AZ EN RU

Bank şəbəkəsinin genişlənməsi muxtar respublika iqtisadiyyatına öz töhfəsini verəcək

    Müasir dövrdə banklar iqtisadi proseslərin əsas lokomativi sayılır. Sosial-iqtisadi həyatımızın mühüm bir hissəsinə çevrilən banklar, bu mənada, həm də sosial sabitliyin təminatçısı kimi çıxış edir. Geniş şəkildə götürsək,  bu gün istənilən ölkədə bazar münasibətlərinin formalaşması və inkişafında, investisiya cəlbediciliyində, əhalinin məşğulluğu kimi məsələlərin həllində, vətəndaşların sosial-iqtisadi məmnunluğunun təmin olunmasında bank sferası əhəmiyyətli rol oynayır. 

    Naxçıvan Muxtar Respublikasında da fəaliyyət göstərən bankların regionun inkişafında rolu ildən-ilə artır. Bankların muxtar respublikada real sektorun inkişafına təsiri daxili iqtisadiyyata yeni investisiyaların cəlb olunmasında, yerli xammala əsaslanan məhsul istehsalının həcminin artırılmasında, əhalinin artan istehlak tələbatının təmin olunmasında, pul-kredit və xidmət siyasətində innovasiyaların həcminin ildən-ilə genişlənməsində daha aydın görünür. Təsadüfi deyil ki, uzunmüddətli kredit qoyuluşlarının həcminin ilbəil artması kənd təsərrüfatı və sənaye məhsullarının istehsal həcminin artmasına da səbəb olur ki, bu da ümumi daxili məhsulun həcminin artmasında özünü göstərir. Məsələn, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin ötən ilin yekunlarına dair açıqladığı məlumatda qeyd olunur ki, muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən 1 yanvar 2022-ci il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 212 milyon 399 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 7 milyon 934 min manat, uzunmüddətli kredit qoyuluşu isə 204 milyon 465 min manat təşkil edib.
    Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayır. İqtisadiyyata yönəlik kredit qoyuluşları cari ildə də davam etdirilir. 2022-ci ilin birinci yarım ilinin yekunlarına nəzər salsaq, görərik ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin məlumatına görə, muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən 1 iyul 2022-ci il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 290  milyon 510 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 567 min manat, uzunmüddətli kredit qoyuluşu isə 275 milyon 943 min manat təşkil edib. Həmçinin bank sektoru tərəfindən  141 milyon  222 min manat kredit verilib ki, bunun da 12 milyon 145 min manatı qısamüddətli, 129 milyon 77 min manatı isə uzunmüddətli kreditlər olub. Verilmiş kreditlərin 8 milyon 861 min manatı kənd təsərrüfatı, 8 milyon 501 min manatı sənaye, 7 milyon 20 min manatı kommersiya, 4 milyon 767 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin, 112 milyon 73 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin payına düşüb. İlin ilk         7 ayında isə verilmiş kreditlərin həcmi böyüyərək 13 milyon 650 min 100 manat və yaxud 8,3 faiz qısamüddətli, 151 milyon 415 min 400 manat və yaxud 91,7 faiz uzunmüddətli olub. Bu dövrdə ümumi kreditlərin 28 milyon 64 min 600 manatı sahibkarlıq subyektlərinə verilib ki, bunun da 11 milyon 84 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 980 min 100 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.
    Bütün bunlarla bərabər, aktivlərinin həcminə görə ölkənin aparıcı 5 bankından biri olan “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhərində yeni filialının bu ilin iyun ayında fəaliyyətə başlaması muxtar respublikada sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, real sektorun, xüsusən də kənd təsərrüfatının inkişafına, eləcə də vətəndaşların maliyyə imkanlarına əlçatanlığının təmin olunmasına müsbət təsir göstərməkdədir. Həmçinin AccessBankın yaradılmasının 20-ci ildönümündə sayca 30-cu filialının Naxçıvanda açılması regionda yeni maliyyə imkanları şəbəkəsinin genişləndirməsi məqsədi daşıyır. Qeyd edək ki, ölkənin mikromaliyyələşdirmə lideri olan bankın Naxçıvanda filial açması yerli iş mühiti və biznes üçün, xüsusən də mikro və aqro sahələrin inkişaf etdirilməsinə öz töhfəsini verəcək. Həmçinin vurğulamaq lazımdır ki, muxtar respublikada bank şəbəkəsinin genişlənməsi banklarda rəqabət qabiliyyətinin artırılmasına, sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxış imkanlarının əlverişliliyinə, bu isə, öz növbəsində, bankların region iqtisadiyyatının inkişafına öz təsirini göstərəcəkdir.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 20.12.2022 19:08