AZ EN RU

“Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər?”

    Dünyanın yaradılışından bu günədək tarixin heç bir dönəmində, hər hansı vəhşi, barbar millət, hətta məşhur terroristlər belə erməni qədər qəddar, ağır, ümumbəşəri cinayətə imza atmağa müvəffəq ola bilməyiblər. Bəşəriyyətin “qeyri-adi”, “nadir tapıntıları”ndan hesab olunan bu insanlıqdan uzaq məxluqlar harada yüksək svilizasiya görüblərsə ona qənim kəsilməyə, ya dağıdıb məhv etməyə, ya da özününküləşdirməyə çalışıblar. Hər vəchlə maddi-mədəni sərvətlərini məhv etməyə, tarixi irsini mənimsəməyə çalışdıqları əsas hədəf isə bütün məsələlərə təmkinli şəkildə tolerant düşüncə ilə, humanistliklə, xeyirxahlıqla yanaşan, canına susayan düşməninə belə aman diləyərkən qıymağa əli gəlməyən Azərbaycan xalqı olub. Təəssüf ki, özünü demokratik aktların müdafiəçisi, insan hüquqlarını qorumaqda nümunə sayan böyük ölkələr, beynəlxalq təşkilatlar ümumbəşəri soyqırımlar törədən, iqtisadi, mədəni, təbii fəlakətlərə səbəb olan bu “nadir tapıntılar” barədə nəinki cəza mexanizmi tətbiq edir, hətta nəsli tükənər deyib adlarını “Qırmızı kitaba” saldıraraq qoruyub saxlamağa da çalışırlar...
    Birinci və İkinci Qarabağ müharibələri arasındakı, təxminən, 30 ilə yaxın işğal dövründə ermənilər Azərbaycanın qədim torpaqlarında ucaldılan bir sıra tarixi-memarlıq abidələri ilə yanaşı, İslam mədəniyyətinin izlərini silmək naminə bu müqəddəs dinə inancın simvolları hesab edilən məscidləri də dağıdaraq məhvə düçar ediblər. Bununla da kifayətlənməyib, nəinki xalqımıza, hətta bütün müsəlman aləminə nifrətini ən bariz şəkildə məscidləri murdarlayaraq, orada heyvanlar, o cümlədən də donuzlar saxlayaraq nümayiş etdiriblər. Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı yayılan videokadrlar da bu nankor millətin heysiyyətsizliyini bir daha əyani sübut etdi... Rəsmi məlumatlara görə, 30 il işğalda qalan Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.Erməni vandalizminin qurbanına çevrilən Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi və digərlərinin adlarını qeyd etmək olar. Bəşəriyyət əleyhinə yönəlmiş bütün bu vandalizm hərəkətləri birmənalı olaraq beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyasının və onun iki protokolunun, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulması deməkdir...
    Təəssüf ki, ermənilər bəşəri cinayətlərindən əl çəkmədikləri kimi, dünya nəhəngləri, beynəlxalq təşkilatlar da ikili standartlarından üz döndərmək, haqqı müdafiəyə yönəlmək istəmirlər. Ölkə Prezidenti cənab İlham Əliyev keçirdiyi müxtəlif rəsmi görüşlərdə, xarici və yerli telekanallara verdiyi müsahibələrində, işğaldan azad olunan tarixi torpaqlarımıza səfərləri zamanı dəfələrlə bu məqamı gündəmə gətirərək kəskin, qətiyyətli mövqe ortaya qoymuşdu. Dövlət başçısının 2020-ci ildə işğaldan azad olunan Zəngilan rayonuna səfəri zamanı insanlığa yaraşmayan, utancverici mənzərə barədə səsləndirdiyi fikirlər beynəlxalq təşkilatları qəflət yuxusundan ayıltmaq üçün ən kəskin siyasi bəyanatlardan oldu: “...Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər...”
    Cənab Prezidentin böyük ürək yanğısı ilə dilə gətirdiyi ən ağrılı məqamlardan, acı həqiqətlərdən biri də məhz bəzi müsəlman ölkələrinin bu məsələyə etinasız yanaşması, biganə, laqeyd münasibət göstərməsidir. Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdən boyun qaçırmaq azmış kimi, həm müharibə zamanı, həm də ondan sonrakı dövrdə məscidləri dağıdan, İslama qarşı fobiya yaradan, mədəni vəhşiliklər törədən uşaq qatilləri ilə görüşüb, bir masa arxasında gələcək əlaqələri müzakirə etmək, ölkəmizə qarşı cəfəng hədələr yağdırmaq isə özünü dünyaya əsl müsəlman kimi tanıtdırmağa çalışan bir ölkənin siyasi donla pərdələdiyi əsl kimliyinin təkzibi, simasının ifşası deməkdir. Mehriban qonşu, səmimi dost kimi görünən, birinin potensial imkanları sıfra bərabər olan bu iki ölkə arasında münasibət həqiqətdə tarixi gerçəkliyin yenidən reallaşacağı qorxusundan doğan bəlli ortaq mənfəətdən uzağa gedə bilməz. Görmüşük ki, əsl dost acı olsa həqiqətləri söylər, dostun səhvini üzünə deyər ki, nəticə çıxarıb bir daha yanlışa yol verməsin. Amma reallıq odur ki, bu dostlar, nəinki səhvlərini bir-biri ilə bölüşüb onları aradan qaldırmağa can atır, hətta həmin acı yanlışları şirin günah səviyyəsinə qaldırmaqdan belə usanmır, batil əməli savab iş hesab edirlər. 44 gündə bütün dünya ermənilərinə, onların havadarlarına hərbi-siyasi dərs keçən, mükəmməl rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq işlərinə start verən, bütün tarixi-mədəni abidələrin, o cümlədən də məscidlərin bərpasını həyata keçirən qalib ölkənin qətiyyətli Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi “...Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik. İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan...”

Nail ƏSGƏROV

Nəşr edilib : 20.01.2023 18:28