AZ EN RU

Cari ilin ilk ayı üçün əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılmışdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin sosial müdafiəsi sahəsində uğurlu nəticələrin əldə olunmasını şərtləndirir. Əhalinin sosial qayğıya çox ehtiyacı olan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, sığorta-pensiya sisteminin inkişafı sahəsində görülən işlər onların maddi rifah halının yaxşılaşdırılmasını təmin edir.
    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi üçün verilən tapşırıqların icrasına çalışmış, 2023-cü ilin ilk ayının əmək pensiyalarının pensiyaçılara ödənilməsi tam yekunlaşmışdır. Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağa qulluğa görə müavinətlərin, uşağın anadan olmasına və dəfn üçün birdəfəlik müavinətlərin ödənilməsi də həyata keçirilmişdir. Ümumilikdə, pensiya ödənişinə 16 milyon 123 min 314 manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 418 min 952 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülmüşdür.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il imzaladığı müvafiq Sərəncama əsasən ümumi əsaslarla pensiya təyin edilmiş şəxslərə rüb ərzində 50 manat məbləğində, ümumilikdə, il ərzində 200 manat olmaqla ödənilən maddi yardımın bir aya düşən məbləği, yəni 16,66 manat bu ay həmin şəxslərin pensiyalarının tərkibinə daxil edilərək ödənilmişdir. Ümumiyyətlə, əmək pensiyaçılarına bu ay 640 min manat əlavə vəsait verilmişdir ki, bu da, ümumilikdə, muxtar respublikada əmək pensiyaçılarına il ərzində 7 milyon 680 min manat əlavə vəsaitin ödənilməsi deməkdir. Bundan başqa, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin 10 faizi məbləğində aldıqları aylıq maddi yardım bu aydan həmin şəxslərin də pensiyalarının tərkibinə daxil edilərək ödənilmişdir. Bu sosial dəstək tədbirləri ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü ildə start verdiyi növbəti sosial islahatların başlanğıcıdır. Növbəti aydan 2023-cü ilin 1 yanvar tarixindən hesablanmaqla minimum pensiyanın artım məbləği və indeksasiya faizi ilə artan pensiya məbləğləri əmək pensiyaçılarının hesablarına köçürüləcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 13.01.2023 18:12