AZ EN RU

Baharı yeni mənzildə, yeni avtomobillə qarşıladılar...

Şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarına həssas münasibətin, qayğının növbəti nümunəsi

    Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müdrik dövlət siyasətinə sarsılmaz sədaqət  ölkəmizin, o cümlədən də muxtar respublikamızın timsalında şəhid ailələri, qazi və müharibə iştirakçılarına göstərilən ehtiramda, qayğıda, həssas münasibətdə özünü ən yüksək səviyyədə göstərir. Cəmiyyətimizin bu həssas kateqoriyadan olan insanlarının sosial, tibbi problemlərinin həll olunması, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətindəki layihələr 2022-ci ildə də uğurla reallaşdırılır. Cari il martın 15-də şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarına ehtiramın, qayğının, diqqətin növbəti nümunəsini gördük. Belə ki, İlaxır çərşənbə günü Naxçıvanda 10 şəhid ailəsinə və qaziyə mənzillər, 10 Vətən müharibəsi iştirakçısına isə avtomobillər təqdim edildi.

    Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın xoşbəxt gələcəyi Azərbaycan vətəndaşlarının Vətənə olan sevgisi, vətənpərvərliyi və millətimizin qüdrəti ilə bağlıdır” fikirlərini xatırladaraq dediyi “İkinci Qarabağ müharibəsində lider-xalq birliyi və igid oğullarımızın qəhrəmanlığı xalqımıza böyük Zəfər qazandırdı. Bu gün Azərbaycanda şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Xalqımızın birlik və vətənpərvərliyinin ifadəsi olan Novruz bayramı ərəfəsində muxtar respublikada şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillərlə təmin olunması da bu tədbirlərin davamıdır” sözləri də müqəddəs amala, siyasi xəttə sadiqliyi, dövlətin sağlam əqidəli vətəndaşına qarşı xüsusi diqqətini, Vətən naminə fədakarlığı, vətənpərvərlik nümunəsini bir daha nümayiş etdirdi. Vətən müharibəsindən ötən qısa dövrdə görülən işlərə nəzər salanda da muxtar respublikada bu sahəyə diqqət və qayğının, cəmiyyətimizin aparıcı qüvvəsinə münasibətin necə həssas olduğu, xüsusi önəm daşıdığı tam mənada öz təsdiqini tapır: İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin mənzil və avtomobillərlə təminatı ötən dövrdə diqqətdə saxlanılıb, 38 şəhid ailəsi mənzillə, 38 qazi avtomobillə təmin olunub. Həmçinin Vətən müharibəsi qazilərindən 56-sı üçün sağlamlıq imkanlarının məhdudlaşması ilə bağlı təyinat aparılıb, 75 ailə özünüməşğulluq proqramına cəlb edilib. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan artıq şəxsə xidmət göstərilib. Müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublikadan kənarda müalicə və müayinəsinə köməklik edilib, 19 nəfərin kredit borcları ödənilib, 32 ailənin məişət şəraiti yaxşılaşdırılıb, 1 şəhid ailəsi üzvünün təhsil xərcləri qarşılanıb və bu sahədə digər tədbirlər həyata keçirilib. Baharı yeni mənzillərində, yeni avtomobillərlə qarşılayan şəxslərdən bir neçəsi ilə həmsöhbət olub, Vətən müharibəsində keçdikləri döyüş yolu, eləcə də müharibədən sonra sosial məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. 
    Yeni mənzillə təmin olunanlardan biri 1993-cü il mayın 9-da Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açan Azərbaycan Ordusunun şəhid baş leytenantı Zülfü Rzayevin ailəsidir. Həyat yoldaşı Gülnar Rzayeva igid eloğlumuzun 27 illik şərəfli ömür yoluna nəzər salır, onunla bağlı xatirələrini bölüşür: – Yeniyetməlik yaşlarından hərb sənətinə böyük marağı Zülfünün 2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseydən yolunu salmağına vəsilə olur. Daha sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirir və 2015-ci ildə kəşfiyyatçı kimi ön xəttə xidmətə başlayır. 2016-cı ildə düşmənin törətdiyi təxribata qarşı həyata keçirilən əməliyyatlarda fəal iştirak edir, Lələtəpə yüksəkliyinin azad olunmasında şücaət, igidlik göstərir. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda əsgərləri ilə birgə illərdir, Vətənin keşiyində mətinliklə dayanan, bu məqamı səbirsizliklə gözləyən Zülfü də üçrəngli Dövlət Bayrağımızın əzəli torpaqlarımızda əbədi dalğalanması naminə döyüşlərə atılır. Səhər saatlarında başlayan müharibədə ilk 7 kəndin alınmasında böyük cəsurluq nümayiş etdirir, yaralansa belə, geriyə addım atmır, son anadək qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalır... 2018-ci ildə ailə həyatı qurmuşduq, çox ailəcanlı, qədirbilən insan idi yoldaşım. Əsgərlərinin, zabit yoldaşlarının da dilindən heç düşmür Zülfünün adı, müharibədən sonra da nümunəvi xidməti, qayğıkeş münasibəti barədə ağızdolusu xoş sözlər eşidirəm. Yoldaşımın da qismətində hər kəsə nəsib olmayan Vətən yolunda canını fəda etmək kimi şərəfli alın yazısı varmış. Qəhrəman xanımı olmaq böyük fəxrdir; bu adı daim uca, əziz tutmağa çalışacağam.
    Ömür-gün yoldaşının oktyabrın 2-də Naxçıvana şəhid kimi ilk gələnlərdən olduğunu dərin kədər və eyni zamanda qürurla xatırlayan Gülnar xanım şəhid ailələrinə göstərilən dövlət qayğısından minnətdarlıqla söhbət açır: “Ali Məclis Sədrinin qarşılanma mərasimində iştirakı, ailəmizlə yaxından maraqlanması, yas mərasiminin yüksək səviyyədə təşkili böyük köməklik, arxa-dayaq oldu bizə. Həyat yoldaşımın şəhadətə yetməsindən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasından da hədsiz qürur hissi keçirdik. Baharın gəlişi ərəfəsində, martın 15-də Şahbuz şəhərindəki binadan mənzillə təmin edilməyim isə Vətən yolunda canından keçən qəhrəmanıma, onun ailəsinə verilən növbəti böyük dəyər oldu. Həmin gün Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunan şəhid ailələri və qaziləri qəbul etdi, bir zamanlar təhsildə uğur qazanmış gənc tələbə, həmin gün isə şəhidin həyat yoldaşı kimi muxtar respublika rəhbərinin görüşünə getdim, ürəyimdən keçən minnətdarlıq hisslərini ifadə etdim. Bu görüş nə qədər kədərli olsa da, bir o qədər də fəxrli və qürurlu idi mənimçün. Bütün şəhid ailələri adından dövlətimizə minnətdarlıq edirəm”. 
    Digər bir həmsöhbətimiz Novruz bayramı ərəfəsində mənzillə təmin olunan qazi Cəlal Ağazadədir. 1990-cı il iyunun 1-də Culfa şəhərində dünyaya göz açan qəhrəman eloğlumuz 2007-ci ildə Culfa şəhər 2 nömrəli tam orta məktəbi müvəffəqiyyətlə bitirərək hərb sənətinə könül verir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı adını qazanır. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ixtisasartırma kursu keçdikdən sonra leytenant rütbəsi alaraq motoatıcı bölüyün taqım komandiri kimi Qazax rayonunda yerləşən “N” hərbi hissəyə yollanır. Qısa zamanda bacarıqlı, nizam-intizamlı şəxsi heyət formalaşdıran Cəlal özü də təlimlərdə iştirak edir, qüsursuz xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95, 100 illik yubileyləri münasibətilə təsis edilən, eləcə də “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunan igid qəhrəmanımız müharibə başlayanda artıq kapitan rütbəsi ilə bölük komandiri kimi xidmətdəydi. 2020-ci il sentyabrın 27-dən Murovdağ, Goranboyun Gülüstan, Tərtərin Talış kəndi, Suqovuşan istiqamətlərində aparılan döyüş əməliyyatlarına qatılan Cəlal deyir: – İllərdir, həsrətlə gözlədiyimiz an yetişmişdi, nəhayət. Əsgərlərimlə birgə ilk saatlardan müharibəyə atıldıq, qısa zamanda bir sıra yaşayış məntəqələrimizin düşmən tapdağından azad edilməsində payımız oldu. Oktyabrın 6-sı isə mənimçün son döyüş idi. Həmin gün ağır yaralandığım üçün müharibədə mübarizəni dayandırmağa məcbur qalsam da, ordumuzun qələbəsi, şəhid olan yoldaşlarımın qisasının alınmasını eşidəndə ürəyimə rahatlıq gəldi. Müharibə dövründəki kiçik xidmətim dövlətimiz tərəfindən böyük qiymətləndirildi, Ali Baş Komandanın müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olundum. Ailəliyəm, iki azyaşlı övladım var. Onların gələcəkdə vətənpərvər gənclər kimi yetişməsində nümunə olduğum üçün bir valideyn kimi fəxr hissi duyuram. Həm də ona görə qürurluyam ki, dövlətimizin qayğısı üzərimdədir, ötən dövrdə bir neçə dəfə əməliyyat keçirmişəm, bütün xərclərim qarşılanıb. Bu Novruz bayramı ailəmiz üçün olduqca əlamətdar keçdi, martın 15-də Culfa şəhərindəki binadan 3 otaqlı mənzillə təmin olunduq. Bütün qazilər, Vətən müharibəsi iştirakçıları adından göstərilən yüksək diqqətə, qayğıya görə dövlətimizə minnətdarlıq edirəm. 
    Baharın gəlişini yeni avtomobillə qeyd edən qazimiz Toğrul Məmmədov da Vətən müharibəsində düşmən üzərində qazanılan Böyük Qələbədə payı olduğu üçün özünü xoşbəxt hesab edir. 1998-ci il sentyabrın 17-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açan qəhrəmanımız deyir: Orta məktəb illərində müəllimlərimdən, böyüklərdən eşitdiyim, televiziyadan izlədiyim Birinci Qarabağ müharibəsi zamanı düşmənə ciddi müqavimət göstərən, tankın, topun qarşısına əliyalın halda yeriyən oğullarımızın qəhrəmanlıqları hərb sənətini həyat amalı kimi seçməyimizə sövq etdi məni və qardaşımı. Bütün həmyaşıdlarım kimi mən də bu şərəfli sahə üzrə püxtələşmək, zabit kimi yetişmək üçün ilk olaraq Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmalı idim. Səylə çalışaraq 2012-ci ildə bu arzuma çatdım. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq hərbin sirlərinə dərindən yiyələnməyə müvəffəq oldum. 2019-cu ildə leytenant rütbəsi ilə mexanikləşdirilmiş motoatıcı bölüyün taqım komandiri kimi Yevlax rayonundakı “N” hərbi hissəyə xidmətə yollandım. Qısa zamanda keçirilən bir sıra təkmilləşdirici təlimlərdə iştirak edib döyüş bacarıqlarına yiyələndim.

    2020-ci il sentyabrın 27-dən etibarən qısa zamanda bir sıra həlledici döyüş əməliyyatlarında iştirak edən igidimizin Suqovuşanı, Talış yüksəkliyini azad edənlər arasında rəhbərlik etdiyi bölük də olub. Sen­tyabrın 29-da ağır yaralandığı üçün döyüşü dayandırmağa məcbur qalan həmyerlimizin bütün tibbi əməliyyatları dövlətimiz tərəfindən təmin edilib. Döyüşdə göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Toğrulun da ən böyük arzusu ona hədiyyə edilən avtomobillə muxtar respublikanı ölkəmizlə birləşdirəcək yolla işğaldan azad olunan torpaqlara üz tutmaqdır. Göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirən Vətən oğlunun ali niyyətlərinin, mübarək arzularının çin olmasını diləyirik...

    Böyük vətəndaş şairimiz Məmməd Araz deyirdi ki, bu gün gərək hər anımız Vətən desin! İkinci Qarabağ müharibəsində döyüşlərə atılan igidlərimizin də hər anı Vətən deməklə, bizi böyük Zəfərə, tarixi misilsiz Qələbəyə apardı. Həmin oğulların göstərdiyi şücaətlər qədər onlar üçün yaradılan şərait, göstərilən diqqət və qayğı da əsl vətənpərvərlik dərsi, Vətənə sədaqət nümunəsidir. Qısa zamanda bu istiqamətdə görülən işlər də belə deməyə əsas verir ki, hər sahədə olduğu kimi, şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçıları da muxtar diyarımızda nümunə səviyyəsindədir...

Nail ƏSGƏROV

Nəşr edilib : 31.03.2022 19:57