AZ EN RU

Bəşəriyyəti sülhə səsləyən Cavid irsi

  XX əsrin görkəmli nümayəndələrindən olan şair, yazıçı, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəstxəti olan sənətkardır. O, yaradıcılığındakı romantizm ənənələri ilə Şərqin estetik fikir tarixində mühüm rol oynamış, şeirlə yazılmış pyeslərin müəllifi, mütərəqqi romantizmin carçısı kimi tanınmış, həqiqi sənətin incəliklərini və sirlərini ondan öyrənmişlər. Əsərlərinin əsas ideyasını insanın, cəmiyyətin mənəvi oyanışı və azadlığı, bəşəriyyətin mənəvi eybəcərlik və məşəqqətlərdən xilası, gözəllik, həqiqət və xeyirxahlıq təşkil edən görkəmli yazıçı inqilab və müharibə mövzusunda qələmə aldığı dram əsərləri ilə o dövrdə bir inqilab yaratmış, həmişə ədalətin yerini tapması üçün çalışmışdır. Onun “Ana”, “Səyavuş”, “Topal Teymur” və “İblis” kimi dram əsərlərində, “Hərb və fəlakət” kimi lirika nümunələrində sülh və müharibə düşüncələrinin, ədalət axtarışının şahidi oluruq. Hüseyn Cavid bir çox tarixi hadisələrə – rus çarının yıxılması, Oktyabr inqilabı, I Dünya müharibəsi, Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması və süqutu, Osmanlı imperatoru II Əbdülhəmidin taxtdan salınması və digərlərinə münasibət bildirmək, həqiqətləri demək üçün tarixə sığınmış və bütün bunları özünəməxsus üslubla ədəbiyyata gətirmişdir. 

    Ədibin “İblis” faciəsi müharibə əleyhinə yazılmış qüvvətli fəlsəfi əsər kimi bu gün də öz aktuallığını və bəşəriliyini qoruyub saxlayır. Hadisələr imperializm dövrünə təsadüf etdiyi üçün bu dövrdə dövlətlər müstəmləkələri yenidən bölüşdürmək üstündə müharibə edirdilər. İstər kənarda gedən böyük cahan müharibəsində, istərsə də daxma ətrafında kiçik müharibədə insan “evlər yıxır, canlar yaxır, qızıl qan sellər kimi axır”. İmperialist müharibəsinin (Birinci Dünya müharibəsi) əsl mahiyyətini açan yazıçı müharibəyə qarşı nifrət və qəzəbini bu əsərdə kəskin ifadə edib. Müharibənin dəhşətli səhnələrini insanın qorxunc təbiətində mücərrədləşdirən ədib romantik yolla o dövr üçün gerçəkləri söyləyib. Xеyir-şər fəlsəfəsi, təzadlı еhtiraslar, еtik və əxlaqi problеmlər konfliktinin əksini tapdığı faciədə Bağdad yaxınlığında bir daxmada İblis və Mələk müharibənin törətdiyi dəhşətlərdən mübahisə edərkən İblis baş verənlərə görə insanı, Mələk isə insanları aldadıb bəşəriyyət aləmində fəlakətlər törədən İblisi günahlandırır. Digər qəhrəmanlar gah Allahı, gah insanları, gah kitabları, peyğəmbərləri, qanunları, fəlsəfələri, gah da İblisi təqsirləndirir, digərləri bu çəkişmələrin, cinayətlərin əsl səbəbinin şeyxlər, keşişlər, xaqanlar olduğunu deyir. Əsərdə Vətən xaini, orduya xəyanət etmiş xəbis İbn Yəmin, iki ölkəyə casusluq etmiş, müharibəni qızışdırmış, ingilis dəllalı şeyx, “İncil” adına Ermənistana silah və patron daşıtdırmış erməni keşiş, ərəbləri fransızlara kölə etmək üçün işlədən fransız casusu – xaxam tutulur. İblis onlar haqqında deyir: 

        Dərdə bax, millətə bax, niyyətə bax! 
        Ölülərdən ölülər feyz alacaq!.. 

     Məlum olur ki, faciədə ən böyük şər hеsab еdilən müharibənin əsas səbəbi şər ideyalarla yaşayan insanda, insan təbiətindəki şərdədir. İblis cinayət törədən insanlara gülür, ona görə ki, insanı aciz və gücsüz, naqis və yarımçıq görür.
    “Müharibənin səbəbi nədir, müqəssir kimdir?” kimi suallar əsərin sonunda İblisin bu fikirlərində öz yerini tapır: 

        Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var: 
        Qan püskürən, atəş sovuran kinli krallar, 
        Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
         Altun və qadın düşgünü divanə bəbəklər. 
        Min hiylə quran tülkü siyasilər, o hər an
        Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan; 
        Onlar, əvət, onlar sizi çeynətməyə kafi, 
        Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...

    Əsərdə İblis müharibələrin həm də altun və sərvət əldə etmək məqsədilə təşkil olunduğunu iddia edir və deyir: “Qüvvətə, altuna tabe dünya”. Əsərin axırında fəlsəfi və dərin mənalı monoloqunu söyləyən İblis özü haqqında olan fikirlərə belə yekun vurur: 

        İblis nədir? – Cümlə xəyanətlərə bais... 
        Ya hər kəsə xain olan insan nədir? – İblis...   

     Parlaq günəşlər, dilbər mələklər deməklə, əslində, insanın həyatdakı gözəllikləri görməzdən gəldiyini, insansız təbiətin, təbii nemətsiz insanın gözəl və xoşbəxt olmadığını, müharibənin, qantökmənin düşməni olduğunu bir daha göstərir. 
    Onun müharibə mövzulu əsərləri sırasında “Topal Teymur” tarixi dramı özünəməxsus xətti ilə seçilir. Özünü bütün dünyanın fatehi hesab edən Teymuru bütün tarixçilər müharibədə qaniçən və amansız, sülh vaxtında isə ağıllı, müdrik, ədalətli, elmin və sənətin hamisi kimi təsvir edib, xalq arasında isə o, insan kəllələrindən qalalar tikdirən bir istilaçı kimi şöhrət qazanıb. 
    Ədib “Topal Teymur”da həm də bəşərin əşrəfi sayılan insanla vəhşi heyvanların müqayisəsini verir: “Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq daha böyük vəhşilər var ki, o da insanlardır”. Teymurun: “…əsgərlərimdən üç bin kişi öldürdülər. Kəllələrdən qüllələr yapdırdım” fikri bu ifadəni təsdiq edir və müəllif müharibənin törətdiyi faciələri dərk etməyə çağırır. Əsərin sonuna yaxın yenə də şair kin və ədavəti sülh və məhəbbətə qarşı qoyaraq deyir: “Məhəbbət! Məhəbbət… Əvət, bütün bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və ədavətlə püskürən bir sultan qafasından daha şərəflidir”. 
    İstismar dünyasına qarşı üsyan qaldıran, lakin mübarizə yolunu tapmadığı üçün məğlub olan ziyalı gəncliyin faciəsi olan Şеydadan sonra Gürcüstanda vətəndaş müharibəsindən bəhs еdən “Knyaz” artıq yеni mühiti təsvir еdirdi. Mənfi qəhrəman olan Knyaz firavan həyat sürən, zülmkar və əhli-kеf bir insan ikən sonra tərk еdilir, məğlub və müflis olur, Bеrlində də nümayiş səsləri, inqilab mahnıları еşidir, ağlını itirir və intihar еdir. Knyazın bir insan kimi kеçirdiyi sarsıntıların və fiziki məhvinin günahını Cavid üstüörtülü şəkildə bolşеvik rеjimində görürdü. 
    Böyük ədib ilk dram əsərlərindən yaradıcılığının sonunadək bəşəriyyəti sülhə çağırır. Onun “Ana” dramının sonunda Səlma ana oğlunun qatili ilə rastlaşdıqda caniyə: “Get, namərd qonaq, get!” – deyərək onu vicdanının mühakiməsinə buraxır, Qanpolad son nəfəsində: “Burax, haqsız yerə tökmə qan!” – deyərək yenə də sülhə çağırır. “Səyavuş” faciəsində şahların cəmiyyətdəki zalım mövqeyi, bəşəri ideyalar qabarıq bir şəkildə verilib. Səyavuş xalqın qəhrəmanlıq adət-ənənələri əsasında tərbiyə alan pak və atasına sadiq bir şahzadə kimi xalqın mənafeyini müdafiə edir. Sonda heç yerdə həqiqəti və ədaləti tapa bilməyən baş qəhrəman həlak olur. Əsərdə müəllif sarayların bütün ədəbsizliyini ifşa edir, müharibə etikasını qəhrəmanın dili ilə verir. Lakin insanın pis xisləti, qənimət əldə etmək ehtirası sonda faciə ilə nəticələnir. 
    İmperialist müharibəsinin məqsəd və mahiyyətini gizlətməyə çalışan dövlət başçılarının “Vətəni qorumaq”, “dini cihad” kimi şüarlarla elan etdikləri səfərbərlikdə iştirak edən gənclər Vətən üçün canlarını qurban verməyə gedirdilər. Müharibənin gətirdiyi aclıq və səfalət dünyanın hər yerində hiss olunurdu. Belə şəraitdə yazılan “Şeyx Sənan” dramı, bu mənada, mühüm əhəmiyyət kəsb edir. Şeyx Sənandan şəfa almağa gəlmiş, dünya işığından məhrum ərəb deyir: 

        Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? 
        Bu zülmə qarşı nolur bir də ədalət olaydı.     
        Tükəndi taqəti-səbrim, ədalət! Ah ədalət! 
        Nə öncə öylə səadət, nə böylə zillət olaydı. 

    “Peyğəmbər” dramında isə müharibənin qarşısını alanı dahi adlandıraraq deyir:

        Kəssə hər kim tökülən qan izini, 
        Qurtaran dahi odur yer üzünü!..

    Cavid insanlığı yumruq kimi bir, mənəviyyat baxımından bütöv görmək istəyirdi. Ədib “Hərb və fəlakət” adlı lirik əsərində də insanları birliyə çağırır, tərəqqini yalnız bunda görürdü: 

        İdeal arxasınca qoş, çarpın! 
        İdealsız nicat ümidi məhal… 
        İttihad! İştə ən böyük ideal! 
        Səni qurtarsa, qurtarar birlik, 
        Çünki birlikdədir fəqət dirlik!

    Böyük ədib müharibə və sülh haqqında düşüncələrini ümumi formada belə ifadə edirdi: “Hər kəs eyi bilir ki, mən əsla qan tökülməsini sevməm. Deyil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanın belə qanına girmək, məncə əfvedilməz bir cinayətdir...” Ömrü boyu müharibəyə nifrət bəsləmiş, ədalətin və sülhün carçısı olmuş, insanları birliyə çağırmış böyük ədib Hüseyn Cavidin idealları bu gün də bütün bəşəriyyəti sülhə səsləyir. Prezident cənab İlham Əliyevin 2022-ci il 24 sentyabr tarixli “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin Sərəncamın icrası məqsədilə təsdiq etdiyi “Tədbirlər Planı” Naxçıvanda doğulmuş böyük söz ustasının zəngin, çoxşaxəli irsini yenidən öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 14.11.2022 19:55