AZ EN RU

Beynəlxalq yarışlara uğurlu ev sahibliyi gənclər və idman siyasətinin bəhrəsidir

    Oktyabr ayında bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə ixtisaslı kadr bazasının genişləndirilməsi, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib, idmançıların ölkə və beynəlxalq arenaya çıxışı istiqamətində görülən işlər davam etdirilib.
    Hesabat dövründə Naxçıvan şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası keçirilib. Muxtar respublikanın ev sahibliyi etdiyi və yüksək səviyyədə təşkil olunan nüfuzlu yarışa 23 ölkədən 50 titullu şahmatçı olmaqla, ümumilikdə, 200-ə yaxın idmançı qatılıb. Gənclər və İdman Nazirliyinin hamiliyinə verilmiş ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirilib, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandanın məşqçisi, tanınmış güləşçi Yaşar Əliyevin rəhbərliyi ilə yeniyetmə güləşçilər üçün taktiki-texniki seminar təşkil olunub, bədii gimnastika üzrə milli komandanın məşqçi və idmançılarından ibarət 23 nəfərlik heyət Naxçıvan şəhəri və Şərur rayonunda kiçikyaşlı gimnastlarla görüşərək nümunəvi çıxışlarını izləyib, onlara müxtəlif gimnastika avadanlıqları hədiyyə ediblər. Güllə atıcılığı üzrə Azərbaycan yığma komandasının üzvü, məşqçi Rəsul Məmmədov Naxçıvan Atıcılıq Federasiyasının idmançı və bələdçilərinə ustad dərsi keçib, federasiyanın bir qrup üzvü isə Türkiyənin Ərzincan şəhərində təlim-məşq toplanışına qatılıb. “Vətənin müdafiəsinə hazıram!” poliatlon çoxnövçülüyü, şose velosipedi, kamandan oxatma üzrə muxtar respublika birincilikləri, kikboksinq, həmçinin şəhid Xansu Qurbanovun əziz xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq birincilikləri, şəhər və rayonlarda şəhidlərin xatirə turnirləri, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə yarışlar reallaşıb. İdman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar çərçivəsində Şahmat, Güləş, Boks və Karate-do federasiyalarının təmsilçiləri müvafiq olaraq Yusif Küseyir oğlu türbəsi, Milli Dəyərlər Muzeyi, Nəbatat bağı və Naxçıvan Biznes Mərkəzini ziyarət ediblər.
    Ötən ay təmsilçilərimiz istər fərdi, istərsə də kollektiv şəkildə iştirak etdikləri idman yarışlarında fərqləniblər: “Araz-Naxçıvan” PFK futbol üzrə Azərbaycan I Divizionunun növbəti iki turundan 4 xal toplayaraq turnir cədvəlindəki vahid liderliyini davam etdirib. Tayfur Əliyev kişi boksçular arasında Azərbaycan çempionatında 60 kiloqram çəki dərəcəsinin qalibi olmaqla karyerasının 13-cü ölkə çempionluğunu yaşayıb. Naxçıvan boks məktəbinin yetirmələrindən Eldar Quliyev qızıl, Sərxan Əliyev gümüş, Orxan Aydəmirli və Rəvan Əliyev bürünc medala layiq görülüblər. Sadiq Kərimov Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya kubokunda 14-15 yaş kateqoriyası üzrə 1 gümüş və 1 bürünc medal qazanıb. Atletlərimizdən Gülcahan Əliyeva və Həsən Babayev ağır atletika üzrə Azərbaycan birinciliyində, Aysu Abbasova isə kross qaçışı üzrə payız ölkə çempionatında qızıl medal əldə ediblər.
    Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin iştirakı ilə “Gələcəyə doğru” layihəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilə görüş keçirilib. Şəhid ailələrinə mənəvi dəstək göstərmək, gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə keçirilən tədbirlərin davamı kimi gənclər Şərur rayonunun Danyeri və Xanlıqlar kəndlərində yaşayan şəhid ailələri ilə görüşüb, Əlahiddə Ümumqoşun Ordunun 44 günlük Vətən müharibəsindəki rolunu əks etdirən “Görünməyən qəhrəmanlar – Bizim torpaq” sənədli filmini izləyiblər. Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu reallaşıb, əcnəbi tələbələr “Naxçıvanı tanıyaq!” devizi ilə Ordubad rayonunun, ali təhsil müəssisələrinin birinci kurs tələbələri isə Naxçıvan Atıcılıq Mərkəzinin qonağı olublar. Gənc nəslin şəxsi inkişafı ilə bağlı diskussiya formatında görüş keçirilib, “Poeziyamızın Mikayıl Müşfiq zirvəsi” adlı tədbir təşkil olunub.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.11.2022 20:43