AZ EN RU

Boksçularımızdan uğurlu nəticələr

    Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 100 boksçusu qüvvəsini sınayıb. 5 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
    Bakı Boks Mərkəzində keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri də mübarizə aparıb. Belə ki, 60 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev 1/4 final mərhələsində Səbail İdman Klubunun boksçusu Əsədulla Camaləddinovu, yarımfinalda isə Balakən təmsilçisi Ramazan Abdullayevi 5:0 hesablı nəticələrlə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə “Qızıl Əlcək” İdman Klubunun dəri əlcək sahibini məğlub edən Tayfur Əliyev karyerasında 12-ci dəfə Azərbaycan çempionu adını qazanıb.
    Boks Federasiyasının digər yetirməsi Eldar Quliyev isə 86 kiloqram çəki dərəcəsində rinqi qalib tərk edib. İdmançımız ilk görüşdə İlyas Mehdiyevi (Tərtər), ikinci görüşdə Rüfət Nəbiyevi (Ağdaş) məğlub edərək həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Finalda Sürət Qarayevi (Səbail İdman Klubu) 5:0 hesabı ilə məğlub edən idmançımız ölkə çempionu olub.
    Qalib idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar. 

                *     *     *

    İran İslam Respublikasının Urmiya şəhərində boks üzrə beynəlxalq turnir keçirilib. 
    Turnirdə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının “Naxçıvan” komandası da iştirak edib. 4 gün çəkən beynəlxalq turnirdə dəri əlcək sahiblərimiz uğurla çıxış ediblər. Belə ki, Möhsün Həsənzadə (50 kiloqram), Elbrus Kərimli (52 kiloqram), Nazim Abazərli (54 kiloqram), Nizami Novruzov (57 kiloqram), Murad Rəhimov (63 kiloqram), Davidlekon Olaboys (75 kiloqram) və Məhəmmədəli Bağırov (80 kiloqram) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıblar.
    Sonda idmançılarımız mükafatlandırılıblar.

  Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.01.2022 19:49