AZ EN RU

Buta xalqımıza məxsus gözəllikdir

Milli dəyərlərimizi öyrənək və yaşadaq

    Dünyanın ən qədim xalqlarından olan Azərbaycan türklərinin tarixboyu bədii-estetik zövqünə uyğun dəyərlər sistemi formalaşıb. Bu dəyərlər sırasında milli ornamentlərimizin də özünəməxsus yeri var ki, onlardan biri də buta naxışıdır. Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən buta türk etnosunun mifoloji düşüncəsini ifadə edən simvol kimi şifahi və yazılı ədəbiyyatımızda, incəsənətimizdə geniş istifadə olunur.
    Butanın yaranma tarixi naməlumdur. Şərq ölkələrində geniş yayılmış butanın tarixinə dair müxtəlif fikirlər söylənilib. İndiyədək onun tarixinin orta əsrlərə aid olduğu deyilirdisə, yeni tədqiqatlar bu fikirlərin doğru olmadığını göstərir. Naxçıvanda aparılan tədqiqatlar nəticəsində muxtar respublikada buta naxışının ən qədim nümunəsi tapılıb. Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Fizzə Quliyevanın qənaətinə görə, son illər Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan gil qablar üzərindəki buta təsvirləri bu naxışın tarixini xeyli qədimləşdirib. Tədqiqatçılar tərəfindən tarixi Son Eneolit dövrü kimi dəyərləndirilən buta naxışlı gil qablardan bir neçəsinə Ovçular təpəsində, birinə isə Xalac yaşayış yerində rast gəlinib. Buta naxışı həmin qabların gövdə hissəsində, simmetriyaya uyğun üç ədəd olmaqla boya ilə çəkilib.
    Tədqiqatçıların bir çoxu butanı zərdüştlüklə əlaqələndirirlər. Onların fikrincə, qədim sanskrit dilində “butə-puta-buta” od mənasını verir. Zərdüşt təliminə əsasən buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov diliminin təsviridir.
    “Buta” sözünün “butay” sözündən əmələ gəldiyini iddia edənlər də vardır. “Bu” və “tay” kəlmələrinin birləşməsi sayəsində bir cütlüyün yarısı mənasını ifadə edir. Buta haqqında bu günə kimi onlarla rəvayət, əfsanə yayılıb. Belə rəvayətlərdən birinə görə, Əmir Teymurun nəvəsi türkəsilli Babur şah tərəfindən ilk dəfə buta naxış kimi istifadə edilib. Başqa bir mənbədə deyilir ki, dünyanın yeddi möcüzəsindən biri olan məşhur tikili Tac Mahal da türk memarlarının və incəsənətinin bir nümunəsidir. 6-cı Babur hökmdarı Cahanşah tərəfindən mərhum xanımı Mümtaz Mahalın xatirəsinə həsr olunmuş bu sərdabənin tikintisində müxtəlif türk ellərindən, o cümlədən Azərbaycandan gələn sənətkarların yaxından iştirak etməsinin də nişanəsi kimi orada buta naxışının çox olmasıdır.
    Bir çox mənbələrdə “Buta” sözünün başqa bir mənasının “qönçə” olduğu da qeyd edilir.  Həqiqətən, bir çox xalça naxışları kimi, buta da qönçəni, gül ləçəyini xatırladır.

            Açılmamış butasan,
            Məni saldın oda sən.
            Mən o güldən deyiləm, 
            İyləyəsən, atasan.

    Butanın bir açması da nişan, nişangahdır. Bir bayatıda deyilir:

            Ay getdi batan yerə, 
            Mələklər yatan yerə. 
            Sinəmi buta qoydum, 
            Yar oxun atan yerə.

    Ustad sənətkarımız Aşıq Ələsgər də “buta” sözünü nişangah kimi işlədib: 

        Sinəm qoydum müjganına buta yar, 
        Əsirgəmə, at oxların dal-dala.

    Göründüyü kimi, buta sözü özündə çox məna ehtiva edir. Əski türk dilində “buta” sözünün bir mənası da “yuva”, “yurd”dur. Bayatılardan birində deyilir:

        Qəribəm, butam yoxdu,
        Yetiməm atam yoxdu,
    Düşdüm qəm dəryasına –
    Qolumdan tutan yoxdu.

    Ümumiyyətlə, butanın rəmzi mənası barədə də müxtəlif fikirlər mövcuddur. Milli rəmzimizlə bağlı Naxçıvan Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın da fikirlərini öyrəndik: “Butanın özünəməxsus forması və mənaları var. Bu orijinal naxış elementinə xalqımızın tarixi və mədəniyyəti ilə bağlı, demək olar ki, bütün mənbələrdə rast gəlinir. Xalqımız butanı həyatın simvolu, naxışı kimi simvolizə edib. Diqqət etdikdə, ilk baxışdan butanı yaranışın ilk rüşeymi formasında qəbul etmək olur. Bu mənada, bu incə naxış həyatın özü deməkdir”.
    Ülviyyə xanım qeyd etdi ki, buta bizim tariximizin, mədəniyyətimizin bir parçasıdır desək, yanılmarıq. Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilib. Azərbaycanda buta qədimlərdən ən çox toxuculuq məmulatlarında, xüsusilə xalçalarımızda istifadə olunan elementdir. Xalçalarımızın, milli geyimlərimizin, sənətkarlıq nümunələrinin üzərində ən çox rast gəldiyimiz bu naxışın forması hər zaman düşündürücüdür. Heç bir həndəsi formaya uyğun gəlməyən butada sanki hər bir şey ardıcıl olaraq, düşünülərək bir nöqtədə birləşdirilib.
    Rəssamın sözlərinə görə, buta forma etibarilə 4 qrupa bölünür: xalça bəzəyində istifadə edilən butalar (“Muğan buta”, “Salyan buta”, “Xilə buta”, “Bakı buta”, “Sarabi buta”, “Gəncə buta”, “Şirvan buta”), ailə-məişət həyatını ifadə edən butalar (“bala buta”, “həmli buta”, “balalı buta”, “evli buta”, “qoşaarvadlı buta” və sair), rəmzi məna daşıyan butalar (“cıqqa buta”, “lələk buta”, “küsülü buta”, “qovuşan buta”, “yazıh buta” və sair) və müxtəlif formalı butalar (“saya buta”, “əyri buta”, “dilikli buta”, “qıvrım buta”, “şabahd buta”, “zərxara buta”, “badamı buta”, “qotazlı buta”, “çiçəkli buta”, “yanar buta” və sair). Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlifməzmunlu və formalı motivlərlə zənginləşmişdir. Maraqlıdır ki, xalq arasında üz-üzə əks olunmuş butalara “sevgili buta”, arxa-arxaya dayanmış butalara isə “küsülü buta” deyilir.
    Araşdırmalar zamanı məlum olur ki, buta elementindən sovet hakimiyyəti illərində memarlıqda, demək olar ki, istifadə edilməyib. Binaların tikilməsində bir çox hallarda əcnəbi mütəxəssislər tərəfindən verilən layihələr qəbul olunurdu. Təbii ki, onlar da bu qədim türk naxış elementindən istifadə etməyiblər. Günümüzdə isə bu milli ornamentimiz binaların fasadında və bir çox yerlərdə də özünü göstərir. 
    Muxtar respublikamızda mədəniyyətimizin incəliklərinə xüsusi həssaslıqla yanaşılır, milli estetik zövqümüzün ən incə detalı qorunub yaşadılır, gənc nəsillərə aşılanır. İstedadlı qadınlarımız toxuduqları xalçaların və digər nümunələrin üzərinə bu gün də bu naxışdan incilər həkk edir, memarlarımız diyarımızda butadan gözoxşayan gözəlliklər yaradırlar. Bu gün diyarımızda hansı ünvana üz tutsan, buta ornamentinə mütləq rast gəlirsən. Naxçıvan şəhərində də bir çox binaların fasadında, park və xiyabanlarda buta elementlərinə rast gəlmək olur. Buta bizə məxsus olan gözəllikdir, dəyərdir. Başqa sözlə, bizim incəsənətimizin tacıdır. Bu naxışda nənələrimizin əl izləri, ulularımızın imzası var. Bu milli ornamentimizi qorumaq vətəndaşlıq borcumuzdur.

Gülcamal TAHİROVA

Nəşr edilib : 09.06.2022 19:25