AZ EN RU

Bələdiyyə bağları salınıb

    Muxtar respublikada həyata keçirilən silsilə ekoloji tədbirlər çərçivəsində yeni bağların salınması, yaşıllıq sahələrinin genişləndirilməsi davam etdirilir. Böyük bir zəhmətin bəhrəsi kimi salınan, qulluq göstərilən bu bağlarda hər il tonlarla meyvə yetişdirilir. Sevindirici haldır ki, qədim diyarda əkinəyararsız torpaq sahələrinin də meliorativ vəziyyəti yaxşılaşdırılaraq həmin sahələr əkin dövriyyəsinə daxil edilir. Bir sözlə, Naxçıvan bu gün yaşıllıqlar diyarına dönüb və bu reallıq muxtar respublikaya gələn qonaqların, turistlərin təəssürat mənbəyinə çevrilib. Ağacəkmə və yaşıllaşdırma aksiyası Babək rayonunda da mütəşəkkilliklə aparılır. 
    Ötən günlərdə rayonun Cəhri və Didivar bələdiyyələrinin təşəbbüsü ilə həmin yaşayış məntəqələrində bələdiyyə bağları salınıb. Ağacəkmə aksiyalarında ictimaiyyət nümayəndələri fəallıq göstəriblər. Məlumat üçün deyək ki, yeni bağın salınması üçün Cəhri bələdiyyəsinin mülkiyyətindəki 1 hektarlıq ərazi əvvəlcədən şumlanıb, ting əkini üçün hazır vəziyyətə gətirilib. Ərazidə iqlim şəraitinə uyğun 650 badam tingi əkilib. Bundan başqa, Didivar kəndində də yeni bağın salınması üçün 0,5 hektarlıq ərazi əkinəyararlı hala salınıb və həmin sahəyə aksiya iştirakçıları 300 badam tingi əkiblər. 
    Qeyd edək ki, rayonun digər bələdiyyə torpaqlarında da belə bağların salınması planlaşdırılır. Bu cür bağların salınmasının əhəmiyyətli tərəflərindən biri də budur ki, gələcəkdə bağlardan toplanan, yüksək məhsuldarlıq və alıcılıq qabiliyyətinə malik meyvə və çərəz məhsullarını satışa çıxarmaqla bələdiyyələr öz maliyyə imkanlarını yaxşılaşdıracaq, qazanılan vəsaiti yaşayış məntəqələrinin abadlığına, təmizliyinə sərf edə biləcəklər.

Muxtar RZAZADƏ

Nəşr edilib : 17.11.2022 21:40