AZ EN RU

Böyük romantik şairin fəlsəfi görüşləri

    Bu il görkəmli şairimiz Hüseyn Cavidin anadan olmasının 140 illiyi tamam olur. Bu münasibətlə Prezidentimiz cənab İlham Əliyev Sərəncam imzalamışdır. Sərəncam, bütövlükdə, ədəbiyyatımıza və incəsənətimizə verilən yüksək qiymətin bariz nümunəsidir.
    Xalqımızın ictimai fikir tarixində bir qayda olaraq şeirlə fəlsəfə müttəfiq olmuşdur. Görkəmli mütəfəkkirlərimiz, bəşəri dünyagörüşünə malik şairlərimiz öz fəlsəfi fikirlərini şeirin, sənətin ecazkar dili ilə ifadə etmiş, xalqa çatdırmışlar.
    Azərbaycan poeziyasının və ümumiyyətlə, Şərq ədəbiyyatının uca, əlçatmaz zirvələrindən biri olan Hüseyn Cavid poeziyasında da dövrümüzün ictimai-siyasi, əxlaqi normaları ilə səsləşən dərin mənalı fikirlər irəli sürülmüşdür.
    XX əsrin əvvəllərində xalq arasında fəlsəfi fikirlər çox passiv, fanatik fikirlər isə geniş yayılmışdı. Buna baxmayaraq, Hüseyn Cavid 1914-cü ildə yazdığı “Şeyx Sənan” faciəsində Dərvişin dili ilə deyir:

        Şəriətdən, təriqətdən kənaram,
        Həqiqət istərəm, yalnız həqiqət.

    Bu misralarla şair xalqı cəhalətdə saxlayan fanatik ideyalara, təriqətlərə, məbədlərə, çarşablara üsyan edir. Bu üsyan “Azər” poemasında daha da güclənir:

    Üsyan!
    Keçmişlərə, keçmişdəki adətlərə üsyan!
    Hər üzdə təhəkküm izi vardır.
    Üsyan...
    Məbədlərə, qalpaqlara, çarşablara üsyan!
    Və yaxud
    ...Üsyan!..
    Hər köhnə xurafata da üsyan!

    Hüseyn Cavidin “Topal Teymur” əsərində şair yarımsərxoş vəziyyətdə Əmir Teymura deyir:

    “Şair: ...Qovğa... o da qovğa, bu da qovğa...”

    “Yalnız, əvət yalnız, arada bir fərq var ki, siz cəngavərlər insan qanına hərissiniz, biz şairlər gülgün şərabə. Onda vəhşəh və dəhşət var, bunda zövq və sətarət. Sizin hərb nərələriniz ürəkləri qoparıyor, insanları parçaladır, anaları ağladır. Şairlərin eyşi-nüş təranələri isə kinləri, kədərləri öldürür. Üzləri, könülləri güldürür. Siz insan qafalarını qırarkən, biz də o qafalardan yapılma qədəhləri bir-birinə vururuq”.
    İndi dünyada cərəyan edən, insanların kütləvi və nahaqdan qırğınları ilə nəticələnən müharibələr göstərir ki, Hüseyn Cavid nə qədər insanpərvər və bəşəriyyətin gələcəyini düşünən şair olmuşdur.
    Bizim xalqımız sülhsevərdir. Azərbaycan xalqının başqa xalqların torpağında gözü yoxdur. Ancaq öz torpaqlarımıza göz dikənləri “Dəmir yumruq”la əzib, torpağımızdan qovuruq.
    Hüseyn Cavid “İblis” faciəsində müharibələrə, insanları öldürənlərə nifrətlə yanaşır, bəşəriyyəti sülhə səsləyir:

                 İblis:

    ...Sellər kimi axmaqda qızıl qan,
    Canlar yaxar, evlər yıxar insan...

                 Mələk:

    Ya rəbb, bu nə dəhşət, nə fəlakət?
    Ya rəbb, bu nə dəhşət, nə zəlalət?
    Yox kimsədə insafü-mürüvvət,
    İblisəmi uymuş bəşəriyyət!?


                     Arif:

    ...Yalnız deyil insanlara, vəhşiləri sorsan.
    Onlar belə insandakı vəhşiliyə heyran.

    XX əsrin əvvəllərində azərbaycanlı qadın kölə vəziyyətində idi. “Ev dustağı” olan qadınlarımızın heç bir ixtiyarı yox idi. O, kişilər tərəfindən döyülür, təhqir edilir, hətta bəzən öldürülə bilirdi. Hüseyn Cavid qadını kölə vəziyyətində saxlayan hər kəsi, kimliyindən asılı olmayaraq, ifşa edirdi. Şair qadın azadlığını tərənnüm edərək yazırdı:

        ...Qadın əlilə fəqət bəxtiyar olur bu cahan.
        O bir mələk... onu təqdis edir böyük yaradan.
        O, çox sevimli, gözəl, incə, nazlı bir xilqət.
        Onun ayaqları altındadır fəqət cənnət...
        Qadın gülərsə bu işsiz mühitimiz güləcək, 
         Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

      Hüseyn Cavidin “Afət” pyesində qadın azadlığı daha qabarıq şəkildə verilmişdir. Afət 30 yaşında şux, füsunkar bir qadındır. Afətin əri Özdəmir içki düşkünüdür. Afətin qızı Alagöz solğun olsa da, anası kimi gözəldir. Afət öz hüquqları uğrunda mübarizə edən bir qadındır. Namuslu və qeyrətlidir. Ancaq onu haqqını tələb etdiyi üçün ləkələmək istəyirlər.
    Afət doktora deyir: “Ah zavallı qadınlar!.. Bütün mühit və qanunlar onlara düşman, bütün din və adətlər düşman; bütün təbiət və kainat düşman!.. Çünki zəifdirlər, onuncun də haqsızdırlar. Fəqət erkəklər həp məsum!.. Çünki bütün qanunları yapan onlar”.
    Hüseyn Cavid “Azər” poemasını həm əruz, həm də heca vəznində yazmışdır. Poemada cəhalət, azğınlıq, yaltaqlıq, ikiüzlülük, insanların bir-birini aldadıb pul qoparmaları ən çox Azərin, həm də tamaşaçıların dilindən tənqid olunur, haqq yoluna dəvət edilir:
        Birinci tamaşaçı:

    Nə fəlakət!.. Ölüb-öldürmək için
    Sanıyor paslı könüllər həp kin.

        İkinci tamaşaçı:

    İştə təlim olunur cəlladlıq,
    Yazıq, insandakı vicdana yazıq...

        Üçüncü tamaşaçı:

    Ah, nə xoşdur əbədi sülh olsa,
    Bəşəriyyət acıdan qurtulsa...

    Poema başdan ayağa fəlsəfi fikirlərlə zəngindir: 

    ...Sevgi nurilə kainatı bəzər,

    Buraxıb kini qurd qoyunla gəzər.

    Əfsus ki, unudulmaz şairimizin bu müqəddəs arzusu hələ də gerçəkləşməyib. Dünyada hələ də müharibələr olur, qan tökülür. Bacı qardaşsız, ata-ana oğulsuz, uşaqlar atasız qalır.
    Böyük şair-dramaturq Hüseyn Cavidin fəlsəfi görüşləri bu gün də öz təsirini itirməmiş, xalqımızı inkişafa, gələcəyə səsləməkdədir.

Yunis QULİYEV
Şahbuz rayonundakı A.Quliyev adına Kükü kənd tam orta

məktəbinin təqaüdçü müəllimi, 

Nəşr edilib : 07.12.2022 19:35