AZ EN RU

Cari ildə Naxçıvan şəhərində 139 fərdi ev və 25 obyekt mavi yanacaqla təmin olunub

    Muxtar respublikamızın ən ucqar dağ kəndindən paytaxt şəhərimizədək hər bir ev, mənzil, təsərrüfat müəssisəsi ilin bütün fəsillərində fasiləsiz və keyfiyyətli mavi yanacaqla təmin olunur, baş verə biləcək qəza hallarının, eləcə də qaz sızmalarının aradan qaldırılması üçün aidiyyəti təşkilatlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Son illərdə Naxçıvan şəhərində məskunlaşmanın artması, yeni evlərin tikilməsi, müxtəlif profilli sənaye və istehsal müəssisələrinin qurulması burada digər kommunal xidmətlərlə yanaşı, qaz istismarı sahəsinin də qarşısına mühüm vəzifələr qoyur.

    Şəhərdə istehlakçıların, istehalat sahələrinin təbii qaz təminatını həyata keçirmək üçün nəzərdə tutulan bütün tədbirlər cari ildə də müvəffəqiyyətlə yerinə yetirilir. Bunu Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin 2022-ci ilin 8 ayında görülmüş işlərlə bağlı məlumatı da təsdiqləyir. Belə ki, aldığımız məlumata əsasən idarə tərəfindən şəhərin Xətai məhəlləsi, Qaraxanbəyli, Qaraçuq, Bulqan, Tumbul və Hacıniyyət yaşayış məntəqələrində qaz tənzimləyici qurğulara, şəhər ərazisində isə istismarda olan müxtəliftipli qaz tənzimləyicilərə, istilik təsərrüfatının fərdi və mərkəzi qazanxanalarının girişindəki qaz tənzimləyicilərə texniki baxış keçirilib, mövcud nasazlıqlar aradan qaldırılıb, tənzimləyicilər mövsümə uyğun nizamlanıb. 
    Bəhs olunan dövrdə Naxçıvan şəhərini təbii qazla təchiz edən diametri 273 millimetr dairəvi dəmir boru üzərində olan 10 istismara yararsız siyirtmə sökülərək Türkiyə- İtaliya istehsalı olan diametri 273 millimetrlik yeni qaz vintilləri ilə əvəz olunub. Eləcə də yeraltı müxtəlifölçülü daşıyıcı qaz xətləri üzərində olan diametri 159 millimetrlik 3, diametri 219 millimetrlik 6 istismara yararsız siyirtmə sökülərək eyni ölçülü aç-qapa qaz vintilləri ilə dəyişdirilib. Naxçıvan şəhərində 1 sentyabr 2022-ci il tarixdə qaz istehlakçılarının sayı 24 min 505 abonent olub ki, bunlardan 23 min 683 əhali və 822 qeyri-əhali abonentdir. 2022-ci ilin 8 ayı ərzində Naxçıvan Şəhər Qaz İstismar İdarəsi abonent­lərə ümumi həcmi 37 milyon 782 min 894 kubmetr təbii qaz satıb, bunun müqabilində abonentlərdən 6 milyon 407 min 999 manat vəsait toplanıb. Ödəniş faizi 99,6 faiz olub. 
    Məlumatda o da qeyd edilir ki, müraciətlərə əsasən evlərə və korroziyaya uğrayan dəmir boruların polietilen boru ilə əvəz olunması üçün ümumi uzunluğu 17806 poqonometr boru istifadə edilib. 2022-ci ilin 8 ayında əhali və qeyri-əhali tərəfindən müraciətlərə əsasən 139 fərdi ev və 25 obyekt qazlaşdırılaraq istehlakçıların ixtiyarına verilib. Təbii qazdan istifadə qaydalarını pozan, qaz avadanlıqlarını və xətlərini zədələyən şəxslərin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir. 8 ay ərzində 5 abonent sayğacdankənar qaz xəttinə müdaxilə etdiyi üçün 500 manat məbləğində cərimə olunaraq inzibati məsuliyyətə cəlb edilib və dövlətə dəymiş 2873 manat məbləğində ziyan təqsirkar tərəfindən Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin hesabına köçürülüb.
    Bəhs olunan dövrdə idarəyə 3320 çağırış daxil olub, abonentlər tərəfindən gələn çağırışlar yerində araşdırılıb və nasazlıqlar aradan qaldırılıb. Naxçıvan Şəhər Qaz İstismar İdarəsinin istismarında olan  yeraltı polietilen, həmçinin yerüstü dəmir boru qaz kəmərləri, onların üzərində olan siyirtmələr, kranlar və qaztənzimləyici qurğulara, şkaflara texniki baxış keçirilib, aşkar olunan nöqsanlar aradan qaldırılıb, 789 qaz sızması aşkarlanaraq bərpa edilib. Servis stansiyasında nasaz smarttipli məişət qaz sayğaclarının diaqnostik müayinə və kompüter vasitəsilə test edilərək ortaya çıxan nöqsanlar aradan qaldırılıb, 581 qaz sayğacı təmir edilib. Hazırda qaz təsərrüfatında avadanlıq və qurğuların saz vəziyyətdə işləməsi üçün təmir-bərpa işləri uğurla davam etdirilir.

 Nail ƏSGƏROV

Nəşr edilib : 20.09.2022 20:05