AZ EN RU

Çanaqqala zəfərinin 107-ci ildönümü qeyd olunub

    Türk xalqının ölüm-dirim savaşında qazandığı Çanaqqala zəfərinin 107-ci ildönümü və şəhidləri anma günü münasibətilə Naxçıvanda tədbir keçirilib.
    Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında təşkil olunan mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Xarici Əlaqələr üzrə baş məsləhətçisi Beyrək Cəfərov, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə ordusunun zabitləri, bir sıra təşkilat, media nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib, tədbir iştirakçıları türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyublar.
    Tədbirdə çıxış edən Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz bildirib ki, şəhidlərimizin sarsılmaz Vətən sevgisi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Tarixi qəhrəmanlıqlarla dolu olan xalqımız 107 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqlarımızın işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib. Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı da iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçib. Çanaqqala şəhidlərinin əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu möhtəşəm zəfər məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir.
    Baş konsul qeyd edib ki, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsindəki haqlı Qələbəsi qardaş Türkiyədə də böyük coşqu ilə qarşılanıb. Müharibənin başlandığı ilk gündən Türkiyə qardaş Azərbaycana bütün imkanları ilə öz mənəvi dəstəyini göstərib. Ötən il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Təyyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması da dostluq və qardaşlığımızın ən bariz nümunəsidir.
    Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, Ana abidəsinin önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
    Qeyd edək ki,  Çanaqqala zəfərinin 107-ci ildönümü ilə bağlı Naxçıvan şəhərində salınan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib, sonda xatirə şəkli çəkdirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 18.03.2022 20:11