AZ EN RU

Bal ətirli əllərin, səxavətli ellərin bəhrəsi...

    Muxtar respublikamızın timsalında qədim tarixi ənənələrə söykənən arıçılığın müasir inkişafını xarakterizə etdikdə Ali Məclis Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, xüsusilə diqqəti çəkir. Belə ki, Dövlət proqramının icra müddətində bu sahə ilə məşğul olan təsərrüfatlara maddi dəstək, eləcə də subsidiyaların verilməsi, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin fəaliyyətinin düzgün qurulması, mövcud arı cinslərinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün arıçılara lazımi köməklik göstərilməsi, bu sahəyə elmi cəhətdən yanaşılması, istiqamətverici nəşrlərin hazırlanması arıçılığa marağı xeyli artırıb. Bütün bunlarla yanaşı, istehsal olunan arıçılıq məhsullarının qablaşdırılması, tanıdılması üçün münbit şəraitin yaradılması, Naxçıvan şəhərində ənənəvi yarmarka və festivalların keçirilməsi də təsərrüfatçıların fəaliyyətini stimullaşdırmaqla müsbət irəliləyişlərə yol açıb. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda 5 min 43 təsərrüfatda 100 min 86 arı ailəsi bəslənilir.

     Cari ildə də muxtar respublikamızın bu təbii sərvətinin təbliği, təşviqi istiqamətində işlər uğurla həyata keçirilir. Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-dən etibarən Bakı şəhərində keçirilən ənənəvi arıçılıq məhsullarının 22-ci respublika sərgi-satış yarmarkasını da xüsusi qeyd etmək lazımdır. Belə ki, oktyabrın 20-dək davam edəcək yarmarkada arıçılarımız tərəfindən dadı, ətri və özəllikləri ilə seçilən 230 kiloqram Naxçıvan balı, həmçinin arı südü, mum, vərəmum, çiçək tozu və digər arıçılıq məhsulları nümayiş etdirilir. Eyni zamanda ilk dəfə olaraq muxtar respublikada istehsal edilən arı yemi də sərgi-satış yarmarkasına çıxarılıb. Bu gün və sabah isə qədim, möhtəşəm görünüşlü Naxçıvanqalanın hər qarışı yenə əməksevər naxçıvanlıların alın tərinin bəhrələri, bir-birindən dadlı-tamlı, mənbəyi səfalı guşələrimizin gülü-çiçəyi, şəfalı otları olan arıçılıq məhsulları ilə bəzənəcək. Növbəti “Arıçılıq məhsulları-bal festivalı”na 324 təsərrüfatçı tərəfindən 16 ton 187 kiloqram süzmə bal, 3 ton 666 kiloqram şan bal və digər arıçılıq məhsulları çıxarılacaq. Biz də “Şərq qapısı” qəzetinin əməkdaşları olaraq ənənəmizə uyğun şəkildə bu dəfə də festival öncəsi arıçılığın inkişafı haqqında söhbət açmağa, nümunəvi fəaliyyəti ilə seçilən təsərrüfat adamları barədə oxucularımıza məlumat verməyə çalışacağıq...

     Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da arıçılığın inkişafına xüsusi diqqət yetirilir. Məlumat üçün bildirək ki, hazırda bölgədə 12 min 978 arı ailəsi saxlanılır. Ötən il rayonda 192 ton bal istehsal olunub. Rayonun bir sıra yaşayış məntəqələrində, əsasən, Günnüt, Mahmudkənd, Yuxarı Yaycı, Aşağı Yaycı, Axura kəndlərində bu gün keyfiyyətli bal əldə edilir. Həm zəngin bitki örtüyü, həm də təbii şərait Günnüt kəndində də arıçılıq üçün geniş imkanlar açır. Dağlar əhatəsində yerləşən Günnütdə təmiz dağ havası, güllü-çiçəkli yerlər, eyni zamanda ata-babadan qalan ənənələrin uğurla davam etdirilməsi öz bəhrəsini verir.  Bu ənənəyə sadiq qalan təsərrüfatçılardan biri də Fikrət Məmmədovdur. O, 25 ildən artıqdır ki, arıçılıqla məşğul olur. İllər uzunu qazandığı təcrübə öz səmərəsini verir. Təcrübəli arıçı çəkdiyi zəhmətin müqabilində yaxşı qazanc əldə etdiyini söyləyir. Balın satışı üçün yaradılan şərait, arıçılıq əczaxanalarının fəaliyyət göstərməsi barədə də söhbət açan müsahibimiz deyir:  – Əvvəllər arıçılıqda istifadə edilən dərmanları qonşu ölkələrdən min bir çətinliklə əldə edirdik, lakin bu gün muxtar respublikamızda yaradılan şərait bu sahənin inkişafına güclü təkan verməklə keyfiyyətli məhsul istehsalına, arı ailələrinin sayının artmasına səbəb olub.

    Əvvəllər 20 arı ailəsilə dolanışığını təmin edən, bu gün onların sayını 103-ə qədər artıran arıçı söhbətinə belə davam edir: – Son illərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan “Arıçılıq məhsulları-bal festivalı”nda da iştirak edirəm. Biz arıçılar üçün yaradılan belə şərait mənim kimi bir çox arıçının bazara rahat çıxış imkanı qazanmasına səbəb olub. Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları da tez-tez yerlərdə olur, arıçılıqla məşğul olan sahibkarları maarifləndirirlər. Hər bir arıçı dövlət qayğısını yaxından hiss edir.  
    Babək rayonunun Gərməçataq kənd sakini Mətləb Quliyev bölgənin tanınmış arıçılarındandır. Bu sahədəki fəaliyyəti barədə söhbət açaraq deyir: – Artıq 32 ildir, arıçılıqla  məşğul oluram. Bir  neçə ildir, Naxçıvanda keçirilən “Arıçılıq məhsulları-bal festivalı”nda iştirak edirəm. Təsərrüfat sahəsində illərdir, fəaliyyət göstərərək dədə-babadan qalan bu qədim peşəni yaşatmağa çalışıram. İnanıram ki, övladlarım da  bu sahədə özlərini doğrulda biləcəklər. Yeri gəlmişkən qeyd edim ki, hazırda mənim bu sahədə ən böyük dəstəkçim ailəmdir. 
    Müsahibimiz bildirir ki, arıçılıq təsərrüfatı zəhmətkeşlik tələb etsə də, məhsul hazırlandıqdan sonra bütün əziyyətlərin bəhrəsini görmək insanı xoşbəxt edir. Arıçılara verilən pulsuz dərmanlar, eləcə də ənənə halını alan festivallar fəaliyyətimizə böyük stimul verməklə onları daha da əzmlə çalışmağa sövq edir. Mətləb Quliyevin dediklərindən: – Hazırda təsərrüfatımda 60 arı ailəsi var və il ərzində 250-300 kiloqrama qədər bal istehsal edirəm. Festivala da ciddi hazırlaşmışam, 120 kiloqrama qədər bal, vərəmum, arı mumu kimi arıçılıq məhsulları çıxaracağam. Gələcəkdə yaradılmış imkanlardan maksimum istifadə edərək təsərrüfatımızı daha da genişləndirməyi qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, muxtar respublikamızda bu qədim təsərrüfat sahəsinin inkişafı istiqamətində atılan addımlar Babək rayonunda da arıçılığın daha da geniş vüsət almasına imkan verəcək. Fürsətdən istifadə edib rayonun bu sahə üzrə təsərrüfatçıları adından dövlətimizə minnətdarlıq edirəm. 
    Digər bir arıçı Şahbuz rayonunun Kolanı kəndində bu sahə ilə məşğul olan ailə təsərrüfatçısı Əli Səfərovdur. Müsahibimizin söhbəti : – Əlverişli iqlimə, zəngin bitki örtüyünə malik muxtar respublikamızda iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını hər addımda müşahidə edirik. Gözəl təbiəti olan Şahbuzda da arıçılıqla məşğul olan ailə təsərrüfatçılarının sayı kifayət qədərdir.

    63 yaşım var, 1976-cı ildən arıçılıqla məşğulam, uzun illərdir, dədə-babadan qalan bu peşəni davam etdirirəm. Övladlarım da bu peşənin ardınca gedir. Hazırda, ümumilikdə, 300-dən çox arı ailəsinə qulluq edirik. İlin müxtəlif vaxtlarında, xüsusilə də yaz-yay aylarında arı ailələrini Batabat yaylağına, Zorbulaq ətrafına aparırıq. Arı ailələrinə vaxtlı-vaxtında göstərdiyimiz düzgün qulluq, eləcə də bu yerlərin təbiətinin gözəlliyi əldə etdiyimiz məhsulun keyfiyyətli olmasının əsas səbəbidir. Təbiətin möcüzəsi hesab etdiyimiz arının adı gələndə əvvəlcə bal yada düşür. Ancaq arı bir çox məhsullar istehsal edir ki, onlar sağlamlığımızın qorunmasında ən yaxşı vasitələrdir. Balla yanaşı, mum, vərəmum, arı südü, polen  əldə etdiyim belə məhsullardandır. 
    Naxçıvan şəhərində təşkil edilən “Arıçılıq məhsulları-bal festivalı” nda mütəmadi olaraq iştirak edən müsahibimiz deyir: – Dövlətimizin dəstəyi arıçılıq sahəsini inkişaf etdirməkdə, genişləndirməkdə böyük  rol oynayır. Mənim kimi digər arıçılar da arı xəstəliklərinə qarşı müxtəlif dərman preparatları ilə pulsuz təmin olunur, bizə hər arı ailəsinə görə  subsidiya ödənilir, istehsal etdiyimiz məhsulları  əlverişli qiymətə sata bilirik. Bundan sonra da arı ailələrinin sayını artırmağa, istehsal etdiyim arıçılıq məhsullarının həcmini genişləndirməyə çalışacağam. 
    Atalarımızdan belə bir deyim var ki, kim uzun və sağlam həyat sürmək istəyirsə, gərək süfrəsindən balı əskik etməsin. Həmsöhbət olduğumuz arıçıların fikirləri də belə deməyə əsas verir ki, bu gün qədim diyarımızın hər bir bölgəsində dövlətimizin yaratdığı gözəl şəraitdən yararlanan əməksevər insanlar bu təbii, əvəzolunmaz nemətin çoxaldılması üçün təsərrüfatlar yaradaraq həm öz sağlam həyatlarını təmin edir, həm də yurdumuzun inkişafına töhfələr verməyə çalışırlar. Əminik ki, bu gün və sabah keçiriləcək növbəti “Arıçılıq məhsulları-bal festivalı”da özünəməxsusluğu ilə seçiləcək, Naxçıvanın təbii məhsulunun təbliği, təşviqi, arıçıların fədakar əməyinin stimullaşdırılması işində önəmli rol oynayacaq...

Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ
Gülcamal TAHİROVA
Bülbül QULİYEVA

Nəşr edilib : 14.10.2022 19:56