AZ EN RU

Çay mədəniyyəti: qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi

    Dünyada çay içməyi bu və ya digər dərəcədə hamı xoşlayır. Çay sevilməsinə və istehlak tələbatına görə içki kimi sudan sonra ikinci yerdə durur. Çayın vətəni Cənub-Qərbi Çin və ona qonşu olan Yuxarı Birma və Şimali Vyetnamdır. “Çay” sözü qədim türk dillərindən alınmadır. Ölkəmizdə çay deyəndə Lənkəran rayonu yada düşürsə, muxtar respublikamızda ilk olaraq Ordubad rayonunun adı çəkilir. Lənkəran çayın məkanı sayılırsa, Ordubad da çay süfrəsinin zənginliyi ilə ad qazanıb. Xalqımızın milli dəyərlərinə daim qəlbən bağlı olan ulu öndərimiz Naxçıvana səfərlərinin birində  şəhər mərkəzində yerləşən çayxanada  sakinlərlərlə görüşündə çay içmiş, Naxçıvanın kəklikotusu ilə dəmlənən çayın dadına baxmış və ətrafına toplaşan insanlarla dişləmə çay və kəklikotu barədə söhbət etmişdir.   

    Elə biz də süfrələrin bəzəyi olan çay haqqında ətraflı məlumat almaq üçün üz tuturuq Ordubad rayonunun Bist kəndinə. Yaşı 90-nı ötmüş Tutu Quliyevanın qonağıyıq. Tutu nənə ilə hal-əhval tutur, çay süfrəsi başında söhbətimizə başlayırıq. Nənə deyir: 
    – Elə bir azərbaycanlı ailəsi yoxdur ki, o evdə çay sevilməsin. Düzdür, müasir dövrdə müxtəlifnövlü içkilər, şirələr olsa da, yenə də çayın süfrəmizdə xüsusi yeri var. Səhərlər şirin çay,  gün ərzində, dişləmə çay içmək adət halını alıb. Hansı fəsil olursa-olsun, çaysız süfrə təsəvvür etmək mümkün deyil. Səhərlər şirin çayla qaymaq, pendir, şor-kərə yemək gün ərzində insanı tox saxlayır və bu sağlamlığa çox xeyirlidir. 
    “Çay içməyin də, çay süfrəsini bəzəməyin də öz qaydası var”, – deyən nənə ilk olaraq şirin çaydan söhbətə başladığı üçün adət və ənənələrimizdə şirin çayın yerindən danışır:
    – Şirin çay təkcə səhərlər içilərkən orqanizmə faydası ilə məşhur deyil. O həm də yeni qohumluq əlaqələrin təməlinin qoyulmasının xəbərçisidir. Elimizin ən qədim adəti olan qızalma, elçilik mərasimində qız tərəfi öz razılığını, “hə”ni vermirsə, süfrəyə çay qoyulmaz. Əgər evə gələn elçilərin qarşısına “acı çay” qoyularsa, elçilər bu çayı içməz. Ta ki qız tərəfi razılıq verənə kimi. Sonra  böyüklərin xeyir-duası alınar və  süfrəyə “şirin çay” gətirilər. Şirin çayın hazırlanması belədir: Fincana öncə qaynar su, sonra şəkər tozu tökülərək qarışdırılır, daha sonra çay qaşığı şəkərli qaynar suyun üstünə tutularaq dəmlənmiş çay tökülür. Bu zaman stəkandakı çay ikirəngli olur. Hər kəs qarşısına qoyulan çayı qaşıqla qarışdırıb içər. Bir çox bölgələrdə, xüsusilə də Naxçıvanda şirin çayı içdikdən sonra nəlbəkiyə “şirinlik”, “nəmər” (pul) qoyular. Şirin çay içdikdən sonra qızın barmağına üzük taxar, başına qırmızı yaylıq salarlar. Bu  adət əsrlərdir, davam edir. Elçilikdə razılığa gəlinəndən sonra şirin çayın içilməsinin mənası “qohumluğumuz şirin olsun” demək anlamına gəlir. 
    Tutu nənə keçmiş günlərə də qayıdır, çətin günlərdə belə çay içmək adətindən əl çəkməmələrindən söhbət açır: 
    – İkinci Dünya müharibəsində və 1990-cı illərdə yurdumuz düşmən hücumuna məruz qalanda  süfrəyə qoymağa qənd, şirniyyat, dəmləməyə qara çay  tapmayanda  bağlarımızdakı meyvələrdən  və dağlardakı otlardan toplayıb qurudurduq. Yay-qış tut, ərik qurusu ilə dağ otlarından dəmlədiyimiz çayı içirdik. Bu dağların kəklikotusu, dağ nanəsi, boymadərəni, gülxətmisi ilə dəmlənən çaylar min bir dərdə dərman olurdu. Çətin günlərdən Tanrının köməyi ilə çıxdıq. İndi süfrəmizdə sucuq, alana, cəviz mürəbbəsi, cəvizli, südlü nabat, paxlava, limonlu çay – hər nə istəsəniz var. Şükür Yaradana, ocağımız yanır, süfrəmiz doludur. 
    Tutu nənə çay dəmləməkdən və onun suyunun necə qaynadılmasından da danışır, deyir ki, hər qaynayan sudan da çay dəmlənməz. Çay suyu saf olmalıdır, ilk növbədə. Ocaq çayı, samovar çayı elektrik çaydanında qaynayan suyun çayından dadlı olur. Ona görə də samovar, ocaq çayı adla deyilir. Ən əziz qonaq üçün samovar salınır. Qonum-qonşu isti yay günlərində axşamın sərini düşən kimi samovar salıb bir yerə toplaşır. Onu da deyir ki, samovara da hər odun salmaq olmaz. Tut, üzüm, palıd odunu ilə qaynayan suyun çayı daha dadlı olur. Mis çaydanda tut odunu ilə ocaqda qaynayan çayın da dadı dillər əzbəridir.  Quru çayı isə dəmləməzdən öncə bir dəfə süzgəcdə soyuq su ilə yusanız, dəmlədiyiniz çay daha gözəl olar. Buna pürrəngi, “xoruzpipiyi”  çay deyirlər. Pürrəngi çayın yanında Ordubad limonu, sucuğu, alanası oldusa, bu çayın dadına dad çatmaz. 
    Nənə onu da vurğulayır ki, çay süfrəsinə, xüsusilə də qonaq üçün açılan çay süfrəsinə hər mürəbbəni qoymazlar. Məsələn, zoğal, zirinc, gilənar mürəbbələrini soyuqdəymə zamanı çayla içər, bu mürəbbələri qonaq üçün açılan çay süfrəsinə qoymarıq. Gilas, cəviz, ərik, çiyələk kimi  mürəbbələri isə qonaq üçün açılan çay süfrəsinə qoymaq daha münasibdir. 
    Tutu nənə onu da deyir ki, Ordubadda hansı evə təşrif buyursan, süfrəyə əvvəlcə çay, ardınca çörək gəlir. Bəzən bunu zarafatyana biz ordubadlıların xəsis olması kimi qiymətləndirirlər. Ancaq dədə-babadan belə görmüşük, yeməkdən bir az əvvəl çay içərlər. Nənəm deyərdi ki, bu yeməyin daha yaxşı həzm olmasına kömək etmək üçündür. Belə ki, ordubadlıların yeməkdən öncə qonağa çay verməsinin səbəbi qonağın çayla doyub, yeməyi az yeməsi üçün deyil, əksinə, çay vasitəsilə iştahanın açılması və daha yaxşı yemək yeyə bilməsi ilə bağlıdır. 
    “Çayı niyə məhz armudu stəkanda içmək adətimiz var?” sualımıza isə nənənin cavabı belə olur: – Armudu stəkanlarda samovar çayı daha çox sevilir. Ona görə ki, armudu stəkanı əldə tutmaq rahat olur, çay belə stəkanda daha gec soyuduğuna görə həmişə isti qalır. Nənə çayın faydasının çox olduğunu deyir. Bildirir ki, gün ərzində bir neçə fincan çay içmək xeyirdir, amma çox içmək də yuxusuzluq yaradır. Çayı içərkən içərisinə gülab qatsanız, bu çay həm daha dadlı olar, həm də sağlamlığa fayda verər. 
    Ev sahibinin dəmlədiyi limonlu, kəklikotulu çaydan içir, sucuğun, cəviz mürəbbəsinin də dadına baxır, Tutu nənənin şirin söhbətinə doymasaq da, sağollaşır, qonaq olduğumuz evdən xoş təəssüratlarla ayrılır, “Yolçu yolunda gərək” deyirik. 
    Yolumuz Ordubad şəhərindən keçəndə qoca bir çinarın altında yerləşən çayxana çəkir diqqətimi. Öyrənirəm ki, bura “çinar altı çayxana” deyirlər. Yaşı yüzə çatan bu çinarın altındakı çayxanada dəmlənən çayın dadı təkcə Ordubadda deyil, muxtar respublikanın hər yerində məşhurdur. Yolu düşən hər kəs mütləq buradakı limonlu çayın dadına baxır. 

    Bu gün hansı azərbaycanlı ailəsinin qapısını döysək, orada bir fincan çaya qonaq ola bilərik. Xalqımızın əsrlərdir, davam edən çay süfrə  mədəniyyəti indi də hər bir evdə yaşadılır. Təsadüfi deyil ki, yaxın günlərdə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin birgə hazırladığı “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib. Bu qərar bir çox milli dəyərlərimizi mənimsəməyə çalışan xain qonşumuza ən tutarlı cavabdır. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 14.12.2022 19:57