AZ EN RU

“Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilib

10 mart tarixdə muzey əməkdaşları üçün “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər” mövzusunda seminar-treninq keçirilib.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri G.Babayeva açmış və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin  baş fond mühafizi-elmi işçisi Z.Əliyeva “Bələdçi mətnlərinin hazırlanmasına verilən tələblər” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, mənəvi tərbiyəsinin düzgün istiqamətləndirilməsində muzeylərin  çox əhəmiyyətli rolu vardır. Bu  gün muzeylər yeniyetmə  və gənclərlə fəal iş apararaq onlarda əmək, əxlaq, vətənpərvərlik tərbiyəsinin formalaşmasında, Azərbaycan tarixinin əyani şəkildə öyrənilməsi işində böyük əhəmiyyət kəsb edir. Muzeylərin xalqın tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğ edilməsində, asudə vaxtımızın mənalı və dolğun keçməsində özünəməxsus rolu vardır.

Muzey ekspozisiyalarının yenilənməsi, yeni eksponatlarla zənginləşdirilməsi ilə yanaşı bələdçi mətnlərinin hazırlanması  işi də diqqət mərkəzində saxlanılmalıdır. Ekskursiya  ekspozisiyada  mövcud materiallar əsasında bir xalqın tarixi, mədəniyyəti, ədəbiyyatının  inkişaf yolu və s. haqqında müfəssəl sistemli şəkildə məlumat vermək deməkdir.

Vürğulanmışdır ki, muzey fəaliyyətə başladığı dövrdə bələdçi mətni muzeyin profilinə uyğun hazırlanmalı, ekspozisiya yenilənərkən yaxud da yeni eksponatlarla zənginləşdirilərkən həmin eksponatlar haqqında məlumatlar  bələdçi mətninə əlavə olunmalı və  həmin izahatlar  bələdçilər tərəfindən  mənimsənilərək tamaşaçıya çatdırılmalıdır. Bələdçi  mətnlərinə uyğun olaraq ekskursiyalar 3 mərhələyə bölünərək düzgün qurulmalıdır- giriş söhbəti, ekspozisiya ilə tanışlıq və yekun.     

    Ekskursiyalar tamaşaçıların tələbilə qısa və geniş aparılır. İzahatçı bələdçi mətnini yaxşı bilməklə yanaşı, onu tamaşaçılara necə çatdırmağı da bacarmalı və yaxşı diksiyaya malik olmalıdır. Ekskursiyanı yüksək səviyyədə aparmaq üçün bələdçi tədqiqat mənbələri və bələdçi mətnindən başqa muzey materiallarını öyrənməli, muzey eksponatları ilə tanış olmalı və beləliklə də  tamaşaçıya yüksək səviyyədə  muzey xidməti göstərməlidir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb və muzeyin ekspozisiyasına baxış olub.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.03.2022 15:06