AZ EN RU

Bərəkətli torpaq, halal zəhmət və dövlət qayğısı

Ailə təsərrüfatçısı bol məhsuldarlığa nail olmasının
 səbəblərini belə izah etdi

    Yazın gəlişi, təbiətin oyanması ilə süfrələrimizə də yeni ab-hava gəlib. İlin-günün bu vaxtında qışın ağır, yağlı yeməklərindən sonra pencər, pendir, Naxçıvan tərxunu ilə şor yumurta dürməyi yeməyin əvəzi yoxdur. Yarpızdan, ispanaqdan, təzəcə torpaqdan çırtmış soğandan hazırlanan kətə, göy qutab Naxçıvan mətbəxinin ləziz yaz təamlarıdır. 
    Onu da qeyd edək ki, qışın oğlan çağında belə, bu nemətləri bazarlardan əldə etmək mümkündür. Çünki təcrübəli torpaq mülkiyyətçiləri işlərini elə qurublar ki, ilin hər fəslində bazarlarımızdan belə məhsullar əskik olmur. Artıq bu gün muxtar respublikada göyərtinin istehsalı və satışı ilə məşğul olan peşəkar ailə təsərrüfatçıları da formalaşıb. 

    Bunu Babək rayonunun timsalında da görmək olar. El arasında deyərlər ki, cəvizi, balı Buzqovdan, lavaşı Qahabdan, göyərtini isə Babəkdən alın. Bu gün Babək rayonunda göyərti əkinlərinə geniş yer verilməsi həm də hərtərəfli dövlət qayğısı ilə bağlıdır. 
    Bu yazımızda göyərti əkib-becərməklə məşğul olan Babək şəhər sakini Famil Seyidov barədə danışmaq istəyirəm. Famil on ilə yaxındır ki, bu sahəni özünə halal qazanc mənbəyi seçib. İstixana təsərrüfatında Naxçıvan brendi hesab olunan tərxunun əkininə daha çox yer verir. Təcrübəli təsərrüfatçının sözlərinə görə tərxunun becərilməsi böyük zəhmət tələb edir. Bunun üçün əkin yerini düzgün seçməli, torpağın tərkibini yaxşı öyrənməli, vaxtında toxum və ya şitili əkməlisən. Tərxun əkini zamanı bol Günəş şüası qəbul edən, kölgəsiz torpaq sahəsi seçilməlidir. Mövsümə uyğun olaraq istixana təsərrüfatlarında da tərxun yetişdirmək mümkündür. 
    Famil Seyidovun dediklərindən: –  Göyərti elə bir qida növüdür ki, ilin bütün fəsillərində adama xoş gəlir, istənilən yeməklə istifadə etmək mümkündür. Naxçıvan bazarının tərxun ehtiyacının böyük hissəsini biz təmin edirik. Noyabr ayında tərxun şırımlarında qurumuş hissələri təmizləyir, parnikləmə aparırıq. İki-üç ildən bir yeni tərxun şitilləri əkib, bitkini, belə desək, “cavanlaşdırırıq”. Fevral ayının birinci yarısından may ayının ikinci yarısına qədər tərxun yığını aparılır. Bu məhsulun alıcısı da çoxdur, elə əkin sahəsindən gəlib götürürlər. Bizim tərxunun sədası paytaxt Bakıya da gedib çıxıb. Famil onu da diqqətimizə çatdırır ki, o həm də 4 hektara yaxın sahədə bostan-tərəvəz bitkiləri becərir. Torpaq sahəsində yetişdirdiyi qarpız, pomidor, bibər, badımcan və digər məhsulların da bazarlarda böyük alıcı kütləsi var. 
    Famil Seyidov ailə təsərrüfatçısı, zəhmətkeş torpaq adamı kimi həm öz ailəsinin dolanışığını yaxşılaşdırır, həm də təsərrüfatına əlavə işçi qüvvəsi cəlb etməklə məşğulluğuna yardımçı olur. Təcrübəli təsərrüfatçı deyir ki, mövsüm vaxtı sahədə 8-10 nəfər əlavə işçi qüvvəsindən istifadə edirəm. Təsərrüfatla məşğul olmaq bizim ailədə ənənə halını alıb. Qardaşlarım da torpaq adamlarıdır. Şükür olsun ki, torpağımız bərəkətli, insanlarımız zəhmətkeşdir. Dövlətimiz də təsərrüfatçıların yanındadır. Texnika, mineral gübrələr, keyfiyyətli toxumlar və güzəştli kreditlərlə təmin olunuruq. Bircə zəhmət çəkib təsərrüfatı qurmaq qalır. Gələcək planlarından da danışan müsahibim deyir ki, dövlətdən güzəştli kredit alıb əkin sahəsini böyütmək və məhsulun yerlərə çatdırılması üçün yeni avtomobil almaq istəyir. 
    Ailə təsərrüfatçısı ilə söhbətimizin sonunda belə bir qənatə gəlirəm: bərəkətli torpaq, əlverişli iqlim şəraiti, yurdumuzun zəhmətkeş insanları və göstərilən dövlət qayğısı. Məhz budur bol və keyfiyyətli məhsulun əsas səbəbi.

Lalə ALLAHVERDİYEVA 
“Şərqin səhəri” qəzetinin məsul katibi

Nəşr edilib : 15.04.2022 20:22