AZ EN RU

Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

    AMEA Naxçıvan Bölməsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
    Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri açaraq Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan bəhs edib, qadınların ölkənin ictimai-siyasi, eləcə də mədəni həyatında fəal təmsil olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, tarixin müxtəlif dövrlərində mərd, cəsarətli, zərif Azərbaycan qadını salnamələrdə, ədəbiyyat nümunələrində təsvir olunmuş, mənəvi dəyərlərimizin bir hissəsinə çevrilmişdir. Akademik ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikirlərdən sitatlar gətirərək ölkəmizdə, eləcə də muxtar respublikada qadınların fəaliyyətinə verilən qiymət, göstərilən dəstək və qayğıdan söz açıb.
    Çıxışının sonunda bölmə rəhbəri AMEA Naxçıvan Bölməsində çalışan xanımları təbrik edib, xoş arzularını çatdırıb.
    Tədbirdə məruzə edən Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva Azərbaycan qadınını əxlaqi dəyərlərin simvolu, cəmiyyətin inkişafının aparıcı qüvvəsi, vətənpərvər, fədakar, ismətli ana kimi xarakterizə edib. 
    Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev bayramla əlaqədar xanımlara səmimi təbriklərini çatdırıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti


***

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdən öncə universitetin Pedaqoji və İncəsənət fakültələrinin müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. 
    Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev qeyd edib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Aparılan uğurlu siyasət nəticəsində Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən 401 qadın əməkdaşın 4-ü elmlər doktoru, 3-ü professor, 40-ı dosent, 60-ı fəlsəfə doktoru, 201-i isə müəllimdir. Onlardan 10 nəfəri Azərbaycan Respublikasının, 8 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında nüfuzlu nəşrlərdə elmi məqalələri dərc olunan müəllimlər sırasında da qadın müəllimlərimiz xüsusilə seçilirlər. Vurğulanıb ki, ali təhsil ocağında 2852 nəfər qız tələbə var ki, bu da ümumi göstəricinin 51 faizini təşkil edir. Elbrus İsayev əlamətdar gün münasibətilə universitetin qadın əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıb. 
   Sonra Təsviri incəsənət kafedrasının müəllimi Səyyarə Sadıxovaya sənətşünaslıq üzrə fəlsəfə doktoru, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Cabbarovaya pedaqogika üzrə fəlsəfə doktoru diplomları və qiymətli hədiyyələr təqdim olunub.
    Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva qadınlar adından çıxış edərək yaradılan şəraitə və xanımlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. 
    Tədbir bədii hissə ilə davam edib, qadın əməkdaşlara hədiyyələr təqdim olunub.

Naxçıvan Dövlət Universitetinin 
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi


***

    Martın 5-də “Naxçıvan” Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 
    Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu cəmiyyətimizdə qadınların əvəzsiz rolundan danışaraq qeyd edib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarixboyu Vətənimizdə həmişə uca tutulub, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Bu gün qadın əməkdaşlarımız universitetimizin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək  uğurla həyata keçirilən təhsil islahatlarında genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər. Prorektor universitetin bütün xanım əməkdaşlarını, o cümlədən Azərbaycan xanımlarını  təbrik edərək onlara cansağlığı, ailə xoşbəxtliyi, iş və şəxsi həyatlarında uğurlar arzu edib.
    Tədbir İqtisadiyyat və İdarəetmə fakültələri tələbələrinin birgə hazırladığı konsert proqramı ilə davam edib.
    Yekunda isə universitetin ictimai-mədəni və elmi həyatında fərqlənən qadın müəllimlər plaket və hədiyyələrlə təltif olunublar.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

***

    8 Mart – Beynəlxalq Qadınlar Günü muxtar respublikamızın rayonlarında da qeyd olunub.

    Şərur rayon Olimpiya İdman Kompleksində keçirilən tədbirdə vurğulanıb ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da qadınlar dövlət qayğısı ilə tam əhatə olunub. Rayon üzrə 10062 nəfər Yeni Azərbaycan Partiyasının üzvü var ki, onların 3171-i, yəni 31,5 faizi qadınlardır. Hazırda rayonumuzda dövlət qulluğunda 136, təhsil sahəsində 2035, səhiyyə sistemində 625, mədəniyyət sahəsində 328, kənd təsərrüfatı sahəsində 919, digər sahələrdə isə 1216 qadın çalışır, 3 qadın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Ötənilki qəbul imtahanlarında 236 nəfər ali məktəblərə qəbul olub ki, onların da 143-ü, yəni 60 faizi qızlardır. Respublikamızın hər yerində olduğu kimi, son illərdə Şərur rayonunda da 50-dən çox qadının əməyi yüksək qiymətləndirilib,  onlar fəxri adlar və yüksək dövlət mükafatları ilə təltif olunublar. Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara hədiyyələr təqdim edilib. Sonda qadınların əl işlərindən ibarət sərgiyə baxış olub.    


    Babək rayonunda keçirilən tədbirdə vurğulanıb  ki, bu gün Babək rayonunda müxtəlif sahələrdə çalışan qadınlar da bilik və bacarıqları, işgüzarlıqları, ictimai-siyasi həyatdakı fəallıqları  ilə seçilirlər. Qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Belə ki, rayonda təhsil sahəsində çalışan 5 qadın “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 6 qadın “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 5 qadın  “Tərəqqi” medalı ilə təltif olunub. Mədəniyyət sahəsində çalışan 1 qadın Prezident mükafatına layiq görülüb, səhiyyə sahəsində fəaliyyət göstərən 1 qadın “Tərəqqi” medalı ilə təltif olunub, 2 qadın “Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi” fəxri adına, 1 qadın “Azərbaycan Respublikasının Əməkdar tibb bacısı” fəxri adına layiq görülüb. Hazırda rayonun 76812 nəfər sakini var ki, onların 50 faizini – yəni, 38399 nəfərini qadınlar təşkil edir. Bu qadınlardan 3087 nəfəri Yeni Azərbayan Partiyasının üzvüdür. Zərif cinsin nümayəndələrindən 1493-ü təhsil, 375-i  səhiyyə, 240-ı isə mədəniyyət sahəsində uğurla fəaliyyət göstərir. Müxtəlif musiqi nömrələrinin səsləndirildiyi tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən, eləcə də şəhid ailələrindən olan qadınlara gül və hədiyyələr təqdim olunub.
    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ordubad rayonunda da bayram tədbiri keçirilib. Tədbirdə bildirilib ki, Ordubad rayonunda da qadınlarımız bütün sahələrdə aktiv rol oynayırlar. Rayon əhalisinin 25186 nəfəri, yəni 50 faizi qadındır. Rayonda qadınların sağlamlığının qorunması və onların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün muxtar respublika rəhbəri tərəfindən ardıcıl tədbirlər görülür. Bu gün qadınların müxtəlif sahələrdə rəhbər vəzifələrdə işləmələri diqqət mərkəzində saxlanılır. Təhsil, mədəniyyət, səhiyyə, dövlət qulluğu, ailə təsərrüfatı sahələrində çalışan qadınlarımız üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Rayonumuzda işləyən qadınların fəaliyyəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Son illər rayon qadınlarından 35-i Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və mükafatlarına layiq görülmüş, medal və nişanlarla təltif edilmişdir. Təkcə yola saldığımız 2021-ci ildə rayondan 5 nəfər dövlətimiz tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür ki, onların da ikisi qadındır. Tədbir konsert proqramı ilə davam etdirilib.


    Culfa Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə qeyd olunub ki, bu gün Culfa rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar da öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-mədəni həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Son illər rayonun fəal qadınlarının aldıqları dövlət mükafatları, fəxri adlar bunu deməyə əsas verir. Qadınlarımız cəmiyyətimizə daha çox nüfuz etməklə yeni-yeni ailə təsərrüfatlarının yaradılmasında da səy və bacarıqlarını əsirgəmirlər. Məhz qadınlarımızın zəhməti hesabına çoxnövlü ailə təsərrüfatlarının yaradılmasına nail olunmuşdur. Rayonun ictimai-mədəni həyatında fərqlənən qadınlara, eləcə də şəhid analarına gül və hədiyyələr verilib, tədbirin bədii hissəsində musiqi nömrələri səsləndirilib, rəqs nümunələri nümayiş olunub. 
    Kəngərli rayonunda keçirilən tədbirdə vurğulanıb ki, muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Kəngərli rayonunda da qadınlar dövlət qayğısı ilə əhatə olunmuşlar. Hazırda rayon üzrə təhsil, mədəniyyət və səhiyyə işçilərindən 739 nəfəri, dövlət qulluğunda işləyənlərin 22 nəfəri, bələdiyyə orqanlarında işləyənlərdən isə 18 nəfəri qadındır. Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında təmsil olunanların 1397 nəfərini qadınlar təşkil edir. Qadın əməyinə ölkə başçısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, Kəngərli rayonundan 1 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Eyni zamanda 2021-ci ildə 1 nəfər “Tərəqqi” medal ilə təltif olunmuşdur. Tədbirdə iştirak edən qadınlara hədiyyələr təqdim olunub. 
    Rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblı üzvlərinin və uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları iştirakçılara xoş ovqat bəxş edib.    
    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şahbuz Rayon Mədəniyyət Sarayında tədbir təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə şahbuzlu qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Çıxışlarda bildirilib ki, rayonda fəaliyyət göstərən təşkilatlarda, xüsusən də dövlət qulluğunun əhatə etdiyi  sahələrdə qadınlar yüksək səviyyədə təmsil olunur, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Belə ki, rayon qadınlarından 8-i Əməkdar müəllim, 1-i Əməkdar həkim,1-i Əməkdar jurnalist, 1-i Əməkdar tibb işçisi, 1-i Əməkdar artist adına layiq görülüb, 2 müəllim isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Həmçinin respublikamızın inkişafındakı хidmətlərinə görə 6 nəfər “Tərəqqi” medalı və 2 nəfər “Rəşadətli əməyə görə” nişanı ilə təltif еdilib. Əminlik ifadə olunub ki, qadınlarımız оnlara göstərilən yüksək dövlət qayğısına cavab оlaraq çalışdıqları bütün sahələrdə, xüsusilə də gənc nəslin təlim-tərbiyəsində, Vətənə məhəbbət ruhunda böyüməsində və оnların sağlamlıqlarının qоrunmasında əsl Azərbaycan qadını mövqеyindən çıхış еdərək öz vətəndaşlıq bоrclarını layiqincə yеrinə yеtirəcəklər. Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara  hədiyyələr təqdim olunub. Sonda təşkil olunan konsert proqramında ifa olunan musiqi nömrələri iştirakçılarda xoş təəssüratlar yaradıb.
    Sədərək Rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə qeyd olunub ki, ölkəmizdə olduğu kimi, Sədərək rayonunda yaşayan qadınlarımıza da dövlət qayğısından pay düşmüşdür. Bu gün rayonun idarə və təşkilatlarında müxtəlif sahələrdə 100-dən artıq xanım çalışır ki, onlardan 6-sı rəhbər vəzifə tutub. Qadınlarımızın əməyi daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Onlar “Əməkdar kənd təsərrüfatı işçisi”, “Əməkdar müəllim”, “Əməkdar tibb işçisi” adlarına layiq görülüblər. Ali təhsil ocaqlarında təhsil alan, idman yarışlarında qalibiyyət qazanan qızlarımızın sayı gündən-günə artır. Bütün bunların təməlində isə məhz dövlət qayğısı dayanır. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən qadınlar mükafatlandırılıb. Sonra Mədəniyyət Sarayının musiqiçilərinin ifaları dinlənilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.03.2022 22:19