AZ EN RU

Bir çox dərdin dərmanı – zoğal

    Muxtar respublikamızın zəngin bitki örtüyü, əlverişli iqlim şəraiti burada bir çox meyvə və giləmeyvə növlərinin becərilməsinə imkan verir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılmasında mühüm rol oynayır. 

     Bağlar diyarı kimi tanınan Ordubad rayonunda da bu proqramdan irəli gələn vəzifələr yerinə yetirilir, ailə təsərrüfatlarının istehsal etdikləri meyvə-tərəvəz məhsulları yerli bazarı təmin edir. Ordubad özünün bir sıra meyvələri ilə daha çox tanınsa da,  bu sırada giləmeyvələr də az deyil. Belə ki, bir çox xəstəliklərə faydası olan zoğal da buradakı təsərrüfatlarda mühüm yer tutur. Bu bitki növünə təbiətdə dağ ətəklərində, meşəliklərdə geniş rast gəlinsə də, bir çox dərdin dərmanı sayılan zoğalı həyətyanı sahələrdə əkib-becərənlər də çoxdur. Belə təsərrüfatçılardan biri də Ordubad rayon Nüsnüs kənd sakini Yunis Hüseynovdur.

    Yunis dayı ilə həmsöhbət oluruq. Öyrənirik ki, 20 ildir, zoğal təsərrüfatı ilə məşğul olur: – Zoğal ağacları yüksək hərarətə və sərt şaxtalara dözümlü bitkilərdəndir. Çox qəribədir ki, zoğal yazın nəfəsi duyulan kimi çiçəkləməyə başlasa da, avqust-sentyabr aylarında bar verir. Bu səbəbə zoğala “şeytanaldadan” da deyirlər. Susevər olduğu üçün bu ağac növünə düzgün aqrotexniki qulluq etmək vacibdir. Bağında 50-yə yaxın zoğal ağacı yetişdirən müsahibim deyir ki, zoğalı yetişdirmək üçün bağ sahəsində Günəş şüalarının tam düşdüyü bir sahə seçilməlidir. Zoğal ağacı zəngin və rütubətli torpaqlarda  yetişir, üçüncü-dördüncü ildən meyvə verməyə başlayır. Maksimum məhsuldarlıq isə əkildikdən 1-7 il sonra əldə edilir. Ağac uzunömürlüdür, 150 ilə qədər bar verir. Ağacın torpağını alaq otlarından təmizləmək inkişafı təmin edir. 
    Artıq illərdir, bu sahədə çalışaraq işin incəliklərini mənimsəmiş təsərrüfatçı zoğalın armudu, yerli, sarı, alabəzək və sort növlərini yetişdirdiyini deyir. O qeyd edir ki,  növündən asılı olaraq zoğal müxtəlif rənglərdə: açıq-qırmızı, tünd-qırmızı, tünd-bənövşəyi, sarı və qara ola bilir. Məhsuldarlıq  daha çox fərdi becərmədən asılı olsa da, hasil edilən məhsulda kəmiyyət fərqi ildən-ilə özünü göstərir. Ümumilikdə, təsərrüfatdan 500 kiloqramdan 2 tona qədər məhsul əldə edirik. Qeyd edək ki, avqust ayının sonlarından başlayan məhsul yığımı sentyabr ayı boyunca davam edir. Noyabr ayında isə meyvə tamamilə sovuşur.
    Qədim zamanlardan xalq təbabətində bir çox məqsədlə istifadə olunan bu giləmeyvə öz müalicəvi xüsusiyyətləri ilə də tanınır. Müsahibim zoğalın faydalı xüsusiyyətlərindən danışır: – Bu meyvə növü yetişdikcə turşluğu azalır, şirinliyi artır. Bu səbəbə görə bağ sahibləri zoğalı bir az kal formada yığırlar. Həmçinin tam yetişmiş formada yığılarsa, istehlakçıya çatana kimi xarab ola bilər. Meyvələrini həm təzə-təzə, həm də qurudub istifadə edir, eyni zamanda hasil ediyimiz məhsuldan qışa hazırlıq məqsədilə kompot, mürəbbə, marmelad, kisel və şirə hazırlayır, qurutduğumuz meyvənin satışını da təşkil edirik. Həmçinin zoğaldan çaxır hazırlayırıq ki, bu da alıcıların diqqətini cəlb edir. 
    Mütəxəssislərin fikrincə, zoğalın meyvəsi dəri xəstəliyi əlamətlərinin, ekzemanın sağalmasına səbəb olur. Zoğal şirəsi orqanizmi tonuslandırır və möhkəmləndirir. Mədə və bağırsaq qanaxmaları zamanı zoğal çayı içmək qanaxmanın azalmasına və dayanmasına səbəb olur. Zoğal həm də soyuqdəymənin bir nömrəli dərmanıdır. Zoğal mürəbbəli çay qışda xəstəliklərdən qorunmaq üçün faydalıdır. Çox dərdə dərman sayılan bu meyvənin çox istifadəsi  insan orqanizminə zərər də verə bilər. Mədə turşuluğundan əziyyət çəkənlər, sinir sistemi xəstələri və yaşlılar zoğal yeyərkən ehtiyatlı davranmalıdırlar. 
    Zoğal həm də milli mətbəximizdə geniş istifadə olunur. Zoğalın qurusu və lavaşanası bir çox yeməklərdə istifadə edilməklə, onlara əlavə dad qatır. 
     Onu da qeyd edim ki, insanlarımız qədim zamanlardan bir sıra bitki növlərində, o cümlədən üzərrik bitkisi, əncir, cəviz və söyüd ağaclarında olduğu kimi, zoğal ağacının da mistik gücünə inanır, onu müqəddəs hesab edirlər. Bu ağacın budağını qıran, ağaca zərər verən insanın xeyir tapmayacağına inanılır. 
    Artıq yavaş-yavaş havalar soyumağa başlayır. Muxtar respublikamızda yetişdirilən zoğal kimi faydalı meyvələr, o cümlədən onlardan hazırlanan orijinal, keyfiyyətli məhsullar əhalinin tələbatını ödəməklə yanaşı, eyni zamanda sağlamlıq üçün mühüm əhəmiyyət kəsb etməklə müxtəlif xəstəliklərdən qoruyur. 

Aysel YUSİFZADƏ

Nəşr edilib : 29.09.2022 19:09