümdəsi isə inanırdılar ki, əhalini maraqlandıran məsələlər qəzetdə işıqlandırılandan sonra mütləq öz həllini tapacaqdır.
– Dünənki və bugünkü qəzetin fərqli və oxşar cəhətləri nədədir?
– Məni tanıyanlar bilirlər ki, həmişə doğru tərəfdə olmuşam. Bugünkü mətbuat orqanlarına, radio və televiziya verilişlərinə iti qələmli, peşəkar jurnalistlərlə bərabər, təsadüfi adamlar, daha doğrusu, işbaz adamlar da ayaq açır, bu peşənin müqəddəsliyinə xələl gətirirlər. Etiraf edim ki, son illər Naxçıvana yolum düşmədiyi üçün yuxarıda dediklərimi doğma qəzetimə şamil etməyə haqqım çatmaz. Muxtar respublikanı gündən-günə gözəlləşdirən, müasirləşdirən, insanların rifah halını yaxşılaşdırmağa çalışan muxtar respublika rəhbərliyi mətbuat orqanlarının da öz simasını daim qoruyub saxlaması üçün əlindən gələnin daha artığını edir. Muxtar respublikada mətbuata göstərilən diqqətin bir nümunəsi də elə doğma qəzetin 100 yaşını qeyd etməsidir. Ali Məclis Sədrinin bu barədə çox vacib və tarixi Sərəncamı isə muxtar respublikada jurnalistika peşəsinə verilən qiymətin təcəssümüdür.
– Ceyran xanım maraqlıdır, “Şərq qapısı” sizə nə öyrətdi?
– O mənə vətənpərvərliyi, özünü ziyalı kimi yetişdirməyi, imzasına, qəzetinə hörmət etməyi, haqqı nahaqdan ayırmağı, insanlarla ünsiyyət yaratmağı, yazdığı, söylədiyi hər sözün sahibi olmağı, Vətəni sevməyi, onun şərəf və ləyaqətini qorumağı öyrətdi. Bu gün də qəzet oxumağı, mütaliəni çox sevirəm.
– Bu gün hansı işlə məşğulsunuz?
– Həyat yoldaşımı vaxtsız itirəndən sonra özümü toparlaya bilmədim. Bu ağır itki məni sevdiyim peşədən də ayırdı. Edilən təklifləri də geri qaytardım. Amma bu gün 74 yaşım olsa da, oxuduqlarımı, dinlədiklərimi o illərdəki kimi redaktə edirəm. Demək ki, içimdəki “jurnalist” hələ də öz peşəsi ilə məşğuldur.
– Birəsrlik yubileyini qeyd etdiyimiz qəzetin keçmiş əməkdaşı kimi bugünkü həmkarlarınıza nə arzu edərdiniz?
– Tanınmış musiqiçi Akif İslamzadənin oxuduğu “Bura Vətəndir” mahnısı hər zaman məni kövrəldir. Vətənin tikanı belə mənim üçün ətirli bir çiçəkdir. Qədim diyar gündən-günə gözəlləşir, inkişaf edir. Bu gün Naxçıvan dünyaya açılan qapıdır. Bu qapı dostların üzünə geniş açıldığı kimi düşməni də cəhənnəmə aparan yoldur. Vətən təkcə süngü ilə deyil, qələmlə də qorunur. Bugünkü həmkarlarıma iti qələm, sonsuz Vətən sevgisi arzulayıram. Və deyirəm, yüzyaşlı cavan, ad günün mübarək! Qeyrətli övladların hələ neçə yüzilliklərboyu səni yaşadacaqdır. Qəzetin bugünkü əməkdaşları, qələminiz iti, zehniniz açıq, qəlbiniz işıqlı olsun. Uğurlarınız bol, Vətən, peşə sevginiz tükənməz olsun!.
Çox sağ olun, Ceyran xanım, maraqlı söhbətiniz üçün minnətdarıq!

 Güntac ŞAHMƏMMƏDLİ
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi
münasibətilə keçirilən yaradıcılıq
müsabiqəsinə təqdim edilir.

Nəşr edilib : 23.11.2021 17:28