AZ EN RU

Birinci Beynəlxalq Tibbi Forumun sponsorları mükafatlandırılıb

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 10 iyun tarixli Sərəncamına əsasən  Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən Birinci Beynəlxalq Tibbi Forumda baş sponsor “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun və digər yerli şirkətlərin fəaliyyəti qiymətləndirilib. Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Ali Məclis Sədrinin təşəbbüsü və imzaladığı müvafiq Sərəncama əsasən Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində keçirilən tibbi forum öz əhəmiyyəti və gələcək perspektivləri ilə nəinki universitet üçün, ümumən, muxtar respublikanın səhiyyə sistemi və digər sahələrə müsbət təsiri ilə yadda qalan oldu. 
    Rektor bildirib ki, təşkilati baxımdan da öz unikallığı ilə seçilən forum muxtar respublikaya səfər edən xarici qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Həmçinin diqqətə çatdırılıb ki, belə mötəbər foruma ev sahibliyi etmək universitetdə müasir Tibb təhsilinin də yüksək səviyyəsinin göstəricisi hesab oluna bilər. Elbrus İsayev forumun möhtəşəm təşkilində baş sponsorlar – Türkiyədən Memorial Xəstəxanalar Qrupu, “Nəqşicahan” Holdinq Şirkətlər Qrupu və digər xarici və yerli şirkətlərin xüsusi rolunu qeyd edib. Rektor forumda sponsorların iştirakını yüksək  qiymətləndirib və yerli şirkətlər yüksək təşkilatçılığa görə sertifikatla təltif edilib. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 05.07.2022 18:42